Evlər böyüdü, ailələr kiçildi.
Kosmos yaxınlaşdı,
qohum-qonşu uzaqlaşdı.
Varlılar çoxaldı, mərhəmət,
vicdan və səmimiyyət azaldı.
(Sosial şəbəkədən)
Siz nə fikirdəsiniz, doğrudanmı belədir? Mənə görə, tərəzinin həqiqət gözü daha ağırdır. Amma bu gün də elimizdə, obamızda yaxşılar, düzlər, mərhəmətlilər az deyil. Bəlkə də bu dünya o yaxşıların üzünə yaşayır? Ağıllı adamlardan kimsə delə deyib: “Üstümüzü torpaqla örtüb, bizi məhv etməyə çalışdılar, lakin toxum olduğumuzu unutdular”.
Bəli, yaxşılıq, xeyirxahlıq, səmimiyyət bir toxumdur, hara düşdüsə daim cücərəcək, boy verəcək və heç vaxt yox olmayacaq.
Süleyman kişi kənd adamıdır. Bakıya yaxın rayonların birində yaşayır. Yaşı 80-ə az qalar. Amma gecəsi-gündüzü çörək qazanmaq üçün ora-bura qaçmaqla keçir. Nə qədər yorğun olsa da, üz-gözündən mehribanlıq, səmimiyyət yağır. Adam onunla danışanda sevinir. O kişi bizim məhəllənin sakinlərinin hamısını özünə yaxın, doğma bilir və çalışır ki, həyətimizdə keçirilən xeyir-şər məclislərində iştirak eləsin. Məhəllə uşaqları, qız-gəlinlər ona “Süleyman baba” – deyə müraciət edir, bəzən ürəklə süfrəyə dəvət edirlər.
Ağsaqqal illərdir ki, Texniki Universitetlə üzbəüz olan həyətimizdə süd, qatıq satır. Süleyman kişi kimin hansı mənzildə yaşadığını, hansı ailənin imkanlı, yaxud imkansız olduğunu da yaxşı bilir. O, satacağı məhsulları günaşırı çantalara yığıb, sübh çağı yola çıxır və səhər tezdən Bakıda olur. Sonra da birbaşa bizim məhəlləyə gəlir. Gətirdiklərini də əvvəlcə Ağabala kişinin meyvə-tərəvəz dükanının yanındakı ağacın altına yığır. Sonra onları bölüb ayrı-ayrı mənzillərdə yaşayan qonşulara çatdırır.
Səhər işə gedəndə bəzən həyətdə Süleyman kişi ilə qarşılaşıram. Salamlaşandan sonra, adətən, o, mənə mehribanlıqla: “Günün uğurlu olsun, oğlum!”, – deyir. Onun bu sözləri mənə əlavə ruh verir.
Çox isti günlərdə də Süleyman kişi öz işindən qalmır. Belə çağlarda mənim ona yazığım gəlir. Çünki həmin günlərdə gətirdiyi süd-qatığın hamısını axşamadək sata bilmir. Buna görə də saatlarla Ağabala kişinin dükanı yanında dayanıb müştəri gözləyir. Həmin saatlarda Süleyman kişinin əhvalı dəyişir, şəhərin səs-küylü mühitindən bezir və darıxır.
Bir bazar günü Süleyman kişi bizim mənzilin qapısını döydü. Qapını açıb onu içəriyə dəvət elədim. Əvvəlcə girmək istəmədi. Dedi ki, mümkünsə, çölə çıx. Mən birtəhər onu evə gətirə bildim. Bir stəkan çaydan sonra keyf-halını soruşdum. İstədim ki, mətləbi özü açsın. Az keçmiş o, dedi:
– Səni oğlum bilib, məsləhətə gəlmişəm. Sizdən yuxarı mərtəbədə yaşayan Kərimağanın oğlu məndən 500 manat əlborcu alıb. Alanda demişdi ki, bir həftəyə qaytaracağam. Üstündən üç aydan çox keçib. Sonra eşitdim ki, oğlan çıxıb-gedib Moskvaya. Fikirləşdim ki, yəqin tezliklə qayıdar, ancaq qayıtmaq bilmir. Mənim də o pula ehtiyacım var. Sənə dediklərimi təklikdə Kərimağaya çatdırdım. O isə cavabında qırmızı-qırmızı dedi ki, oğluma böhtan atma, o, belə iş tutmaz... İndi elədiyim yaxşılığın peşimançılığını çəkirəm. Bilmirəm neynim. Bu həyətdə uşaqdan böyüyədək hamı məni tanıyır, hörmət eləyir. Mənə yaraşmaz ki, polisə şikayət verim. Kərimağa da orda-burda məni yalançı adlandırır. Halalca pulumu ala bilməsəm, hamıya deyəcək ki, gördünüz, Süleyman kişi yalan deyirdi. Axı, o pul mənim bir aylıq dolanışığımdı...
Əvvəlcə nə deyəcəyimi bilmədim. Sonra bildirdim ki, narahat olma, Süleyman dayı, heç kim sənin halal pulunu yeyə bilməz. Kərimağa ilə danışaram, yəqin ki, o məni başa düşər.
Süleyman kişi bir az dil-ağız eyləyib getdi. O, gedəndən sonra məsələni çözmək üçün yollar axtarmağa başladım. Çünki xeyli vaxtdır mənim Kərimağa ilə aram sərindi. Dəfələrlə krantı açıq qoyub bizi suya veriblər. Amma bir dəfə də olsun gəlib üzr istəməyiblər. Üstəlik, arvadı deyib ki, nə olasaq, quruyub gedəcək.
Onu da deyim ki, Kərimağa bizim binaya 5-6 il əvvəl köçüb. Bir neçə ay keçmiş olardı gördük ki, həyətin ortasına bir maşın kubik boşaldılıb. Səhəri gün fəhlələr asfaltı qoparıb beton tökməyə hazırlaşırdılar. Qonşulardan bir neçəsi ilə düşüb nə etdiklərini soruşduq. Usta dedi ki, burada maşın qarajı tikəcəyik, amma kim tikdirdiyini bilmirik. İşi dayandırdıq. Müxtəlif təşkilatlara zəng etdikdən sonra məlum oldu ki, 60 illik məhəllənin həyətində qaraj tikdirmək istəyən Kərimağa imiş... O vaxtdan Kərimağa mənə burnunun ucu ilə salam verur.
Texniki Universitetin qarşısındakı dayanacaqda avtobus gözləyirdim. Prospektin o tayında Süleyman kişi işıqforda dayanmışdı. Yaşıl işıq yanan kimi o, yanındakı yekə çantalardan birini götürüb yolu keçdu və dayandı. Hiss elədim ki, kişinin vəziyyəti o qədər də yaxşı deyil. Buna görə də onun yanına getdim. Sonra tez yolu keçib o biri çantanı götürüb geri döndüm. Mən ona çatar-çatmaz Süleyman kişi: “Allah səni minbudaq eləsin, ay oğul. Bir az soyuqlamışam, lap canımı dişimə tutub gəlmişəm...”
Mən ona dedim:
– Bəlkə beş-on gün dincələsən. Özünü çox yormusan.
Kişi üzümə fağır-fağır baxıb:
– Necə dincəlim, başına dönüm? Bəs yetimləri kim dolandıracaq? Nəvələrimdən biri tələbədi, ayda filan qədər xərci var. Arvad sağ olanda yenə köməyi dəyirdi. O da getdi, qaldım tək, – dedi.
Bir qədər söhbətləşdik. Məlum oldu ki, Süleyman kişinin yeganə oğlu avtomobil qəzasında həlak olub. İki oğul nəvəsi indi onun himayəsindədir.
O gündən xeyli keçib. Süleyman kişidən xəbər yoxdur. Həyətdə mənim kimi çoxları ondan nigarandır. Yeri yaman görünür...
Yolunu gözləyirik, Süleyman dayı!
Səməd MƏLİKZADƏ
XQ