Saymon Stil: Milli iqlim planları qlobal istiləşmənin verdiyi zərərin qarşısını almaqda son dərəcədə yetərsizdir

post-img

Bu gün, oktyabrın 28-də dərc edilən Milli Müəyyənləşdirilmiş Töhfələrin (NDCs) yekun hesabatı uğursuzluq dövrünü başa vuran və yeni sürətlənmə mərhələsini açan dönüş nöqtəsini qeyd etməlidir. Bu, bütün ölkələrin gələn il daha iddialı milli iqlim planları təqdim etmələri ilə əlaqədardır.

AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stilin 2024-cü il üçün NDCs yekun hesabatı ilə bağlı bəyanatında deyilir.

Hesabatın nəticələrinin məyusedici olduğunu, lakin təəccüblü olmadığını vurğulayan icraçı katib əlavə edib ki, hazırkı milli iqlim planları “qlobal iqtisadiyyatları və bütün ölkələrdə milyardlarla insanın həyatı və dolanışıq vasitələrini iflic edən” qlobal istiləşmənin vurduğu zərərin qarşısını almaqdan xeyli geri qalır. O qeyd edib ki, daha iddialı yeni milli iqlim planları nəinki iqlim xaosunun qarşısını ala bilər, həm də prosesin düzgün aparılacağı təqdirdə insanlara yeni səviyyələrə çatmağa və hər bir ölkədə firavanlığa səbəb olacaqdır.

Saymon Stil vurğulayıb: Yeni iddialı iqlim planları investisiya cəlb etmək, iqtisadi artımı stimullaşdırmaq, imkanları artırmaq, iş yerləri açmaq, çirklənmənin səviyyəsini azaltmaq, sağlamlığı yaxşılaşdırmaq və xərcləri minimuma endirmək, təhlükəsizliyi təmin etmək və təmiz enerjiyə çıxışı asanlaşdırmaq üçün çox vacibdir və bir çox digər müsbət dəyişikliklərə töhfə verə bilər”.

Onun sözlərinə görə, gözlənildiyi kimi, hazırda gələn il yeni NDCs-lərin hazırlanması üzərində çalışan ölkələrə münasibətdə builki hesabat 2025-ci ildə gözlənilən və tələb olunanlarla müqayisədə az irəliləyiş olacağını göstərir: Stil əlavə edib: “Mövcud planlar birlikdə tam həyata keçirilsə, 51,5 giqaton emissiya ilə nəticələnəcək. 2030-cu ildə CO2 ekvivalenti 2019-cu ildə olduğundan cəmi 2,6 faiz azdır. Belə böyük həcmdə istixana qazlarının meydana gətirdiyi çirklənmə istisnasız olaraq bütün ölkələr üçün humanitar və iqtisadi fəlakətə zəmanət verir. İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel (IPCC) qeyd edir ki, 2019-cu il səviyyələri ilə müqayisədə 2030-cu ilə qədər istixana qazları emissiyalarının 43 faiz azaldılması lazımdır. 2035-ci ilə qədər ümumi qlobal istixana qazı emissiyaları 2019-cu il səviyyəsi ilə müqayisədə 60 faiz azaldılmalıdır. Bu, ən pis iqlim təsirlərindən qorunmaq üçün XXI əsrdə qlobal orta temperatur artımını 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq baxımından çox vacibdir. İqlim fəlakətləri sürətlə artmaqdadır və bu kontekstdə temperatur dərəcəsinin hər bir detalı vacibdir”.

Qeyd edək ki, yekun hesabatında ölkələrin NDCs töhfələrinin 2030-cu ildə gözlənilən qlobal emissiyalara birgə təsiri, eləcə də digər göstəricilər haqqında proqnozları yer alır.

Sosial həyat