Xocalının topçu qardaşları

post-img

Şəhriyar və Cavadın döyüş yolu intiqam örnəyidir

2020-ci il 27 sentyabr sabahının alatoranlığında işğalçı düşmən Qarabağın başı üstündəki qara pərdə kimi ordumuzun yeri-göyü titrədən top səslərindən, ərlərin- ərənlərin “qisas!” hayqırıtsından pərən-pərən düşdü. O sabah illər boyu cəzasızlıqdan daha da azğınlaşmış yağı üstünə yağdırılan mərmilərlərlə, güllələrlə şanlı tariximizin yeni və ən möhtəşəm zəfər salnaməsinin ilk səhifələri yazılmağa başladı.

Milli mənsubluğundan, dilindən, dinindən asılı olmayaraq müdrik bir xalqın milyonlarla övladı onlara Vətənin azadlığını bəxş edəcək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında bir daha “Dəmir yumruq” kimi birləşdi.

Məhz həmin “Dəmir yumruq” cəmi 44 günə düşmənin başına elə zərbələr endirdi ki, qaça bilməyənləri gorbagor oldu, qaçıb canlarını qurtaranları sağ qaldıqlarına sevindi, 30 ilə yaxın mənfur yağı tapdağı altında inləyən ata-baba yurdlarımız əbədi azadlığına qovuşdu. Rəşadətli ordumuz rəhbərliyin döyüş əməliyyatları ilə bağlı bütün tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirərək işğalçı Ermənistanı tam kapitulyasiyaya məruz qoydu və beləliklə də, ölkəmizin ərazi bütövlüyü təmin edildi!

Torpaqlarımızın azadlığı uğrunda gedən qanlı döyüşlərin iştirakçısı olmağı, dar gündə Vətənin hayına yetməyi özünə şərəf bilən igidlərin sırasında Xocalı rayonundan olan Şəhriyar və Cavad Quliyev qardaşları da var. 44 günlük zəfər dastanımızın dördüncü ildönümündə onlarla görüşüb keçdikləri döyüş yolu və müharibə xatirələrindən danışdıq. Öyrəndik ki, hər iki qardaş həqiqi hərbi xidmət zamanı topçu olublar.

Şəhriyar Hərbi Dəniz Qüvvələrinin artilleriya döyüş hissəsində üfüqi tuşlayıcı, Cavad isə Quru Qoşunlarının Fuzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsinin artilleriya briqadasında kəşfiyyat-manqa komandiri, baş tuşlayıcı kimi xidmət edib. Xidmətlərini bitirdikdən sonra evlərinə qayıdan qardaşlar qısa müddət sonra yenidən hərbi hissələrə üz tutublar. 2020-ci ilin əvvəllərində birlikdə topçu kurslarını bitirən Şəhriyar və Cavad həmin ilin may ayından bir-birindən ayrı düşərək Müddətdən Artıq Xidmət Edən (MAXE – M.R.) hərbi qulluqçu kimi Goranboy rayonunun ərazisində yenidən xidmətlərini davam etdiriblər.

Elə döyüş yolları da buradan başlayıb. Daha sonra Ağdərə rayonunun Kəhrilər xarabalığı, Talış və Suqovuşan yaşayış məntəqələrinin azad olunması uğrunda gedən döyüşlərdə düşmənin artilleriya qurğuları, zirehli texnika və canlı qüvvəsinin məhv edilməsi üzrə tapşırıqları layiqincə yerinə yetiriblər. “Həmin günlərdən ən çox yadınızda nə qalıb” sualına cavab olaraq Şəhriyar bildirdi ki, eyni hərbi diviziyanın fərqli artilleriya batareyalarında döyüşdükləri üçün iki qardaş 44 gündə cəmi bir dəfə, tam təsadüf nəticəsində görüşə biliblər:

–Nə müharibə xofu, nə yaxınlığımızda partlayan mərmilər məni narahat etmirdi. Hər an qürurla düşünürdüm ki, torpaqlarımızı sürətlə düşməndən təmizləyir, addım-addım doğma Xocalımıza doğru yaxınlaşırıq. Ancaq Cavaddan xəbər ala bilmirdim. O, mənimlə müqayisədə daha ön cəbhədəydi. Üstəlik, kimdənsə eşitmişdim ki, Cavadgilin topu vurulub. Həmin vaxt keçirdiyim hissləri indi sözlə ifadə edə bilmirəm. Az qalırdı ürəyim partlasın. Bildiyiniz kimi, oktyabr ayında iki dəfə humanitar atəşkəs elan olundu. Düzdür, hər ikisində də ermənilər atəşkəsi pozdular və müharibə əvvəlki şiddətilə davam etdi. Ancaq döyüşlərin səngidiyi qısa fasilədə qardaşımı gördüm. Heç ağlıma da gəlməzdi. Təminat daşıyan maşında yerləşdiyimiz mövqeyə gəlmişdi. Qaçaraq bir-birimizə sarıldıq!..

Düşmənlə üzbəüz mövqedə şiddətli döyüşlərdə iştirak etmiş, yaxınlığında partlamış mərminin təsirindən xeyli müddət eşitmə qabiliyyətini itirmiş Cavad üçün isə unutmadığı məqamlardan biri arxa cəbhədən göndərilən əsgər payıdır:

–Savaşın ilk günlərində düşmən artilleriyası bizim yeməkxanamızı dağıtmışdı. Elə həmin vaxtlarda mövqeyimizə gələn təminat maşınları özləri ilə sovqat gətirdilər. Dedilər, bunu Gəncədən göndəriblər. Ərzaq, su, isti geyim göndərmişdilər. Bu, məni çox qürurlandırdı. Hiss etdik ki, mənfur düşmən qarşısında tək deyilik, bütün xalqımız bizimlədir. Qələbə xəbərini eşidəndə yaşadığımız xoşbəxtlik duyğusu isə əvəzolunmaz hissdir. Müharibədə mən və qardaşım öz vətəndaşlıq borcumuzu yerinə yetirməyə çalışmışıq. Bundan sonra da nə zaman lazım gəlsə, Vətənimizin müsəlləh əsgəri olmağa hazırıq!

Söhbətimizə qəhrəmanlarımızın atası, Birinci Qarabağ müharibəsi veteranı Feyruz Quliyev də qoşuldu:

- Döyüş vaxtı Şəhriyarla Cavaddan xəbər ala bilmirdik. Mən də, anaları Könül xanım da gecə-gündüz Allaha dualar edirdik ki, sağ-salamat qayıtsınlar. Tez-tez cəbhəyə sovqat göndərməklə təsəlli tapırdıq...

Feyruz müəllim söhbətinin davamında dedi:

–Mən 1993-cü ildən orta məktəbdə gənclərin çağırışaqədərki hazırlığı fənnindən dərs deyirəm. Şagirdlərimə hərb elminin ilkin sirlərini öyrtəməklə yanaşı, onlara həm də vətənpərvərlik hissini aşılamağa çalışmışam. Fəxr edirəm ki, Vətənini sevən, onun uğrunda canını əsirgəməyən övladlar böyütmüşəm! Allah şəhidlərimizə rəhmət eləsin!

Onu da qeyd edək ki, topçu qardaşlar ordumuzun erməni təxribatlarının qarşısını almaq məqsədilə 2022-ci ilin 24-28 mart tarixlərində Xocalı rayonu istiqamətində həyata keçirdiyi “Fərrux” əməliyyatında, həmçinin həmin ilin sentyabrında dövlət sərhədimizin Kəlbəcər istiqamətində baş vermiş döyüşlərdə də iştirak edərək qəhrəmanlıq nümunəsi göstəriblər. Onların xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Hər ikisi Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif ediliblər. Hərbi xidmətdən təxris olunduqdan sonra isə müharibə veteranları kimi növbədənkənar işlə təmin olunublar.

İndi isə onları yeni bir yol gözləyir – döyüşərək azad etdikləri ərazilərdən keçərək daimi yaşamaq üçün azad Xocalımıza aparan yol. Hər zaman yolunuz açıq, üzünüz ağ olsun, Xocalının igid oğulları!

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri

Sosial həyat