Oktyabrın 4-də İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Dənizkənarı Milli Park boyunca rəmzi 1,5 kilometrlik yürüş təşkil edilib.
BMT-nin Azərbaycandakı nümayəndəliyi və “Trendyol” şirkətinin dəstəyi ilə keçirilən yürüş qlobal istiləşməni 1,5°C ilə məhdudlaşdırmaq üçün təcili tədbirlər görməyin zəruriliyi barədə məlumatlılığı artırmağa yönəlib. Yürüş iqlim fəaliyyəti ilə bağlı kollektiv məsuliyyət və iqlim böhranı ilə mübarizədə həmrəyliyin, etimadın vacibliyini simvolizə edir.
COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai və BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva tədbirin açılışını edərək, iqlim dəyişikliyinin təsirlərini azaltmaq və həssas icmaların iqlimə davamlılığını gücləndirmək üçün qlobal və yerli səviyyədə kollektiv səylərin vacibliyini vurğulayıblar.
“Bu gün biz yalnız fərdi olaraq deyil, iqlim böhranını həll etməyə çalışan vahid bir icma kimi addımlayırıq. Bu 1,5 kilometrlik yürüş bizə xatırladır ki, 1,5°C bir seçim deyil, gələcəyimizi və Xəzər dənizi kimi həssas ekosistemləri qorumaq üçün hörmət etməli olduğumuz həddir,” - deyə Vladanka Andreyeva bildirib.
Yürüş hökumət rəsmiləri, BMT nümayəndələri, vətəndaş cəmiyyəti təşkilatları, əlilliyi olan şəxslər, özəl sektor və gənclər daxil olmaqla müxtəlif sektorlardan iştirakçıları bir araya gətirib. COP29 Məlumat Mərkəzindən başlayaraq Xalça Muzeyinə qədər davam edən yürüş hər kəsin ətraf mühiti qorumaq və iqlim dəyişikliyi ilə mübarizədə rol oynadığını vizual olaraq xatırladıb.
Yürüş noyabr ayında keçiriləcək COP29 öncəsi daha çox təşəbbüskarların birgə fəaliyyət göstərməsinə və müxtəlif maraqlı tərəflərin iqlim fəaliyyəti üçün əlaqələndirilməsinə təkan verib.