Dünən Heydər Əliyev Mərkəzində Şərq ölkələrinin filmlərinin dünyaya tanıdılması üçün vacib platforma rolunu oynayacaq “Omarket”in (Şərq ölkələrinin kino marketi) açılış mərasimi keçirilib.
Bu açılış Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə ölkəmizdə ilk dəfə keçirilən “Baku Cinema Breeze” adlı böyük film festivalı çərçivəsində reallaşıb. Audiovizual sənayenin inkişafına istiqamətlənən tədbir “Yaradıcı Azərbaycan” layihəsinin tərkib hissəsidir. “Baku Cinema Breeze” indiyə qədər ayrı-ayrılıqda təşkil olunan bir sıra tanınmış festivalları bir araya gətirərək dünya kinematoqrafiyasının şedevrlərini nümayiş etdirmək üçün vahid şəbəkə rolunu oynayacaq.
Qonaqlar əvvəlcə yaradıcı sənaye nümayəndələrinin fəaliyyətinin tanıdılması məqsədilə təşkil edilən sərgi ilə tanış olublar. Sonra tədbirdə mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış edərək bildirib ki, ilk dəfə keçirilən “Baku Cinema Breeze” ölkəmizdə fəaliyyət göstərən bütün kino ekosistemini bir çətir altında toplayır. “Omarket”in təşkil edilməsi ölkəmizdə kino sənayesinin inkişafı üçün böyük potensialın olduğunu və dövlətimizin bu prosesə dəstək verdiyini göstərir.
Bildirilib ki, ümumilikdə “Baku Cinema Breeze” platforması 15-dən çox ölkənin nümayəndələrinin, 100-dən çox qonağın iştirak edəcəyi, müxtəlif ölkələrdən 300-ə yaxın filmin nümayiş ediləcəyi tədbirləri özündə birləşdirəcək. Platforma çərçivəsində keçirilən festivallar təkcə kino sənətinin inkişafına təkan vermir, həm də gənc və istedadlı rejissorlarımıza özlərini ifadə etmək, dünyaya çıxış əldə etmək imkanı yaradır. Beləliklə, Azərbaycan kinosu yalnız öz daxili auditoriyası üçün deyil, həm də beynəlxalq kino bazarı üçün əhəmiyyətli oyunçuya çevrilir. “Omarket” Şərq ölkələrinin filmlərinin dünyaya tanıdılması üçün vacib bir platformadır.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, film sənayesinin səmərəli şəkildə idarə edilməsi maliyyə, yaradıcı proseslər və insan resurslarının optimal şəkildə təşkil olunmasına bağlıdır. Bu əlaqələndirmə prosesi həm studiyalara, həm müstəqil prodüserlərə, həm də investorların öz maraqlarını qorumağa yönəlik mexanizmlərdən biridir.
Sonra “Omarket - sənaye lokomotivi, festivallar, yayım platforması, birgə istehsal” mövzusunda birinci panel iclası keçirilib. ABŞ televiziya sənədləri və elmləri akademiyasının üzvü Kamran Qasımovun moderatorluğu ilə panel müzakirələr təşkil olunub.
XQ