Türkiyə Suriya xalqını sülh yolu ilə keçid prosesinə nail olmaq səylərində dəstəkləyir. Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Qahirədə D-8 (İslam Səkkizliyi) sammitindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Məlumatı “Anadolu” verib.
Dövlət başçısı ümidvar olduğunu bildirib ki, “qarşıdakı dövrdə yerlərdə baş verəcək hadisələr” suriyalı qaçqınların öz vətənlərinə könüllü qayıtmasını təmin edəcək: “Qardaş Suriya xalqı gələcəyi ilə bağlı öz qərarlarını verəcək. Türkiyə dövlət quruluşu ilə suriyalılara kömək etməyə çalışacaq”.
Türkiyə prezidenti İsrailin Suriya ərazilərini işğal etməsinin qəbuledilməzliyini vurğulayıb. O, “İsraili dayandırmaqda böyük məsuliyyət daşıyan” ABŞ və Qərb ölkələrini açıq-aşkar bəyanat verməyə çağırıb. Prezident BMT Təhlükəsizlik Şurasının 1967-ci il tarixli 242 saylı qətnaməsini xatırladıb, bu qətnamədə İsrailin Qolan təpələrini işğal etməsini pislənir və İsrail qoşunlarının oradan çıxarılması tələb edilir.
Dövlət başçısı beynəlxalq ictimaiyyətin Qəzza zolağında, Livanda və Suriyada İsrailin qanun pozuntularına qarşı dura bilməməsindən təəssüfləndiyini bildirib. Eyni zamanda o, Türkiyənin İsrailin qeyri-qanuni hərəkətlərini dayandırmaq üçün səylərini davam etdirəcəyini vurğulayıb: “Biz bütün platformalarda İsraili küncə sıxışdırmağa və onu qanuna uyğun hərəkət məcbur etməyə davam edəcəyik”.
P.ƏMİRCANOV
XQ