Lakin Rusiya onun şıltaqlıqlarını şeirlərindən heç də az sevmirdi!
XX əsrin əvvəllərindəki rus poeziyasında Sergey Yesenindən daha populyar və qalmaqallı bir insan tapmaq mümkün deyil. Əyalətdən paytaxta az qala kiçik bir dağarcıqla gələn, “yüksək cəmiyyət”in, hətta imperator ailəsinin hörmətini qazanan “kənd şairi” inqilabdan sonra davakar və barlardan yığışmayan eyş-işrət adamı kimi tanındı. Bütün Rusiya onun şeirlərini əzbərdən bilir və sevirdi, hətta bu gün də, şairin ölümündən təxminən 1 əsr sonra belə, bu poetik nümunələr insanların dilindən düşmür.
Bu günlərdə “Lenta.ru” saytında “Görkəmli adamların həyatı” seriyasından Yeseninin taleyinin diqqət çəkən məqamları ilə bağlı Yevgeni Şulginin çox maraqlı bir materialını oxudum və mətni qısa ixtisarlarla qəzetimizin oxucularına təqdim edirəm.
...1919-cu il mayın 28-də səhər Moskvanın mərkəzində sanki fırtına qopmuşdu. O vaxta qədər ləğv edilmiş, lakin yüzlərlə rahibə üçün sığınacaq kimi xidmətini davam etdirən “Müqəddəs” monastırının qarşısındakı meydanda insan əlindən tərpənmək mümkün deyildi. Milislər nəqliyyatın hərəkətini əngəlləyən izdihamı dağıtmağa çalışırdılar. Əllərində sabunlu hamam lifləri olan rahibələr monastırın tünd çəhrayı divarında ağ rənglə yazılmış yazını əsəbi halda silməyə çalışırdılar:
Budur o kök baldırlılar
O, ədəbsiz divarın arxasındadır.
Gecələr burada o rahibələr
Məsihin şalvarını soyundururlar
Bu 4 misralıq şeir sabunlu liflərə təslim olmur və divardan qopub düşmək istəmirdi. Rahibələr sonra bu sətirləri baltalarla qoparmağa çalışdılar, amma boya kərpicin canına hopmuşdu. Kütlə ağız-ağıza verib divardan qırmızı fənərlər asmağı təklif edirdi. Yalnız atlı milislərin gəlişi ilə meydandakılar dağılışmağa başladılar...
Bir qapalı şeir gecəsində dostları Yesenindən soruşdular: “Bu, nəyə lazım idi?” Şair təbəssümlə cavab verdi: “İl hansı il idi? Monastırlar əksinqilaba tərəf keçirdilər. Əlbəttə, mən dəcəllik etdim. Ancaq ehtiraslı monastır sakitləşdi...”
Yesenin XX əsrin əvvəllərindəki poetik Rusiyanın əsas davakarı, ulduzu və sirridir. Onun şəxsiyyəti miflərlə pərdələnib. Bəzilərini o, çox diqqətlə özü yaradıb, digərləri isə onun iştirakı olmadan peyda olub. Axı Yeseninin həyatı bir məşhurun həyatı idi, şairi bütün ölkə tanıyırdı. Kütlə onun hər addımını izləyirdi.
Küçələrin adlarının kütləvi surətdə saysız-hesabsız marksist və kommunistlərin adlarına dəyişdiriləndə, Yesenin və onunla həmfikir olan şairlər bundan yararlanıb paytaxtın mərkəzində “Kusikova küçəsi”, “Yesenin küçəsi”, “Marienhof küçəsi”, “Şerşeneviç küçəsi” kimi lövhələr asaraq öz adlarını əbədiləşdirmək fikrinə düşmüşdülər. Siyasi nümayişlərin sonsuz axınına qoşulmağa çalışan imajinistlər (təxayülçülər), Moskva boyu sənətçilərin “ümumi səfərbərliyi” haqqında yayılan vərəqələrlə hakimiyyəti təşvişə salırdılar. Yesenin və “mədəni mitinqlər”in digər təşkilatçıları Moskva Fövqəladə Komissiyasına çağırıldılar və onları bu mitinqi tərk etməyə məcbur etdilər.
Monastırdakı aksiyadan bir neçə ay əvvəl isə Yesenin Şairlər İttifaqının klubunda “imajinistlər”in “bədii məhkəməsi”ndə peyda olmuşdu və orada elə alovlu çıxış etmişdi ki, şair tribunanı tərk edəndə zalı qəhqəhələr və alqışlar bürümüşdü.
Sonra o, şəxsən özü “imajinistlər”in ədəbiyyat üzərində “məhkəmə”sini qurdu və burada onun Vladimir Mayakovski ilə əfsanəvi polemikası baş verdi.
Lidiya Seyfullina yazır: “Şıq kostyumda arıq və çox da hündür olmayan Yesenin rəyasət heyətinin masasına atıldı. Uşaq kimi əsəbiləşmişdi, qeyzlə qalstukunu dartıb boğazından çıxardı, yüngülcə yağlanmış qızılı saçlarını barmaqları ilə geriyə darayıb gur, aydın, həm də güclü səslə, lakin Mayakovskidən fərqli tembrlə qışqırdı:
– Poeziyanı biz yox, siz öldürürsünüz! Siz şeir yox, aqitez (təbliğat şeirləri-müəllif) yazırsınız!
Mayakovski də qalın səslə cavab verdi:
– Siz də sərsəm misralar uydurursunuz...
Yesenin papaqsız, açıq boz rəngli kürkdə dayanmışdı, mavi gözləri od kimi yanırdı. O, sağa-sola yellənə-yellənə, hirslə, tərəddüd etmədən danışırdı:
– Baxın mənə, mən necə bir poeziya ulduzuyam...Amma mən heç bir bəzək-düzək vermədən deyirəm: Mayakovski nə qədər fırlanır-fırlansın, onun qəzet şeirlərinin ölüm saatı yaxındadır. “Aqitez”in taleyi belədir!
– Bəs sizin uydurmalarınızın taleyi necə olacaq? – deyə Mayakovski yerindən qışqırdı.
– Mənim madyanım ryazanlıdır, rusdur. Sizinsə şalvarınızda “buludlar”
(Mayakovskinin məşhur “Şalvarlı bulud” şeirinə eyham vurulur – müəllif) var! Bu, rus obrazıdırmı? Bu, Qərb modernistlərinin təqlididir...
Mayakovski ildırım kimi gurultulu səsi ilə etiraz etməyə başladı...”
Yesenin XX əsrin rus poeziyasının ən güclü qan damarı, arteriyası idi. Bununla belə, onun ictimai obrazı müasirlərinin dediklərindən son dərəcə fərqli idi.
Şairini rəsmi tərcümeyi-halı məktəb illərindən hər kəsə məlumdur. O, 1895-ci il oktyabrın 3-də Ryazan quberniyasının Konstantinovo kəndində anadan olub, “zemstvo” və “kilsə-prixod” məktəblərində oxuyub. Sonra Moskvada yaşayıb, mətbəədə işləyib, Moskva Şəhər Xalq Universitetinin tarix-fəlsəfi fakültəsində təhsil alıb. İlk şeirləri 1914-cü ildə uşaq jurnalında dərc olunub. 1 il sonra imperiyasının paytaxtı Petroqrada yollanıb və burada Aleksandr Blok onu ədəbi dünyaya təqdim edib.
Yesenin özü gəncliyi haqqında çox az yazıb, hətta özü haqqında hekayətləri bəzən köklü dəyişikliklərə məruz qoyub. Şair bütün ömrünü özünün şəxsiyyəti haqqında mif yaratmaqla keçirib. Ölümündən bir müddət əvvəl isə o, “daha xatirələr yazmayacağını” bəyan edib: “Qoy barəmdə əfsanələr dolaşsın!” Belə də oldu.
Yesenin o qədər məşhur idi ki, “Tsarskoye selo” Liseyində İmperator qarşısında çıxış etmişdi. Yeseninin şöhrətə gedən yolunu Birinci Dünya müharibəsi ləngitdi, onu orduya çağırdılar. Yüksək cəmiyyətdəki əlaqələrindən istifadə edərək Yesenin imperatriça Aleksandra Fedorovna adına “Tsarskoye Selo” hərbi-sanitariya qatarına təyinat aldı.
Yesenini imperator xanımının və qızlarının mərhəmət bacısı kimi xidmət etdiyi “Tsarskoye selo” xəstəxanasında ali kübar xanımlara şeirlər oxumağa başladı. Sonralar Yesenin tanışlarına Anastasiya Romanova ilə arxa pilləkəndə oturaraq ona necə şeir oxuduğunu, öpdüyünü və hətta xama yedizdirdiyini danışarmış...
Bu dəlilləri xatırlayarkən, Yeseninin “xalqın şairi” mifinə təsir edən başqa bir keyfiyyətini – onun zəngin poetik təxəyyüllə “birinin üstünə beşini qoyub uydurmaq həvəsi”ni xüsusi qeyd etmək lazımdır.
1917-ci ilin fevralından sonra şair Müvəqqəti Hökumətin ordusunda xidmət etməkdən yayınır. Ölkə siyasi böhran keçirərkən, o, Voloqda vilayətinin Kiriki-
Ulita kəndində Zinaida Reyx ilə nişanlanır. Buna qədər Yeseninin artıq bir arvadı var idi, həm də qeyri-rəsmi – 1913-cü ildə mətbəədə tanış olduğu Anna İzryadnova. Qeydiyyatsız nikahdan cütlüyün bir oğlu da olmuşdu.
Reyxlə evlilik də uzun sürmədi. Bir neçə ildən sonra Yesenin hamilə arvadını qucağında yaşyarımlıq qızı ilə tərk etdi. Və elə dərhal yeni bir ehtirasla, “imajistlər”ə qoşulan şairə və tərcüməçi Nadejda Volpinlə münasibətlərini yaxınlaşdırmağa başladı. Volpindən ayrılıq isə onun hamilə qaldığı zaman baş verdi. Şairə Yesenindən nikahdankənar bir oğul da dünyaya gətirdi.
Bundan sonra Yesenin diqqətini yenidən Reyxə çevirdi. Reyx uşaqlarını övladlığa götürən, onu teatrında aktrisa edən rejissor Vsevolod Meyerholdla tanış oldu və ona ərə gedib soyadını qəbul etdi (özünü Meyerhold-Reyx adlandırdı). Keçmiş həyat yoldaşının uğurundan təəccüblənən şair yenidən onunla görüşmək üçün məqam axtarmağa başladı. Həm də tez-tez və sərxoş halda. Teatr rəssamı Vasili Komardenkov xatırlayır ki, “imajistlər”in “Pegasus dayanacağı” kafesində Yesenin sərxoş olandan sonra gecədən xeyli keçmiş belə onu Meyerhold-Reyxin evinə sürükləyir, qapını döyür və uşaqları ona göstərməyi tələb edirdi.
Şayiələrə görə, inadkar şair Zinaidanı geri qaytarmaq istəyirmiş. Bu şıltaqlıq qismən baş tutur. Meyerholdun həyat yoldaşı onunla gizlincə görüşməyə başlayır. Ancaq o, faciəli və dəhşətli ölümünə qədər teatrın direktorundan rəsmi olaraq ayrılmır: Meyerhold təhlükəsizlik işçilərinin əli ilə həbs edilir, Reyx ərinin həbsindən dərhal sonra qəribə şəraitdə ölür.
Yesenin ən məşhur şeirlərindən biri olan “Qadına məktub”unu da məhz Zinaidaya həsr etmişdir:
Məni bağışlayın...
Bilirəm: siz o, deyilsiniz –
Siz yaşayın
ciddi, ağıllı ərinizlə;
Sizə xidmətim lazım deyil,
Heç mən özüm də sizə,
Zərrəcən lazım deyiləm.
Yeseninin həyatında qadınlar çox idi - illər sonra məzarının başında intihar edən Qalina Benislavskaya, Avropa və ABŞ-a birlikdə qastrol səfərinə getdiyi məşhur amerikalı balerina Aysedora Dunkan, Bakıda yaşayarkən “Şahanəm, mənim Şahanəm!” şeirini həsr etdiyi Şaqane Talyan, intihar etməzdən əvvəl tərk etdiyi, əvvəlcədən bank hesabından bütün pullarını çıxardığı Lev Tolstoyun nəvəsi Sofya.
Yesenin xanımların qəlbini fəth etməyi, həqiqətən, xoşlayırdı və xanımlar isə bütün ölkədə məşhur olan yaraşıqlı şairin onların qulluğunda durmasından məmnun qalırdılar.
Bununla belə, qohumlarının hekayələrinə görə, Yeseninin qadınlara münasibəti olduqca narsistik və infantil idi, saysız-hesabsız sevgi macəraları haqqında hekayətlər isə onun bədnam “arvadbaz” mifinin yaranmasını şərtləndirirdi.
(ardı var)
Çevirəni:
İlqar RÜSTƏMOV
XQ