Azərbaycan Mərkəzi Bankı (AMB) kiçik və orta biznes subyektlərinin “yaşıl” layihələrinin maliyyələşdirilməsi məqsədilə müəyyən təlimatların formalaşdırılmasına və müvafiq qanunvericilik bazasına dəyişikliklər edilməsinə başlayıb. Eyni zamanda, bazar inkişaf etdikcə sektordan gələn bildirişlər üzrə növbəti təkmilləşdirmələrin yerinə yetirilməsi nəzərdə tutulub.
COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bununla bağlı bildirib ki, AMB-nin “yaşıl” maliyyənin inkişafı məqsədilə hazırlayacağı “yaşıl” taksonomiya vasitəsilə ölkədə iqtisadi fəaliyyət “yaşıl” standartlar əsasında təsnifləşdiriləcək, beləliklə də, müəssisələr dayanıqlı və ekoloji təmiz investisiyalara daha çox dəstək alacaq.
M.Babayevin sözlərinə görə, taksonomiya KOB-ların “yaşıl” keçidini maliyyələşdirmək üçün mövcud maliyyə resurslarından daha səmərəli istifadə etməyə şərait yaradır. İnnovasiya sahəsində unikal imkanlara malik olan kiçik və orta biznes sistemi daha çevikdir, yeni texnologiyaların və iş modellərinin tez bir zamanda tətbiqini gerçəkləşdirir. Ona görə də “yaşıl” iqtisadiyyata keçid zamanı bu çeviklikdən istifadə edilərək təmiz enerji mənbələrinə, enerji səmərəliliyi və tullantıların azaldılması texnologiyalarına sərmayənin artırılması zərurəti qarşıya çıxır. Bu, həmçinin iqlim məqsədlərini həyata keçirmək üçün əhəmiyyətli addımdır.
Azərbaycan hökuməti bu addımların atılması ilə iqtisadiyyatın karbon intensivliyini azaldacağına, kiçik və orta biznes strukturlarının rəqabət qabiliyyətinin artırılacağına inanır. Ekspertlərin fikrincə, kiçik və orta biznes strukturlarının dayanıqlı təchizat zəncirlərinə inteqrasiyası üçün böyük şirkətlərin də onlarla əməkdaşlığı zəruridir. “Yaşıl” kiçik və orta biznes resurs mərkəzlərinin yaradılması isə bu özəl bölmə strukturlarının daha dayanıqlı təcrübələrə keçidini asanlaşdırır və onların lazımi bilik, məsləhət və texnologiya ilə təminatını gerçəkləşdirir.
Burada o da vurğulanmalıdır ki, “yaşıl” enerji sahəsində dövlətin atdığı addımlar ö zəl sektor və investorlar üçü n uzunmü ddətli baxış ı təmin edir və yeni layihələrin inkiş afına təkan verir. Amma bu çərçivədə dövlət və özəl sektorda ekoloji layihələrin sayının artırılması zəruriliyi də unudulmamalı, kiçik və orta biznes subyektləri dayanıqlı infrastruktur yaratmağa və “yaşıl” texnologiyalardan istifadə etməyə təşviq edilməlidir. Şübhəsiz ki, belə bir hal həm iqtisadi artımı, həm də ekoloji səmərəliliyi şərtləndirir. Kiçik və orta biznes strukturlarının bu keçiddə qarşılaşdığı maliyyə çətinliklərini aradan qaldırmaq üçün onların güzəştli maliyyə resurslarına çıxışı genişləndirilməlidir.
Yeri gəlmişkən, bu məsələdə Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti xüsusi diqqət çəkir. Belə ki, fond ətraf mühitinin mühafizəsi, emissiya tullantılarının atmosferə buraxılmasının azaldılması və “yaşıl” texnologiyalara dair layihələrə güzəştli kreditlər ayırmasında səmərəli fəaliyyət göstərir.
Xatırladaq ki, adıçəkilən maliyyə qurumu indiyədək bu istiqamətdə daxil olan müraciətlərə həssaslıqla yanaşıb. Fond indiyədək 5 “yaşıl” layihə üzrə 3,6 milyon manat dəyərində güzəştli kredit verib. İstehsal müəssisəsində günəş panellərinin quraşdırılması, elektrik doldurma stansiyasının yaradılması kimi təşəbbüslərin gerçəkləşdirilməsi mühüm önəm daşıyıb.
Hazırda ölkəmizdə bizneslərin 99 faizdən çox hissəsini kiçik və orta biznes subyektləri təşkil edir. Bu baxımdan, “yaşıl” artımın və “yaşıl” iqtisadiyyata keçidin təmin edilməsi böyük ölçüdə həmin strukturların “yaşıl” transformasiyasından keçir. İstilik effekti yaradan qazların emissiyasında daha çox pay sahibi olan tikinti, daşıma, sənaye, energetika, kənd təsərrüfatı kimi sektorlarda kifayət qədər kiçik və orta biznes subyektləri fəaliyyət göstərir. Onların enerji və xammal baxımından səmərəli texnologiya və təcrübələrin tətbiqinə önəm verməsi rəqabət qabiliyyətini daha da artırır.
Dünya təcrübəsi də göstərir ki, kiçik və orta biznes subyektləri çox vaxt təmiz texnologiyalar və biznes modellərində daha qabaqcıl olur. Onların çevik fəaliyyəti yeni tendensiyalara tez uyğunlaşır və innovasiyaları mənimsəyir, bazardakı dəyişikliklərə və istehlakçı seçimlərinə operativ reaksiya verir və bununla da sürətlə trendə çevrilən “yaşıl” iqtisadi uğurlar əldə edilir.
Dünya üzrə şirkətlərin 90 faizdən çoxu kiçik və orta biznes subyektləridir. Bu biznes strukturları məşğulluğun 70 faizini, ümumi daxili məhsulun 50 faizini təmin edir. Həmin biznes qurumlarının ətraf mühitə fərdi təsiri nisbətən kiçik olsa da, qlobal miqyasda istixana qazı emissiyasının 50 faizi, enerji istifadəsinin isə 30–60 faizi onların payına düşür. Milyonlarla kiçik və orta biznes subyektinin “yaşıl” iqtisadiyyata keçidi iqlim dəyişiklikləri ilə qlobal mübarizəyə öz müsbət töhfəsini verə bilər. Azərbaycanda fəaliyyətdə olan sahibkarların 99,6 faizini həmin subyektlər təşkil edir.
Azərbaycanın kiçik və orta biznes subyektlərinin sosial-iqtisadi inkişafda çəkisi və rolu artmaqdadır. Onların ÜDM-nin artmasında, məşğulluqda, azad olunan ərazilərimizin iqtisadi reinteqrasiyasında mühüm rolu var.