AYİB ölkəmizin etibarlı maliyyə tərəfdaşıdır

post-img

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın ən böyük institusional investoru və uzunmüddətli tərəfdaşıdır. Ötən 30 ildən artıq bir dövr ərzində bank ölkəmizdə mühüm, strateji və uzunmüddətli layihələrin maliyyələşdirilməsində yaxından iştirak edib. 

AYİB-nin ölkəmizdəki daimi nümayəndəliyinin rəhbəri Natali Mouravidze yerli mətbuata açıqlamasında bildirib ki, təmsil etdiyi qurum indiyədək Azərbaycanda 194 layihəyə 4 milyard avrodan çox sərmayə qoyub. Onun sözlərinə görə, bank bu illər ərzində Azərbaycanda investisiya, texniki əməkdaşlıq və islahatlar vasitəsilə iqtisadiyyatın şaxələndirilməsini dəstəkləyib. 

Qurum rəsmisi deyib ki, yerli bizneslərin kreditləşdirilməsi və ticarətin dəstəklənməsi üçün bank “AccessBank”, “Bank Respublika” və Azərbaycan Beynəlxalq Bankını maliyyələşdirib: “Biz “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti ilə 42 milyon dollar məbləğində kredit sazişi imzalayaraq Azərbaycanın nəqliyyat potensialının artırılmasına öz töhfəmizi vermişik. Son üç il ərzində bizim bərpaolunan enerjiyə məcmu investisiyalarımız 1,2 giqavatı ötüb ki, bu da Azərbaycanın mövcud bərpaolunan enerji potensialının təxminən yarısını təşkil edir. Xüsusilə, ən böyük nailiyyət bu il Qafqazın ən böyük günəş enerjisi obyekti olan Biləsuvar və Neftçalada 760 meqavatlıq “yaşıl” enerjiyə dair müqavilənin imzalanması oldu”.

İqtisadiyyat