Daşkənddə “İslam sülh və xeyirxahlıq dinidir” adlı beynəlxalq elmi-praktik konfransın açılışı olub. Məclisdə Türküstan ölkələri, Türkiyə, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Misir, Amerika Birləşmiş Ştatları, Hindistan, Asiya və Avropanın digər dövlətlərinin 200-dən artıq tanınmış din xadimləri, üləmaları, teoloq alimləri, siyasətçiləri, rəsmi təşkilatların nümayəndələri iştirak edirlər.
Azərbaycanı bu nüfuzlu toplantıda Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxulislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi, Milli Məclisin Dini qurumlar komitəsinin sədri Fazil Mustafa, deputatlar Cavanşir Paşazadə, Qüdrət Həsənquliyev, QMİ sədrinin müavini Salman Musayev və digər şəxslərdən ibarət heyət təmsil edir.
Məclisdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin konfrans iştirakçılarına müraciəti oxunub. Dövlət başçısının müşaviri Muzaffar Kamilov bildirib ki, konfransın keçirilməsi ideyasını Özbəkistan lideri ötən il BMT Baş Assambleyasının 78-ci sessiyasındakı çıxışı zamanı bəyan etmişdi.
Səudiyyə Ərəbistanındakı İslam Dünyası Assosiasiyası Baş katibinin müavini Abdurraxmon Abdullax al-Ziyad, Özbəkistan Din İşləri Komitəsinin sədri Sadik Toşboyev, Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Şeyx Nuriddin Xaliknazar, Misir Ərəb Respublikasından müfti, professor Nazir Muxammad Ayyad, Dünya Müsəlman alimləri Assosiasiyasının sədri, professor Əli Muxyiddin Karadaqi və başqaları konfransda müzakirə edilən məsələlərin önəmi haqqında söhbət açıblar.
Allahşükür Paşazadə bildirib ki, Azərbaycan üçün Özbəkistanla bütün sahələrdə əlaqələrin qorunub saxlanılması və inkişafı həmişə böyük əhəmiyyət kəsb edib. Biz eyni etnik kökə, oxşar tarixə və mentalitetə malik qardaş xalqlarımızın əməkdaşlığının yeni keyfiyyət mərhələsinə yüksəlməsini qürur və şərəf mənbəyi hesab edirik. Özbəkistanın Qarabağ bölgəsində inşa etdirdiyi Mirzo Uluqbəy adına orta məktəbin nəfis və möhtəşəm binası özbək xalqının qardaşlıq hədiyyəsi kimi Azərbaycan xalqı üçün son dərəcə əzizdir. Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə Daşkənddə İslam Sivilizasiyası Mərkəzinin tikintisi isə din, elm və müasirliyin vəhdətinin təzahürüdür.
Məclisdə Daşkənd Bəyannaməsi qəbul olunub. Konfrans bu gün qədim Xivə şəhərində öz işini davam etdirəcək.
Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd