“Boney.M” Moskvaya 11 tonluq yük və xüsusi təyyarə ilə gəlmişdi

post-img

Təyyarəni Londona SSRİ rəhbərinin özü göndərmişdi

Ötən əsrin 70-ci illərində biz bu Qərbi Almaniya sənətçisini Frenk Farian kimi tanıyırdıq. Yəni o, hər yerdə belə təqdim olunurdu. Çox sonralar isə Moskva qəzetləri yazdılar ki, əslində onun ad-soyadı Frans Röyterdir. Yeri gəlmişkən, səsi, ifası, adı və özü yarım əsrdən çox bütün dünyanı gəzən bu misilsiz rok – pop ifaçısı bu ilin yanvarında ABŞ-nin Florida ştatında dünyasını dəyişmişdir.

... Alman–Sovet müharibəsi başlanandan cəmi iki ay sonra dünyaya gəlmiş bu adamın 37 yaşı olanda SSRİ rəhbəri Leonid Brejnev onun Moskvaya gətirilməsi üçün Londona xüsusi təyyarə göndərmişdi. Bu barədə bir az sonra söz açacağıq.

Xatırladaq ki, “Boney M” (Boni Em) – Almaniya Federativ Respublikasında 1975–1986-cı illərdə mövcud olmuş disko qrupdur. Elə ötən əsrdə deyirdilər ki, qrupun adı Avstraliya detektiv serialındakı qəhrəmanın adından götürülmüşdür. Gənc musiqi produseri Frenk Farian tərəfindən yaradılmış bu disko klubu cəmi 11 il fəaliyyət göstərsə də, səsi, sorağı hələ də kəsilmir.

Qeyd edilir ki, Frank Farian hələ bu qrupun yaradılmadığı dövrdə – 1974-cü ildə mövcud disko üslubu üzərində eksperiment apararaq yeni bir mahnı yazır. Qeyd etdiyimiz kimi, yeni mahnıya o zamanlar məşhur olan Avstraliya detektiv serialı qəhrəmanının adından istifadə edərək “Boney.M” adı verilir. Gözlənilməz uğur və televiziya şouları, konsert programlarına dəvətlər onu tez bir zamanda Karib qrupu qurmağa ruhlandırır. Kollektivə Maizie Üilliams, Sheila Bonnick, Natali və rəqqas Mayk daxil olurlar. Lakin bu, müvəqqəti variant idi. 1976-cı ildə qrupa Karib adalarından miqrantlar, yamaykalı vokalçı Liz Mitçel və Marsiya Barret, Montserrat adasından rəqqasə Meyzi Vilyams və Aruba adasından rəqqas Bobbi Farrel qatılırlar. Qərb tənqidçiləri “Boney. M” qrupunu tez-tez “qaradərili ABBA” adlandırırdılar. Çünki XX əsrin 70–80-ci illərində yalnız isveçli qrup “ABBA” “Boney. M”-lə məşhurluq yarışı apara bilirdi.

“Boney.M”-i Fariandan sonra Liz Mitçel və Marsiya Barret də ifa etməyə başladılar. Rəqqas Bobbi Farelin isə səsi disklərə yalnız XX əsrin 80-ci illərin əvvəllərində yazılmaga başladı.

“Boney. M” kvarteti Amerikadan başqa, bütün dünyada fenomenal uğura imza atdı. 11 illik musiqi karyerasında kollektiv çoxlu musiqi mukafatları qazandı və bundan başqa dəfələrlə dünyanın müxtəlif ölkələrində albom satışlarına görə Ginnesin rekordlar kitabına düşməyi bacardılar. Qrupun 200 milyondan artıq albomu satılıb. Bu orijinal satış rəqəmidir. Onların pirat yolu ilə “kopyalanmış” 300 milyondan artıq albomu da satılıb.

“Boney. M” kollektivi o zamanlar SSRİ-də konsertinə icazə verilən azsaylı Qərb qruplarından biri idi.

Yeri gəlmişkən, Rusiya mənbələrində oxuyuruq ki, “Boney.M” Qərbin rok və pop qrupları arasında SSRİ-nin “dəmir pərdə”sini yarıb keçən ilk Qərb ansamblı olmuşdur. Qeyd edilir ki, onlar Moskvaya Sov.İKP MK-nın baş katibi Leonid Brejnevin şəxsi razılığı ilə gəlmişdilər. Daha doğrusu, onları Londondan SSRİ paytaxtına gətirmək üçün Moskvadan xüsusi təyyarə göndərilmişdi.

Həmin təyyarə Britaniyadan Moskvaya “Boney.M”-lə bərabər bu kollektivin 11 tonluq avadanlıq və rekvizitlərini, eləcə də, Qərbin böyük jurnalistlər qrupunu gətirmişdi. Həmin jurnalistlər Qərb musiqiçilərinin Moskvada təşkil etdiyi 10 şounu “sözün həqiqi mənasında sensasiya” adlandırmışdılar.

Başqa sensasiya isə onların konsertləri üçün satılan biletlərin qiyməti ilə bağlı idi. Rus həmkarlarımız yazırlar ki, “Boney.M”-in konsertinin bileti SSRİ-dəki peşəkar fəhlələrin üç aylıq maaşı dəyərində idi. Qara bazarda isə həmin biletlərin qiyməti 10-20 dəfə baha idi. Üstəlik, Moskvadakı “Melodiya” firması bu ansamblın 100 min ədəd diskini buraxmış və həmin disklər bir gündə satılmışdı.

İ.QAÇAYEV



Sosial həyat