İnsan ruhunu filmə gətirən rejissor

post-img

Müharibə böyüklərdən daha çox uşaqların həyatını yaralayır. Hardasa belə bir cümlə oxumuşdum: “Sülh zamanı oğullar atalarını, savaş zamanı isə atalar oğullarını torpağa gömür”.

“İvanın uşaqlığı” Tarkovskinin ilk tammetrajlı filmidir. Rejissor bu filmdə müharibənin gerçək üzünü mükəmməl şəkildə yaxalaya bilib. Bu film mənə Andrey Platonovun bir vaxtlar dilimizə çevirdiyim “Balaca əsgər” hekayəsini xatırladır. Motiv eynidir – əsgərlər balaca Seryojaya dəmir yol vağzalında rast gəlirlər və ona məsləhət görürlər ki, müharibəyə can atmasın, hələ özünü axtarıb tapmalıdır, böyüyəndən sonra cəbhəyə gedə bilər. Seryoja ilə İvanı birləşdirən cəhətlər çoxdur. Yüzlərlə Seryojaların, İvanların uşaqlığı müharibənin ağır tankları altında qalıb məhv olmuşdu. Tarkovski onların əlindən alınmış uşaqlığını lentə almışdı.

İvanın yuxuları müharibəsiz dünyanı əks etdirir. Tək qaldıqda gerçək savaşın içində savaş oyunu oynarkən keçmişinin simvollarıyla bütünləşdiyi anı yaşadığı epizod İvanın iç dünyasını açmaq baxımından olduqca möhtəşəm səhnədir. Əgər iki meyit sizə “xoş gəldiniz” deyirsə, 18 yaşına yenicə çatmış yeniyetmələr savaşa atılmaq məcburiyyətində qalırsa, uşaqlar intiqam almaq ehtirasıyla alışıb-yanırsa, ruhlar acılar içində qıvrılır. Təsirli səhnələrdən biri də almanların arvadını öldürdükləri qocanın divarları uçmuş evini nizama salmaq üçün uğursuz cəhdlər etməsi, divarsız evin qapısını örtməsi məqamıdır. Müharibə ocaqların sönməsi deməkdir, ocağın yanmağa davam etməsi insanların ümidlə yaşadığına işarədir.

Ağlını itirmiş bir dəlinin insanlığa mesaj ötürməsi detalı sonralar Tarkovskinin başqa bir filmində – “Nostalgiya”da istifadə olunur. A.Tarkovski insanın ruhuna toxunan rejissordur, buna görə onu kinonun şairi adlandırırlar. O, kameranı ruhun dərinliklərinə yönəltməyi bacarır, seyrçi ilə film arasında məsafə yaradır və tamaşaçının o məsafəni qət etməsi üçün bir az da intellektuallıq, fəhm tələb olunur. Tarkovskinin bəlkə də ən asan həzm olunan filmi elə “İvanın uşaqlığı”dır.

İvan valideynlərini itirib, kazarmadakı əsgərləri öz ailəsi hesab edir, tək qalanda xəyali savaş, intiqam səhnələri qurur. O, cüssəsiz bədəninə ağır gələn ruhu daşımaqda çətinlik çəkir.

Ölümün içində davam edən həyat, xatirələrdən sıyrılmış keçmiş, müharibənin vahiməsiylə çiliklənən uşaqlıq... At və almalar həyatı simvolizə edir. Bu filmdə müharibədən daha çox onun bir insanın taleyindəki məhvedici rolu qabardılıb. Tarkovski İvanın hekayəsinə yarımçıq qalmış sevgi süjetini də daxil edib. Leytenant Qaltsev və Maşanın duyğuları odun-alovun içində belə məhəbbətin və sabaha ümidin işartısı kimi təqdim edilir.

Müharibə öz ardınca dağıntılar, itkilər buraxır, savaş bitsə də, qələbə müharibənin çirkin simasını dəyişmək gücündə deyil. Müharibə bitir, əsgərlər dağıntılar içində güllələnənlərin şəxsi işlərinə rast gəlirlər. O qovluqların içində İvanın şəkli diqqəti çəkir. Onu da güllələyiblər...

Filmin sonunda rejissor yenə müharibəsiz dünyanı təsvir edir: dənizin sahili ilə bir qız uşağı qaçır, İvan da xoşbəxtcəsinə qızın ardınca qoşur. Tamaşaçı gözləyir ki, indicə İvan ona çatıb qızı tutacaq, amma belə olmur. İvan qızı ötüb keçir və irəliyə qaçmaqda davam edir. Qaçır, qaçır, qaçır, qaçır...

Tarkovskisayağı möhtəşəm sonluq. Bu film onun bəşəriyyətə ilk mesajı idi...

Sovet sisteminin qadağaları Andrey Tarkovskinin azad ruhunu buxovlaya bilmədi. O, hər zaman insanın ruhsal bir varlıq olduğuna inanırdı. “Sənət yaradıcı insanın aynadakı cilvəsidir. Mənəvi təməli olmayan heç bir şeyin sənətlə əlaqəsi yoxdur. Biz sənətçilər bu jesti təkrarlamaqdan başqa bir şey etmirik”. Əfsanəvi rejissor bu cür düşünürdü. “Ayna” filmi Tarkovskinin görüntüdəki həqiqətə ən çox yaxınlaşdığı filmidir. Burda da müharibənin acı nəfəsi var. Uşaqlıq, atasının gedişi, ana-oğul əlaqələri... Bu film estetik baxımdan bəlkə də Tarkovskinin ən uğurlu filmidir. Sanki, o, dünyaya məhz bu filmi çəkmək üçün gəlmişdi. Filmdə səslənən şeirlər rejissorun atası Arseni Tarkovskiyə aiddir. Sarsıdıcı görüntülərin ardından yüksələn bu şeirlər filmin sehrini bir az artırır. O şeirləri mənimsəmədən filmin tam olaraq anlaşıla biləcəyini düşünmürəm.

Hər şey dəyişirdi,
ləyən, sürahi kimi sıradan şeylər belə.
Aramıza uzanırkən durmadan axan su,
sürüklənib gedərdik, qarşımızda sərab
kimi duran möcüzə şəhərlərə.
Yolumuz nanələrlə döşənmiş olar,
quşlar yoldaşlıq edərdi bizə.
Balıqlar axına qarşı üzərdi,
göy üzü açılarkən önümüzdə.
Taleyimiz təqib edərdi bizi;
əli ülgüclü bir dəli kimi...

“Ayna” filminə baxarkən rejissorun bu fikirləri daha çox ağlımda səslənirdi: “İstənilən sənət növü kimi, kino da özünəməxsus poetik mənaya, özünəxas alın yazısına, fərdi taleyə sahibdir”. “Ayna”nın alın yazısı dünya kinosunun inciləri sırasında dayanmaq vardı... Bu filmi şərh etmək müşküldür. O qədər sadə və mürəkkəbdir ki... Yalnız belə demək olar: Andreyin uşaqlıq sarsıntılarının sənətdə dahiyanə ifadəsi... Hər sənətkar şəxsi taleyini sənət əsərinə çevirə bilmir axı. Tarkovski bunu bacarmış dahilərdən idi.

Kənan HACI,
yazıçı-publisist



Sosial həyat