Onkoloqların Qarabağ aksiyası

post-img

Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə oktyabrın son günlərində işğaldan azad edilmiş ərazilərdə tibbi aksiya keçirilib.

Səyyar xidmət onkoloji xəstəliklərin erkən diqanostikası, vaxtında dəqiq müayinə və müalicəsinin aparılması, eyni zamanda, öz doğma yurd-yuvalarına qayıdan vətəndaşlarımıza keyfiyyətli tibbi xidmət göstərilməsinə əlçatanlığın təmin olunması məqsədilə icra edilib.

Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli tibbi aksiya ilə bağlı XQ-yə bildirdi:

– Oktyabrın 30 Füzulidə, 31-də isə Zəngilanın Ağalı kəndində Milli Onkologiya Mərkəzi, Heydər Əliyev Fondu, “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi və TƏBİB-in bir qrup həkimlərinin iştirakı ilə tibbi aksiya təşkil olundu. Aksiyada vətəndaşlara TƏBİB-in həkimləri – kardioloq, nevropatoloq, pediatr və terapevt tərəfindən tibbi xidmətlər göstərildi. Milli Onkologiya Mərkəzindən isə mamoloq, 2 onkoloq, onkoginekoloq, bundan başqa, 2 nəfər USM, mamoqrafiya, rentgen, abdominal onkoloji müayinə mütəxəssisləri müayinələr apardılar.

Füzuli şəhərində müayinədən keçən 485 nəfərdən 5-də xərçəng xəstəliyinə şübhə aşkarladıq. Həmin o 5 nəfər qeydiyyata alındılar. Onlar Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyinin köməyilə Bakıya, Milli Onkologiya Mərkəzinə dəvət olunacaqlar. Onların əlavə müayinə və müalicələri mərkəzimizdə həyata keçiriləcək.

Zəngilanın Ağalı kəndində tibbi aksiyada 367 nəfərin müayinəsi həyata keçirildi. Müayinəyə gələnlərdə xərçəng xəstəliyi aşkar olunmadı. Xəstəliklə mübarizə aparan 1 nəfər xəstə vardı. O da bizim mərkəzdə qeydiyyatda olan xəstədir. Mütəmadi müayinəyə gəlir, lazım olan müalicələri alır. Buna baxmayaraq, 7 nəfərdə xoşxassəli törəmələr aşkarlandı. USM, mamoqrafiya, rentgen və abdominal müayinər nəticəsində qalxanvari vəzdə, ginekoloji baxımdan və kişilərdə prostat vəzisində törəmələr aşkar edildi. Biz həkimlər buna çox sevindik ki, yenicə doğma yurd-yuvalarına qayıdan sakinlər arasında elə bir ciddi onkoloji xəstəlik müəyyən edilmədi. Allah kimsəyə dərd-bəla, xəstəlik verməsin. Biz arzulamırıq ki, kimsə xəstə olsun, müalicəyə cəlb olunsun. Amma müayinə olunmaq, xəstəliyi varsa, vaxtında aşkar etmək insanın həyatda yaşama şansının artması deməkdir.

Aksiyanın təşkilində “Regional İnkişaf” İctimai Birliyinin əməkdaş və könüllüləri də yaxından iştirak etdilər. Vətəndaşların məlumatlandırılması, qeydiyyatı, müayinələrdə növbəliliyin təmin olunması və digər təşkilati işləri həyata keçiridlər.

Z.HÜSEYN
XQ

Sosial həyat