“Ömür bir su kimi axıb gedir”, – deyirlər. Gənclik illərində insan bunun fərqinə varmır. Elə ki, gəncliyi yola verib keçirsən ömrün payız dönəminə, günlərin aylara, ayların isə illərə necə sürətlə döndüyünün fərqinə varmırsan. Hər ötən günün bir az da uzanmasını arzulayırsan...
Payızın həyatımda önəmli yeri var. Əslində, mən hər fəsli sevirəm. Lakin payız tamamilə başqadır. Onun başa çatmasını heç vaxt istəməmişəm. Əlbəttə, bu, mənim sadəcə istəyimdir, heç də fəsillərin labüd yerdəyişməsinə olan etirazım deyil.
Payızın rəngləri insanı riqqətə gətirir. Təbiət elə əsrarəngiz çalarlara bürünür ki, insan bu gözəlliklər qarşısında, sanki lal olur. Bəlkə də, zəngin təbiəti olan bir yurdda – Zaqatalada yaşadığım üçün payızı daha çox sevirəm. Əslində, mən ölkəmizin hər bir guşəsini sevirəm. Amma inciməyin, bizim yerlər xüsusilə gözəldir...
Yarpaqlar tədricən rəngini dəyişir, əvvəl narıncı olur, sonra saralır, bu tədricillik içərisində minlərlə rəng çaları alınır. Gözlərimiz önündə təbiət öz donunu dəyişir. Sonra qızılı payızın yarpaq tökümü başlayır, saralmış yarpaqlar yavaş-yavaş havada uçuşaraq torpağın üstünə tökülür.
Yarpaqların ayaqlar altında xışıltısı, payız günəşinin ilıq nəfəsi, hələ uzaq ellərə uçub getməyə tələsməyən quşların xoş avazı, – bax budur təbiətin payız simfoniyası! Ruhumuza sakitlik, əhvalımıza xoş ovqat, duyğularımıza bənzərsiz bir təravət bəxş edir bu melodiya!
Payız bol məhsul, bərəkət fəslidir. Torpaq səxavətlə öz barını-bəhərini insanlara bəxş edir. Hər kəs zəhmətinin qarşılığını verir. İllərin də biri-birindən fərqi var. Builki payız bol məhsulu ilə başqalarından seçilir. Bağların barı o qədərdir ki, yığıb-yığışdırmaq olmur. Bəzən ağırlığa tab gətirməyən budaqlar qırılıb meyvəsi ilə birlikdə yerə tökülür. Təbii ki, buna heyfsilənirəm...
Payız yağışları isə düşüncələri təzələyir, kövrək duyğular oyadır. Bu fəslin yağışları təbiətin elə bil yarpaqlarla rəqsidir. Yarpaqlar sanki havada yağış damcılarından qaçır, torpağa çatana kimi nazlı qız timsalında olur. Bu rəqs gah tez bitir, gah da xeyli davam edir.
Yağış yağır, gur damcılar qənbər, asfalt döşənən yolları döyəcləyir. Təkrarsız bir görüntüdür, deyilmi? Payız yağışları torpağa məlhəm, duyğulara qol-qanad bəxş edir.
Payız həm də qışın astanasıdır. Nə qədər günəş qızılı şəfəqlərini saçsa da, onun bir vaxt çərçivəsi var. Bu zaman bitəndə qış qapını döyür. Uca dağların başına yağan qar insanları artıq tələsdirir. Qışa tədarük görməkdə gecikmək olmaz.
Ötən payızda bir nisgilli hadisə oldu. Güclü külək əsdi. Adi küləklərdən deyildi. Sanki qasırğa idi və Zaqatalanın məşhur Meydanının yaraşığı, rayonumuzun simvolu olan 850 yaşlı Qoca Çinar kökündən qopdu. O səhər şəhər sakinləri çox təəsüfləndilər.
Payız, nəhayət, sevgi-büsat vaxtıdır. Hər tərəfdən toy-düyün səsi gəlir. Sevgililər vüsala çatırlar. Bu, o deməkdir ki, hər şeyə rəğmən həyat davam edir, o, yeniyetmə və gənclərin sevgisində, yeni doğulan körpələrin nəfəsində təzələnir. Həyat yeni ahəng alır.
Bəli, ruhumuzun qidası, duyğularımızın tər-təmiz, təravətli nəfəsidir payız. Bu fəsil ömrümüzün duyğusal, müdrik çağıdır. Payız bizlərə ata təbiətdən bir töhfədir. Onu sevirəm...
Elmira MEHDİYEVA,
jurnalist, Əməkdar mədəniyyət işçisi