Köynəklərin göynəkli mənzərəsi

post-img

Modabazlıq hərfi mənasında dəbə uyma, moda düşkünlüyü mənalarını ehtiva edir.

Amma bəzən dəbə aludəlik ifrat həddə çatır. Əyin-başları ilə fərqlənmək istəyənlər bilərəkdən, ya bilməyərəkdən özlərini gülünc hala salırlar. Lovğa-lovğa küçələrdə gəzir və ikrah doğurduqlarını bilmirlər. Şair də belələrinə baxıb təəccüblənir:

Hardan çıxıb ədəbazlar,
Yekəxana modabazlar?

Telekanallardan, internetdən gördüklərini kor-koranə götürüb əyinlərində sərgiləyən üzdəniraq soydaşlarımız məkan, mentalitet fərqinə varmır, pis nümunə olduqlarını anlamır, ya da anlamaq istəmirlər. Sinəsi, kürəyi, dizdən bir qarış yuxarısı açıq qızlar, alt paltarı tipli “şortik” (diz boyunda və daha qısa şalvar) və “mayka” (qolsuz və yaxalıqsız yay köynəyi) geyinmiş saqqallı oğlanlar Bakıda, Sumqayıtda, necə deyərlər, “itə tök” qədərdir. Abır-həya itib gedir. Bəzən düşünürsən ki, bircə qış tez gəlsəydi, bəlkə, bu biabırçılığa bir neçə aylıq da olsa, son qoyulardı.

Təqdim etdiyimiz şəkilləri bu günlərdə paytaxtın küçələrində “paparatsi” sayağı çəkmişik. Ehtiyar eləmişik ki, dönüb adamla dalaşarlar. Qızın belindəki yazını az-çox bildiyimiz ingiliscədən belə tərcümə etdik: “Fərqli olmana ehtiyacım var (?!)”. Digər şəkildəki oğlansa lap “gül” vurub, – desək, doğru ironiya olar. Onun maykasının arxasında, görün, nə yazılıb: “Paranoid və toplum. Qurulu dünya çıldırdı” (?!).

Əvvəla, o qız, sanki, sevgilisinə aşkarca intim mesaj (ismarıc, iltimas) ünvanlayıb ki, bu da qəti olaraq yolverilməzdir. Oğlanın maykasındakı yazıya gəlincə isə, xatırladaq ki, “paranoid” yunanca psixi sağlamlıq probleminin mənşəyi “paranoya” sözündəndir və irrasional düşüncələrlə müşayiət olunan güclü inamsızlıq, narahatlıq, ətraf mühitdən qorxma ilə xarakterizə olunan bir vəziyyət anlamındadır. Qısası, “ağlını itirmək” deməkdir. Təəssüf ki, həmin oğlanın cəmiyyətə hansı ismarıcı verdiyini anlamaq çətindir. Bunun bayağılıq, əqidəsizlik və mənasızlıqdan özgə adı varmı?

Bir vaxt bəzi gənclər sinəsinə Çe Gevarının məşhur şəkli həkk olunmuş köynəklər geyinib gəzirdilər. Daha bilmirdilər ki, Komandante Çe öz dövrünün bin Ladeni olub, yüzlərlə günahsız insanı, uşaq-qoca demədən, boynunun dalından güllələyib. Qısası, aşkar terrorçu olub...

Bəlkə, ətrafımıza nəzər salaq və ailə üzvlərimizin, qohum-qonşumuzun, tanış-bilişimizin anlar-anlamaz əyinlərinə keçirdikləri “tapmaca” yazılı əlbisələrə görə onlara irad tutmaq cəsarətində bulunaq? Kömək edərmi?

Ə.ƏLİYEV
XQ



Sosial həyat