Yorğa atlar Cıdır meydanında…

post-img

Dünən Atçılıq Federasiyasının təşkilatçılığı ilə yorğa atların çempionatı keçirildi. Binə Atçılıq Mərkəzinin cıdır meydanında təşkil edilən yarışda müxtəlif bölgələrdən 50-dək yorğa at müxtəlif kateqoriyada yarışdı. Qaçışlar 1 200, 1 400, 1 600, 1 800, 2 000, 2 400 və 3 200 metr məsafələrdə, erkək, dişi və axta atlar arasında, eyni zamanda, atlar və ayrılıqda dayçalar arasında təşkil olunmuşdu.

Yorğa atların çempionatı ilə yanaşı, cıdır mövsümünün bağlanışı ilə əlaqədar əlavə yarış da təşkil edildi. Qarabağ, Dilbaz və ingilis atlarının iştirak etdiyi və 4 qaçışdan ibarət turnir də maraqlı mübarizə şəraitində keçdi. Yarışlarda müxtəlif at növləri ilə ümumilikdə, 39 çapar bacarığını nümayiş etdirdi. 6 yaş və yuxarı yorğa atların 1600 metr məsafəyə qaçışı ilə başlayan ilk yarışın qalibi Sabirabad sakini Rəhman Nuriyevin Şimşək ləqəbli atı oldu.

Yarışla bağlı jurnalistlərə açıqlama verən Atçılıq Federasiyasının vitse-prezidenti Bəhruz Quliyev bildirdi ki, ümumilikdə 12 qaçış keçirilib. Bunlardan 4-ü cıdır, 8-i yorğa atların yarışlarıdır. B.Quliyev sonra qeyd etdi ki, federasiya ilbəil at yarışlarının sayını artırmağa çalışır. Qurum müasir atçılıq idman növləri ilə yanaşı, qədim atüstü oyunlara da (çövkən yarışları) xüsusi yer ayırır. Nəzərinizə çatdıraq ki, federasiya Türkiyədə keçirilən at yarışlarına da dəvət alıb. Ümumilikdə isə Rusiya, Türkiyə və başqa ölkələrdə keçirilən cıdır yarışlarına atlar göndərib. B.Quliyev sonda dedi: Qarabağda da çövkən yarışları keçirməyi planlaşdırırıq. Bu barədə Gənclər və İdman Nazirliyi ilə danışıqlar aparılıb. Düşünürəm ki, bu yarışlar 2025-ci ildə Şuşa və Xankəndidə reallaşacaq.

Hər iki yarışın sonunda qaliblərə diplom, kubok və müxtəlif mükafatlar təqdim olundu.

Fidan SALMANOVA
XQ



Sosial həyat