Su torpağın dirilik iksiridir

post-img

Buna görə də 120 min hektarda müasir suvarma sistemi quraşdırılıb

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən konfransda Azərbaycanda 120 min hektar ərazidə müasir suvarma sistemləri quraşdırıldığını bildirib. O qeyd edib ki, respublikamız iqlim dəyişikliyinin davamlı olması, ekstremal hava hadisələrinin çoxalması, yağıntı rejiminin dəyişməsi kimi ekoloji nəticələr və çağırışlarla üzləşir. İqlim dəyişikliyinin təsirlərinə və emissiyaların azaldılmasına hazırlaşmaq üçün ölkəmizdə səylər göstərilir. Belə sektorlardan biri də kənd təsərrüfatıdır.

Nazirlik rəsmisinin sözlərinə görə, Azərbaycanda illik su balansının yalnız 30 faizi ölkə daxilində formalaşır: “Respublikada, təxminən, 12 milyard kubmetr su istehlak edilir. Bunun 7-8 milyard kubmetri suvarma və kənd təsərrüfatı məqsədləri üçün istifadə olunur. Azərbaycanda, təxminən, 1,5 milyon hektar suvarılan torpaq sahəsi var. Ümumi əkin sahəsi 4,78 milyon hektardır”.

A.Cəfərli onu da əlavə edib ki, hökumət fermerləri, xüsusən də qadın fermerləri və ucqar ərazilərdə yaşayan fermerləri dəstəkləmək üçün təşviq proqramları həyata keçirir: “Azərbaycanda fermerlər müasir texnologiyaları və suvarma sistemlərini tətbiq etmək yolu ilə subsidiyalar və yaxud digər proqramlardan faydalana bilərlər”.

Ekologiya