Hörmətli oxucular! Bir neçə gün qabaq görkəmli fırça ustası, mərhum Xalq rəssamı Böyükağa Mirzəzadənin “Pambıq tarlasında” əsəri haqqında sizə qısa məlumat vermişdik. Bu dəfə rəssamın 1967-ci ildə yaratdığı “Çay yığan qızlar” adlı parlaq rəsminə nəzər salaq.
Qeyd edək ki, kətan üzərində tablo yağlı boya ilə işlənib və burada əsasən “soyuq” rənglərdən istifadə olunub. Bu sənət nümunəsində əsas yeri yaşıl və qırmızı rəng tonları tutur və buradakı geyim və əşyaların rəng koloriti mövzu ilə ahəng yaradır.
Əsərdə cənub bölgəsində yerləşən kəndlərin birində gənc qızların çay yığımından bəhs olunur. Burada biz qızların necə böyük həvəslə çay yığımında çalışdığını görürük. Rəssamın əksər əsərlərində olduğu kimi, bu tablosunda da halal əməyə dərin rəğbəti hiss olunur.
Sonda bildirək ki, “Çay yığan qızlar” rəsmi hazırda Azərbaycan Dövlət Rəsm Qalereyasında qorunub saxlanılır.
Leyla HADİ,
tələbə-jurnalist