Nadir bioekoloji əlamətlərinə görə onu Şərq florasının mirvarisi, möhtəşəm gövdəsi, əzəməti və yaraşıqlı çətirinə görə isə cənubun nəhəng ağacı adlandırırlar. Çinar ağacları möhkəm gövdəyə, yüngül oduncağa malikdir. Elə bu keyfiyyətinə görə, ondan faner, parket, mebel istehsalında geniş istifadə edirlər.
Yəqin, torpaqlarımızın işğal altında qaldığı 27 ildə erməni faşistləri həm də ağacın həmin üstün keyfiyyətlərinə görə hektarlarla sahədə onun axırına çıxıblar. Ömründə bir ting basdırmayan, bir fidan əkməyən, bir ağac dibi belləməyənlər əlinə balta, mişar götürüb Bəsitçayın sahilində zamana meydan oxuyan çinar ağaclarının qatilinə çevriliblər.
Yaraşığı, gözəlliyi və məğrur duruşu ilə Zəngilanın rəmzinə çevrilən məşhur Çinar meşəsində əsrlərin dizini qatlayan elə iri gövdəli ağaclar idi ki, iki-üç adam rahatlıqla onun arxasında gizlənə bilər, bir neçə nəfər əl-ələ versə də, onun gövdəsini qucaqlaya bilməzdi...
1974-cü il iyunun 4-də ulu öndər Heydər Əliyevin tapşırığı ilə rayonun ərazisində Bəsitçay Dövlət Təbiət Qoruğu yaradılıb. Onun yaradılmasında əsas məqsədi Şərq çinarlarının qorunmasından ibarət idi. Qoruq unikal landşaftı və ekosisteminə görə fərqlənir, “Qırmızı kitab”a düşən nadir Şərq çinarlarının yayıldığı ən böyük areal kimi tanınırdı. İşğaldan əvvəl 107 hektar ərazini əhatə edən qoruq ərazisinin 100 hektara qədəri Şərq çinarları, qalan hissəsi qarışıq meşəlik idi. Buradakı ağacların orta yaşı 150-dən 200-ə qədər idi. Hətta yaşı 1200–1500 ilə qədər olan Şərq çinarları var idi. Təəsüf ki, işğal altında qaldığı dövrdə qoruğun 42,8 hektar meşə sahəsi məhv edilib.
Təkcə insanlığa deyil, təbiətə də qənim kəsilən ermənilər burada da öz xislətlərini göstəriblər. Kəsiblər, doğrayıblar, od vurub yandırıblar. Zəngilanda, bütövlükdə, 5459 hektar meşə sahəsinin varlığına “ölüm hökmü” veriblər, şəhərin girişində terras üsulu ilə salınmış 33 hektar meşə sahəsinin külünü göyə sovurublar.
Nə yaxşı ki, az da olsa qalanlar var! Çox yaxşı və çox şükür ki, Mincivandan Zəngilana doğru uzanan yolboyu çinarlar qalıb. Məğrur görkəmi, əzəmətli boy-buxunu ilə!
Rayon mərkəzinə gedən 12 kilometrlik yola “yaşıl tunel” çəkən çinarlar bircə metr məsafədə də yolçunu tənha qoymur. Xüsusilə yayda günün qorabişirən istisində günəş şüaları yaşıl yarpaqların arasından süzülməyə yer tapmır, yolboyu sıralanan çinar ağacları gəlib-gedənlərə sərinlik nəğməsi oxuyur.
Yurd həsrətimizin, Vətən sevgimizin, qəhrəmanlıq salnaməmizin şahidi olan Zəngilan çinarları! Bu torpağı yağı düşmən əsarətindən azad edən qəhrəman əsgərlərimiz həm də onların dəyanət və dözümündən güc aldılar. Etibar və sədaqəti ilə hamıya örnək olan çinarlar yenə də əzəmət və məğrurluq rəmzi kimi ana təbiətə gözəllik və yaraşıq bəxş edir…
S.QARADAĞLI,
yazıçı-publisist