Şəhər bayramınız mübarək, əziz cəbrayıllılar!

post-img

4 Oktyabr Cəbrayıl şəhəri günüdür

2020-ci il oktyabrın 4-də Qarabağın güney qapısı sayılan Cəbrayıl erməni işğalından azad olunmuşdur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə həmin gün Cəbrayıl şəhəri günü elan edilmişdir.

1985-1993-cü illərdə “Bakinski raboçi” qəzetinin, mərkəzi Cəbrayıl şəhəri olmaqla, Mil-Muğan zonasının bölgə müxbiri kimi çalışırdım. O dönəmdə bu rayonun doğma yurda, torpağa qəlbən bağlı olan saf, mərd, hünərvər insanlarını yaxından tanımışam, onlarla dostluq, yoldaşlıq etmişəm. Xoşbəxtlikdən bu gün də səmimi əlaqələrimiz davam edir.

1990-cı illərin ortalarında quldur erməni yaraqlıları Cəbrayılın Hadrut rayonu ilə həmsərhəd olan kəndlərində ağır zorakılıqlar törətməyə başlamışdılar. O zaman Cəbrayılın əli silah tutan igidləri könüllü özünümüdafiə dəstələri düzəldərək ata-baba yurdunu düşməndən qorumağa başladılar. Həmin ağır və gərgin dönəmdə Cəbrayıl artıq ilk şəhidlərini vermişdi. Rayon polis şöbəsinin əməliyyatçısı, milis kapitanı Zahid Məmmədovun xətrini hamı çox istəyirdi, qeyrətli, vətənpərvər zabit idi. Erməni yaraqlılarının qəfil basqınına məruz qalan kənd sakinlərinə köməyə tələsən zaman yolda basdırılmış minaya düşərək şəhid olmuşdu.

Tələbə şəhid Fuad Əsədovun məsum olduğu qədər qürurlu siması heç vaxt yadımdan çıxmayacaq. Bu istedadlı gənc Azərbaycan İnşaat və Memarlıq Universitetinin tələbəsi idi. Bakıda dərslərini yarımçıq qoyub doğma Cəbrayıla gəlmişdi, könüllü olaraq ağır döyüşlərdə fəal iştirak edirdi və 1992-ci ilin yazında qəhrəmancasına şəhid oldu.

Elə həmin günlərdə rayonun Qaracalı kəndindən olan 14 yaşlı qorxubilməz yeniyetmə Samir Əliyev düşmənin ağlına belə gətirmədiyi keçilməz dağ yolları ilə səngərdə növbə çəkən döyüşçülərimizə onların doğmalarından ərzaq sovqatları, sevgililərindən məktublar gətirirdi. Samir o vaxt Avropada çox populyar olan qaradərili məşhur futbolçu Tiqanaya zahirən çox bənzədiyi üçün hamı onu elə bu adla da çağırırdı.

Bir ildən sonra 15 yaşlı “Tiqana” Cəbrayıl şəhəri uğrunda gedən ağır döyüşlərdə sinəsindən güllə yarası alaraq həlak oldu. Atası Qədir kişi, anası Əminə xala Samirin ölümünə ömürlərinin sonunadək inana bilmirdilər. Rəhmətliklər sinələrində ağır oğul dərdi gəzdirib Cəbrayılın azad olunduğu günü görmədilər.

Bütün bu qəhrəmanlıq və şücaət nümunələrinə baxmayaraq, 1993-cü il avqustun 23-də erməni silahlı birləşmələri Cəbrayılı işğal etdilər. Rayon əhalisi ölkəmizin demək olar ki, bütün şəhər və kəndlərinə səpələnərək ağır, nisgilli köçkün taleyi yaşamalı oldu. Mən cəbrayıllılarla tez-tez İmişli, Sabirabad və Biləsuvardakı çadır düşərgələrində və başqa yelərdə görüşürdüm. Onların hər biri düşməndən qisas almağa hər an hazır olduqlarını söyləyirdi.

Atalar düz deyiblər: Qisas qiyamətə qalmaz! 2020-ci ilin payızında Azərbaycan Ordusu Qarabağın azadlığı naminə Vətən müharibəsinə başladı. Qarabağda ağır döyüşlər başlananadan 7 gün sonra Cəbrayıl şəhəri azad edildi. Ali Baş Komandan İlham Əliyev həmin gün televiziya ilə xalqa müraciət edərək bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını, eləcə də cəbrayıllıları təntənə ilə təbrik etdi.

Hər birimiz dünyalar qədər sevinirdik. Bu tarixi qələbənin müharibənin sonrakı taleyində olduqca böyük əhəmiyyəti var idi. Belə ki, ilk dəfə olaraq yağı düşmənlə silahlı qarşıdurmanın 1-ci həftəsində rayon mərkəzimiz azad edilmişdi. Bu, Milli Ordumuza əlavə güc və inam verdi.

Son 4 ildə Cəbrayıl rayonu Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin diqqət və qayğısı ilə yenidən inşa edilir. Rayonda müasir yollar salınır, yaşayış binaları tikilir, məktəblər ucaldılır, geniş infrastruktur yaradılır.

Xatırladaq ki, cəmi 4 gün əvvəl Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb. Bu dəfə Cəbrayıl şəhərinə 40 ailə - 123 nəfər köçürülüb. İndiyədək Cəbrayıl şəhərində 117 ailənin, yəni 364 nəfərin daimi məskunlaşması təmin edilib.

Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə ehtiramlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Bölgə müxbiri kimi, Cəbrayılda məskunlaşdığım illərdə Araz çayının üzərində yerləşən tarixi Xudafərin körpülərini tez-tez ziyarət edərdim. O vaxt eşitmişdim ki, burada hər il erkən yazda Vətənin güneyindən quzeyinə uçub gələn qaranquşlar Arazdan su içir, sonra Qarabağa uçur, oradan da bütün Azərbaycana yayılırlar. Onillər, qərinələr, əsrlər boyu belə olub! Ornitoloqlar qeyd ediblər ki, Qarabağın işğal altında olduğu 27 ildə qaranquşlar bu yerlərə, bir dəfə də olsun gəlməyib. Onlar da sanki ermənilərin viran qoyduğu evləri görmək istəməyib...

Cəbrayıllı dostum bu yaxınlarda fəxrlə dedi ki, artıq 4 ildir qaranquşlar əvvəlki “marşrutlarını” bərpa ediblər. Onlar Cəbrayılda, bütün Qarabağda yeni ucaldılan evlərin eyvanlarında özlərinə isti yuvalar qurur, bu məmləkətin əsl sahiblərini doğma yurdda salamlayırlar.
Bayramınız mübarək, əziz cəbrayıllılar!


Məsaim ABDULLAYEV
XQ







Sosial həyat