Payızın sakit gecələrində bir kövrəklik var. Bu, yaşlı adamın yaşam tərzinə - təəssüfə bələnmiş qayğılı günlərinə, cavablandırılası çətin suala oxşayır. Adam hər şeyi bir tərəfə buraxıb doyunca yatmaq, dərd-sərdən uzaqlaşmaq, rahatlanmaq istəyir.
Belə gecələr həm də insanın düşüncələrə dalması, bu dünyanın faniliyini bir daha xatırlaması, belə demək olarsa, özünün özünə hesabat verməsi üçün çox yaxşı məqamdı. O da var ki, yuxucul adam üçün nə yay, nə payız, başını balışa yox, lap quru daşın üstünə qoydumu, başlayır xoruldamağa. Sonra da lap top atsalar belə oyanmaq bilmir. Amma binəvalar var ki, nə yayın bürkülü axşamlarında, nə payızın sakit gecələrində ürəyinin istədiyi, gözünün acısını alacaq qədər uyuya bilmir. Biz də Allahın o qullarındanıq, hər şeydən təsirlənən, çox şeyin fikrini çəkən...
Şəhər mühiti belə dərdlilərin ömrünə balta çalır. Amma neyləyəsən ki, təkcə öz sağlamlığın, rahatlığın üçün hər şeyi şəhərdə buraxıb, birdəfəlik kəndə gedə bilmirsən. Bir də illər əvvəl qoyub gəldiyin kənd də o kənd deyil. Çox sular axıb, çox yerlər dəyişib, əvvəla, salam verib, salamını aldıqlarının çoxu köçünü çəkib gedib bu dünyadan. Yeni nəsillə də ki...Bir də, lap kəndə yox e, lap dünyanın o başına, insan ayağı dəyməyən adaya da getsən, bu dünyanın ağrı-acısından, nisgilindən, dərd-sərindən qurtara bilməyəcəksən...
Bu “lirik, sentimental” girişdən sonra hüzünlü bir payız axşamında yaşadıqlarımdan danışım sizlərə.
Canım sizlərə desin, bu ilin bir az qəribə və fikirli payızının daha bir gecəsi sübhə doğru ağır-ağır əriyib gedirdi. Yenə oyaq olduğumdan yataqda gecənin olaylarını “izləyirdim”. Qənaətimə görə, sübhə az qalır. Çünki arabir arxa küçədən maşınlar keçir. Bir də bunu ondan bilirdim ki, küçənin o biri tərəfindəki kafenin yanında dayanan taksi sürücülərinin səs-küyü evin içində adamı yatmağa qoymur. Məhəllədə dolaşan sahibsiz itlərin səsi gəlmir. Bir azdan küçədən işə tələsən qadının dikdaban ayaqqabılarının taqqıltısı eşidilməyə başlayacaq. Onda itlər də bu səsə “etiraz” əlaməti olaraq hürəcək və mışıl-mışıl yatan körpələrin yuxusunu pozacaqlar.
Sonra da məhəllədə hamının yaxşı tanıdığı Pakizənin uzun süpürgəsinin fışıltısı eşidiləcək. Küçənin o başından başlayıb deyinə-deyinə süpürgə ilə heç nəyin fərqinə varmadan, atılmış zir-zibili, boş butulkaları, konserv və plastik su qablarını süpürə-süpürə bizim binanın arxasındakı hündür ağacın altına toplayacaq. Pakizə heç vecinə də almır ki, küçəni süpürərkən ordan-bura yumaladığı boş qabların asfaltın üstündə danqıltısı camaatın başına düşür. Arabir də çoxlarının eşidə biləcəyi səslə: “Çörək gözünüzü tutsun, bərəkəti küçəyə tökməyin!” - deyir.
Yəqin ki, o, bu sözləri bilə-bilə ucadan deyir. Və ona görə belə deyir ki, ay qonşular, baxın, görün küçəyə nəyi atırsınız. Əgər mənim belə etməyimdən narahat olmaq istəmirsizsə, təmizliyi gözləyin, zibilinizi balkondan küçəyə yox, zibil qablarına atın. Bir də deyilənə görə, Pakizə bu səs-küyü qonşumuz Gündüzə görə eləyir. Çünki məhəllə uşaqları yalan-doğru danışırlar ki, Pakizə Ağabala kişinin dustaqxanadan təzə çıxmış oğlu Gündüzü sevir, özü də dəlicəsinə. Noolar. Şair doğru deyir: “Bəzən eşqi çox gözəldi, özü gözəl olmayanların...” (Fikrət Qoca). Amma insafən, Pakizə çirkin də deyil. Vallah, özünə yaxşı baxsa, geyinib-keçinsə, çox oğlan ona minnətçi düşər. Ancaq Pakizə eşqində sabitqədəmdi. Deyir, gözümün görəcəyi Gündüzdü. Gündüz də ki, əhlikefin biridi, Pakizənin məhəbbətinə məhəl qoymur. Ah, gidi dünya!
Sən demə, onlar orta məktəbdə bir oxuyublar və bu sevgi macərası da o illərdə başlayıb. Ata-anası dünyasını dəyişəndən sonra Pakizə bizim qonşu binada yaşayır. Deyir ki, mənim uşaqlığım bu məhəllədə keçib, başqa yerdə yaşaya bilmərəm. Amma çoxları bilir ki, o, Gündüzə görə buradan köçüb getməyib və illərlə onun “türmə”dən qayıtmasını gözləyib. Bir az nağıla bənzəyən bu sevgi hətta məhəllə şairləri tərəfindən nəzmə də çəkilib:
A Pakizə, Pakizə
Saqqızını ver bizə,
Səni verək Gündüzə...
Pakizə yenə küçəni süpürə-süpürə bizim binanın arxasına doğru gəlirdi. Yenə boş şüşə və dəmir qablar danqıldaya-danqıldaya onun süpürgəsinin qabağında lazımi yerə tərəf irəliləyirdilər...
Bir azdan qəfil maşın səsi gəldi və guppultu eşidildi... Sonra qadın qışqırığı. Yataqdan qalxıb pəncərəyə tərəf yüyürdüm. “Mercedes” küçənin kənarındakı böyük ağaca çırpılmışdı. Tez geyinib qapıdan çıxdım. Avtomobilin qabaq hissəsi tamam əzilmişdi. Ancaq sürücü gözə dəymirdi. Küçənin o biri tərəfində müştəri gözləyən taksi sürücülərindən biri dedi ki, yüksək sürətlə gələn “Ceep” qırmızı işığı gözləmədən keçdi. “Mercedes”in sürücüsü isə vəziyyətdən çıxmağa çalışdı, axırı da belə oldu. “Ceep” heç saxlamadı da. Yazığın heç bir günahı olmasa da, qolunun biri qırıldı, sifəti iki yerdən bərk parçalandı. Bu binada yaşayan Ağabala kişinin oğlu Gündüzdür...
Bir qədər dayanıb evə qayıdırdım. Küçənin o qədər də işıqlanmayan hissəsində Pakizə divara qısılıb için-için ağlayırdı...
Səməd MƏLİKZADƏ