Energetika naziri Pərviz Şahbazov Braziliyada G20 tədbirləri çərçivəsində Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera ilə görüşlər keçirib.
Energetika Nazirliyinin məlumatına görə, IEA-nın icraçı direktoru Fatih Birolla görüşdə enerji bazarlarında vəziyyət və perspektivlər, həmçinin COP29 çərçivəsində əməkdaşlığa dair məsələlər müzakirə edilib. Görüş zamanı “Bərpaolunan enerji və enerji səmərəliliyinə dair qlobal vəd”in yerinə yetirilməsində Azərbaycanın təşəbbüskarı olduğu “Qlobal enerji anbarları və şəbəkələri öhdəliyi”nin vacib rolundan danışılıb. Bildirilib ki, “yaşıl” enerji zonası və dəhlizlər də daxil olmaqla iki öhdəlik Azərbaycanın bu sahədə təcrübəsindən irəli gəlir.
Bu il noyabrın 15-də “Enerji Günü”ndə keçiriləcək COP29 Fəaliyyət Gündəliyinin enerji təşəbbüslərinin elanına həsr olunmuş nazirlər səviyyəsində “dəyirmi masa”, bərpaolunan mənbələrin üç dəfə, enerji səmərəliliyinin isə ikiqat artırılması üçün investisiyaların çoxaldılması, neft və qaz sənayesinin sürətlə karbonsuzlaşdırılması, enerji keçidinə nail olmaq üçün infrastrukturun qurulması, elektrik sistemlərində ötürmə gücünün üçqat artırılması ilə bağlı tədbirlərdə agentliyin iştirakı və bu çərçivədə əməkdaşlıq imkanlarına nəzər salınıb.
Görüş zamanı energetika naziri və İEA-nın icracı direktorunun həmsədrliyi ilə keçiriləcək “Enerji keçidi üzrə 4-cü yüksək səviyyəli dialoq”la bağlı da fikir mübadiləsi aparılıb, “EU4Energy” proqramı çərçivəsində IEA tərəfindən hazırlanmış “Azərbaycan üçün enerji səmərəliliyi üzrə Yol Xəritəsi”nin təqdimatına həsr olunmuş tədbirin COP zamanı keçirilməsi təklifi müzakirə edilərək razılaşdırılıb.
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera ilə görüşdə də əsas diqqət COP29 zamanı agentliklə birgə təşkil olunan tədbirlərə yönəldilib. Bu xüsusda, Azərbaycanın ev sahibliyi ilə Pre-COP29 zamanı keçiriləcək “BƏƏ konsensusunun enerji nəticələrinin izlənməsi – hesabatın başlanması” tədbiri və Mərkəzi Asiya üçün Enerji Keçid İnvestisiya Forumunun təşkili məsələləri müzakirə edilib. Həmçinin IRENA-nın iştirakı ilə planlaşdırılan digər tədbirlər və aktual məsələlər nəzərdən keçirilib.