Azərbaycanın Qazaxıstandakı səfirliyində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar mərasim keçirilib.
İlk öncə ulu öndərin səfirlikdəki büstü önünə gül dəstələri düzülüb, Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında məlumat verib.
Səfir deyib:“Ən böyük gücü qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, mahir diplomat kimi həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, dövlətin həyatında əvəzedilməz rola malikdir. Belə olmasaydı, böyük şəxsiyyət olan Heydər Əliyev Azərbaycan müstəqilliyini itirmək, daxildən parçalanmaq təhlükəsi yaşayanda onu siyasi böhrandan, xarici təhlükələrdən xilas edə bilməzdi. Heydər Əliyev Azərbaycanın başı üzərindəki qara buludları dağıtdı”.
Səfir 2023-cü il Azərbaycanda keçirilən “Heydər Əliyev İli” çərçivəsində Qazaxıstanda baş tutan bir sıra tədbirlər haqqında söhbət açıb.
Səfir bildirib ki, Astananın mərkəzi küçələrindən birinə Heydər Əliyevin adı verilib, onun haqqında Qazaxıstan TV televiziya kanalı sənədli film hazırlayıb, “Qazpoçt” tərəfindən poçt markası buraxılıb.
Sonra çıxış edənlər bildiriblər ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Bunun bariz nümunəsi isə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdir.
Tədbirdə səfirliyin əməkdaşları və Qazaxıstanda yaşayan soydaşlarımız iştirak edib.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Astana