Azərbaycan və Macarıstanın qlobal məsələlərə birgə baxışı

post-img

Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma ADA Universitetində keçirilən “COP29 işığında kənd təsərrüfatında və su ehtiyatlarının idarə edilməsində dayanıqlılıq və innovasiyalar” adlı beynəlxalq simpoziumda hər iki ölkənin yerləşdikləri önəmli coğrafi vəziyyətdən yararlanaraq, qlobal əhəmiyyətli məsələləri müzakirə etməyə çalışdığını bildirib.

Səfir çıxışında hazırda Macarıstanın Avropa İttifaqında (Aİ) sədrliyi həyata keçirdiyini, ümumilikdə, Aİ-nin rəqabət qabiliyyətinin artırılmasının Macarıstan sədrliyinin əsas məqsədlərindən biri olduğunu qeyd edib. T.Torma daha sonra deyib: “Kənd təsərrüfatında dayanıqlılıq və innovasiyalara dəstək vermək sədrliyimizin vacib hissəsini təşkil edir. Buna görə də Avropa kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılmasına, eyni zamanda ekoloji cəhətdən təmiz texnologiyalardan istifadə etməklə ekoloji izlərin azaldılmasına xüsusi diqqət yetirir”.

Səfir vurğulayıb ki, Macarıstan rəqabətədavamlı, resursları səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan, biliklərə əsaslanan və innovativ kənd təsərrüfatı və qida sənayesinin yaradılmasını hədəfləyir, eyni zamanda, innovativ kənd təsərrüfatı və qida sənayesinin iqtisadi sarsıntılara və hazırkı istehsala birbaşa təsir göstərən təbii amillərə daha dayanıqlı olmağı qarşıya mühüm vəzifə kimi qoyur.

Qeyd edək ki, ADA Universitetində Macarıstan, İtaliya və Qazaxıstan səfirliklərinin birgə təşkilatçılığı ilə keçirilən “COP29 işığında kənd təsərrüfatında və su ehtiyatlarının idarə edilməsində dayanıqlılıq və innovasiyalar” adlı beynəlxalq simpoziumda qlobal və regional perspektivlər müzakirə olunur, iqlim dəyişikliyinin təsirlərinə xüsusi diqqət yetirilir.

Ekologiya