Audit və ekoloji problemlər

post-img

Dünya bu gün biomüxtəlifliyin itirilmə təhlükəsi, hava və suyun çirklənməsi, təbii ehtiyatların həddindən artıq istehlak olunması kimi ciddi problemlərlə üzləşir. Bu isə yaşanan narahatlığın aradan qaldırılmasına ölkələr səviyyəsində yanaşma tərzininin kökündən dəyişməsini gündəmə gətirir, eyni zamanda, ekoloji problemlərə, iqlim dəyişikliyinə, davamlı inkişafa və ətraf mühitin qorunması üçün zəruri tədbirlərə diqqəti artırır. ETN İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru Yaşar Məmmədovla söhbətimiz də bu barədədir.

– COP29-un Bakıda keçiriləcəyi beynəlxalq səviyyədə mühüm hadisə kimi dəyərləndirilir. Bu barədə nə deyə bilərsiniz?

– “Yaşıl” iqtisadiyyat quruculuğu müasir tələblərə cavab verən ekoloji auditin və ya “yaşıl” nəzarət sisteminin tətbiqini zəruri edir, bu sahədə əsaslandırılan siyasətin icrasını gündəmə gətirir. Heç də təsadüfi deyildir ki, noyabrda keçiriləcək COP29-a beynəlxalq səviyyədə mühüm hadisə kimi yanaşılır və Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin müzakirəsi üçün ən vacib qlobal məkanlardan biri hesab olunur. COP29 konfransında dünya liderləri və mütəxəssislər istixana qazı emissiyalarını azaltmaq, iqlim layihələrini maliyyələşdirmək və dəyişən iqlim şəraitinə uyğunlaşmaq üçün ciddi strategiyaların hazırlanamsı ilə bağlı müzakirəyə xüsusi diqqət yetirəcəklər.

– İşğaldan azad edilmiş torpaqlarımız “yaşıl” enerji zonası elan edilib. Məqsəd 2050-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzuru xalis sıfır emissiya bölgələrinə çevirməkdir.

– Azərbaycan digər ölkələr kimi, ekoloji problemlərdən əziyyət çəkir. 30 ilə yaxın bir zaman ərzində Qarabağ və Şərqi Zəngəzurun işğalda saxlanılması minlərlə hektar meşələrin yandırılması və məhv edilməsi ilə nəticələnib. İşğal dövründə çaylarımızın, su anbarlarımızın çirklənməsi ümumi ekoloji vəziyyətə mənfi təsir göstərib. Hazırda ekoloji problemlərin aradan qaldırılması istiqamətində böyük işlər görülür. Bunlardan biri də dövlət başçımızın sərəncamı ilə düşməndən təmizlənən torpaqların “yaşıl” enerji zonası elan edilməsidir.

Sərəncamın icrası istiqamətində müvafiq konsepsiya hazırlanıb. Məqsəd işğaldan azad edilmiş ərazilərdə zəngin bərpaolunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz enerji ilə təmin etməkdir. Bunun üçün müxtəlif ssenarilərin tətbiqi ilə ərazilərin enerji tələbatı modelləri hazırlanıb. 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40 faizə qədər azaldılması və Qarabağda xalis sıfır emissiya zonası yaradılması niyyəti bəyan edilib.

“Yaşıl” enerji zonasının yaradılması çərçivəsində artıq düşməndən təmizlənən ərazilərdə bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsal edilir, elektrik nəqliyyat vasitələrinə üstünlük verilir, tikililərin damlarında bərpaolunan enerji qurğuları (xüsusən günəş panelləri) yerləşdirilir, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı “LED” lampalarının istifadəsi diqqətdə saxlanılır. İstilik, soyutma və isti su təchizatında bərpaolunan enerji texnologiyaları, “ağıllı” enerji idarəetmə texnologiyaları tətbiq edilir. Tullantıların enerji məqsədli idarə edilməsi kimi tədbirlər həyata keçirilir.

– “Yaşıl” auditin inkişafı ekoloji problemlərin həllində mühüm əhəmiyyət kəsb edir, nəzarət sistemini gücləndirir. Bu amil həm də ekologiyaya vurulan zərərin qiymətləndirilməsi və bu zərərdən əmələ gələn risklərin müəyyənləşdirilməsini gündəmə gətirir.

– Dünyada iqlim dəyişikliyi fəsadlarının genişləndiyi bir dövrdə ekoloji auditin imkanlarından geniş istifadəyə ehtiyac artır. Xüsusilə, ekologiyaya vurulan zərərin qiymətləndirilməsi və bu zərərdən əmələ gələn risklərin müəyyənləşdirilməsi həm təbiət istifadəçiləri, həm də nəzarəti reallaşdıran dövlət institutları, özəl və ictimai təşkilatlar qarşısında duran əsas vəzifələrdən biridir. Ekoloji problemlər münaqişə zonalarında daha ciddidir. Belə bir problemi Ermənistan dövləti yaradıb. Belə ki, işğalçı ölkənin 1988-ci ildə etibarən Azərbaycana qarşı ərazi iddialarını həyata keçirməsi, torpaqlarımızın 20 faizini tapdaq altına salması nəticəsində bu coğrafiya xarabalıqlara çevrilib, ekosistem dağılıb, onun təbii balansı pozulub, eləcə də məhsuldarlığı azalıb.

Hazırda həmin ərazilərdə quruculuq işləri həyata keçirilir, “yaşıl” texnologiyadan istifadə olunur. Müasir iqtisadiyyatda “yaşıl” texnologiya keçid ciddi maliyyə–kapital qoyluşunu önə çəkir. Eyni zamanda, “yaşıl” iqtisadiyyat quruculuğu bu sahədə maliyyə–texniki nəzarət sisteminin təkmilləşdirilməsini, idarəetmə və fəaliyyət proseslərinin ekoloji tələblərə uyğunluğunun qiymətləndirilməsini önə çıxarır. Bununla da “yaşıl” nəzarət sisteminin aparıcı qolu sayılan ekoloji audit qarşısına mühüm vəzifələr qoyulur.

– İqtisadi və ekoloji zərərin qiymətləndirilməsi ilə bağlı məcburi ekoloji auditin təşkili və keçirilməsi sahəsində vəziyyət necədir?

– Azərbaycan Respublikasına dəymiş iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi ilə bağlı məcburi ekoloji auditin təşkili və keçirilmə prosedurları müəyyən olunmalıdır. Ölkədə auditin bir çox qolları (müstəqil, dövlət və daxili audit) fəaliyyət göstərsə də ekoloji audit daha fərqli xüsusiyyətləri ilə seçilir. Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli qərarı ilə “Ekoloji auditor fəaliyyətinin aparılması qaydaları” adlı hüquqi sənəd mövcud olsa da, o çox yığcam və ümumi müddəaları ehtiva edir. Belə ki, Bu sənəddə ekoloji auditin aparılma metodologiyası və qiymətləndirmə mexanizmləri kimi bir çox mühüm müddəalar öz əksini tapmayıb. Müasir təcrübə deməyə əsas verir ki, müvafiq sənəd işğaldan azad olunmuş ərazilərimizə dəymiş ciddi zərərlərin qiymətləndirilməsinin öhdəsindən kifayət qədər gələ bilməz. Bu baxımdan ekoloji auditin aparılması ilə bağlı bir çox baxışın irəli sürülməsi məqsədəuyğun hesab oluna bilər. Ekoloji auditin dövlət tənzimlənməsi sisteminin yaradılması zəruridir. Ekoloji audit ekoloji cəhətdən təhlükəli ərazilərdə və konkret fəaliyyətlər üzrə həyata keçirilməlidir. Bunun üçün qanunvericilik bazası təkmilləşdirilməli və beynəlxalq standartlara uyğunlaşdırılmalı, texnoloji infrastruktur yaxşılaşdırılmalı, kadr hazırlığı gücləndirilməli və təlim proqramları genişləndirilməlidir.

Müsahibəni apardı:
P.ŞÖVKƏTOĞLU
XQ

Müsahibə