Toy-düyünlü Məzəm kəndi

post-img

Adamları məclisə cökə ağacı dəvət edir

Rayon mərkəzindən 26 kilometr aralıda yerləşən Məzəm kəndinə gedirəm. Əvvəllər də bir neçə dəfə burada olmuşam. Özü də kəndin yüksəkliklərində qarğa-quzğun kimi özünə yuva quran erməni quldurlarının, az qala, hər gün atəş açdığı bir vaxtda. Onların nəzarətində olan təpələrdən Məzəmə nə gəldi atırdılar. Topdan-tüfəngdən, snayperdən, qumbaraatandan. Dəmir darvazalardakı güllə yerləri hələ də durur. Dağıdılmış evlərdə yaşayış yoxdur.

Maşınımız elə ki, Abbasbəyliyə çatır, kəndin başında qarşımızı şlaqbaum kəsir. Cavan polis işçisi “müəllim, hara gedirsiniz?”, – deyə nəzakətlə məni sorğu-suala tutur. Məzəmə getdiyimi, bu kəndin maraqlı, heç harada olmayan toy adətindən yazmaq istədiyimi bildirsəm də, “inciməyin, icazəniz olmasa, buraxa bilmərik”, – deyir. Sonra da izah edir ki, çoxları müharibənin bitdiyini, ermənilərin artıq öz qınlarına çəkildiyini düşünür. Amma bu, heç də belə deyil. Məzəm də, Quşçu Ayrım da hələ də təhlükə altındadır. Çünki düşmənlə həmin kəndlərin, xüsusilə Məzəmin arası cəmi 150–200 metrdir, göz-gözə baxırlar. Sadəcə indi atmırlar, qorxurlar. Bilirlər ki, yüngülcə atəş səsi eşitsək, bizim ordu dərhal cavab verəcək.

Yadıma düşür ki, Birinci Qarabağ müharibəsi dövründə cəmi 60 evi olan bu kənd 10-dan çox şəhid verib. Burada 4 hərbçi həlak olub. Onlardan biri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Mərifət Nəsibovdur. Onu da xatırlayıram ki, 2016-cı ilə kimi Məzəmə gedib-gəlmək daha təhlükəli idi. Hətta bir dəfə rayon icra hakimiyyətindən bizə təhkim olunmuş sürücü kəndin girəcəyinə çatar-çatmaz sürəti elə artırdı ki, özümdən qeyri-ixtiyari olaraq “dəli olubsan nədi, bizi öldürmək istəyirsən?” – deyə üstünə qışqırmışdım. Amma öyrənəndə ki, düşmən bizi nişan ala bilməsin deyə belə sürürlər, sürücüdən üzr istəmişdim. Elə o ildən başlayaraq rayonun indiki rəhbərliyi çox xeyirxah bir addım atdı, adamların təhlükəsiz gediş-gəlişini təmin etmək məqsədilə yolun kənarına hündürlüyü 3 metr olan istinad divarları çəkdirdi, bir çox yaşayış evlərinin qarşısında da, necə deyərlər, belə istehkamlar ucaltdı. Bütövlükdə, uzunluğu, az qala, 3 kilometrə çatır. Məzəm kəndini erməni postları ilə sadəcə ərazidən keçən Məzəm gölü ayırır.

Rayon icra hakimiyyəti başçısının müavini Gülayə Həsənova köməyimizə gəlir, bölmə rəisi ilə danışıb razılıq aldıqdan sonra nəhayət bizi kəndə buraxırlar.

Əslində, kənar adamların postda bu cür sorğu-suala tutulması, icazə tələb edilməsi müsbət haldır. Çünki düşmən çox hiyləgərdir, hər cür təxribat, terror törətməyə qadirdir.

Hər bir kənddə olduğu kimi, Məzəmdə də günün müəyyən saatlarında, axşamlar adamların yığışdığı bir yer var ki, soruşanda hara gedirsən, “mərkəzə” deyib iri cökə ağacının altını nəzərdə tuturlar. Qollu-budaqlı nəhəng ağac yayda istidən qoruyur, qışda yağışdan-sudan. Kimin nə problemi, dərdi-səri, xoş xəbəri, xeyir işi var, burada danışır, burada bölüşür.

İndi birbaşa həmin yerə gəlmişik. Kəndin iki-üç cavanı nə barədəsə söhbət edir, deyib-gülür, ara-sıra yağan yağışdan qorunmaq üçün cökə ağacının lap dibinə sığınırlar.

– Misir əminin nəvəsinin xeyir işi ilə bağlı yazıb yapışdırdığı dəvətnamə dünənə kimi burdaydı, – deyə yenicə tanış olduğumuz Ruslan Məmmədov cökə ağacının yoğun gövdəsini göstərir, – bizim toylara dəvətnaməmiz bu cökə ağacında olur. Kənddə toy eləyəndə heç kim dəvətnamə yazmır. Çünki Məzəmin bu “mərkəzi”nə gəlməyən adam yoxdur. Kimsə çox yox, ikicə gün bura gəlməyəndə, hamı narahat olur, görəsən haradadır, deyə bir-birindən soruşur.

Ruslanın “dəvətnaməsi dünənə kimi buradaydı” dediyi Misir Məmmədovu tanıyıram, şəhid atasıdır.

2 il əvvəl Məzəmdə olarkən söhbət etmişəm, hal-əhval tutmuşam. Oğlu Araz 1998-ci ildə məktəbi bitirərək hərbi xidmətə yollanıb və əsgərlikdən tərxis olunduqdan sonra Məzəm kəndinə qayıdıb. 2001-ci ilin iyununda Məzəm kəndinin ərazisindəki su anbarında balıq tutarkən erməni silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində həlak olub. Kiçik toyuna dəvət etdiyi isə digər oğlu Vasifin uşağıdır.

Ruslanla daha yaxından tanış oluram. Sən demə, kənd toylarını aparan 3–4 aşıqdan biridir.

– Məzəmin toy adəti sadəliyinə görə seçilir, – deyə Ruslan bu kəndin adət-ənənəsinin onilliklərlə eyni cür davam etməsindən danışır, – bizim toylarda pulla musiqiçi gətirmirlər. Məsələn, mən özüm məclisi apardığıma görə heç kimdən bir qəpik də almıram. Kimsə şabaş verəndə onunla kifayətlənirəm. Başqa aşıqlar, zurnaçalanlar da mənim kimi. Günorta saat 2-dən başlanan toy bəzən gecə yarısınadək davam edir. Elə ki, qara zurnada “Cəngi” çalındı, baxırıq ki, bizimlə göz-gözə dayanan İcəvanın Coğaz kəndində hamı qorxusundan işığını söndürür.

Söhbətə kəndin sakini Famil Əliyev də qoşulur və əli ilə qarşı təpəlikdə bir neçə yerdə qurulan erməni postlarını göstərir:

– Allah Prezidentimizə uzun ömür qismət eləsin. Elə qorxublar ki, səsləri belə çıxmır. Toy keçirməyimizə peşiman idik, musiqi səsi çıxan kimi atırdılar. Amma sağlığına, heç kim yerindən də tərpənmirdi, hamı yeyib-içməyində, oynayıb-gülməyində olurdu. Erməni qorxaq millətdir. Yüksəklik onlardadır, amma yenə sanki qurbağa gölünə daş atıblar. Baxırlar ki, hər şeyimiz var. Qaz, işıq daimidir, internetə kimi çəkiblər, asfalt yolumuz var. Su problemimiz də həll olunub. Qazaxda erməni kəndinə məsafəcə Məzəmdan yaxın başqa bir kənd yoxdur. Amma bu illərdə bir nəfər də olsun kəndi tərk etməyib.

Bir azdan Quşçu Ayrım kənd inzibati ərazi dairəsinin nümayəndəsi Alim Alıyev də gəlib çıxır.

Məzəm həmin nümayəndəliyin tərkibindədir. Maraqlıdır ki, hər iki kənddə yaşayanların hər birinin adına, familiyasına, ailə tərkibinə kimi əzbər bilir. Özü də Quşçu Ayrım kəndindəndir. Onunla keçən il kənd adamlarının örüş torpaqlarının olmaması ilə bağlı müraciətlərindən sonra tanış olmuşuq. Yeri gəlmişkən, bu iki kənddə indiyədək torpaq islahatı aparılmayıb. Düşünürük ki, müvafiq qurumlar məsələni birdəfəlik həll edəcəklər. Çünki sakinlər əziyyət çəkirlər.

...Şər qarışıb. Məzəmlilər əl çəkmir, evlərinə, bir stəkan çaya dəvət edirlər. “Gecdir, gələn dəfə toy olanda xəbər edin, gələk”, – deyərək bir-bir əl tutub sağollaşırıq. Hardansa qara zurnanın səsi gəlir. Bayaq kiminsə “elə ki, “cəngi” çalındı, qorxub tez işıqlarını söndürürlər” sözləri yadıma düşür. Qeyri-ixtiyari yuxarı, erməni kəndinə baxıram və astaca sayıram “bu bir, bu iki, bu üç...maraqlı mənzərədir” deyirəm.

Ermənilərin bu işıqsöndürmə mənzərəsindən yaranan sükutu cavanlardan biri pozur:

Əzizinəm Məzəmə bax,
Mənə bax, özünə bax.
Məzəmlidə qeyrətə,
Məzəmlidə dözümə bax!

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Gəncə–Qazax–Məzəm

Sosial həyat