Bu ildən ölkəmizdə fəaliyyətə başlamış Türkiyə–Azərbaycan Universitetində tədris ingilis dilində, Orta Doğu Texniki, İstanbul Texniki və Haccettepe universitetlərinin təhsil proqramları əsasında aparılır. Bu ali məktəbdə tələbələrə Türkiyədə verilən təhsili ölkəmizdə almaq imkanı yaradılıb.
Təhsil müəssisəsinin mətbuat katibi Sevinc İsgəndərova bizi universitetdə yaradılmış şərait, tələbə və müəllimlərlə tanış etdi. Bina tamamilə təmir edilib, ən son avadanlıqlarla təchiz olunub. Laboratoriya, kompüter və digər otaqlarda keyfiyyətli tədris üçün şərait yaradılıb. O bildirdi ki, Orta Doğu, İstanbul Texniki və Haccettepe universitetləri Azərbaycandan isə Texniki Universitet TAU-da tədris prosesinə tərəfdaş kimi cəlb olunub:
– Yeni və “çətir universitet” modeli hesab edilən Türkiyə–Azərbaycan Universiteti iki ölkənin birliyini qoruyacaq düşüncədə gənclərin yetişdirilməsinə xidmət edəcək. Bu universitetdə dərs keçən bütün müəllimlər Türkiyədən göndərilib. Sonda məzunlara buranın və tərəfdaş universitetlərin diplomları veriləcək. Bu il DİM xətti ilə 86 azərbaycanlı tələbə qida mühəndisliyi, sənaye mühəndisliyi və kompüter mühəndisliyi ixtisaslarına qəbul edildi. Düzü, yüksək bal toplamış abituriyentlərin Türkiyə–Azərbaycan Universitetini seçəcəyini gözləyirdik. Bunun üçün mediada kifayət qədər təbliğat aparıldı, açıq qapı günləri təşkil edildi. Bu universiteti seçən tələbələrin imtahan balları gözlədiyimizdən də yüksək idi.
Tələbələrin bir qisminin ingilis dilində oxumaq çətinliyi var. Onlar hazırlıq kurslarına cəlb olunublar, növbəti ildən 1-ci kursa başlayacaqlar.
Bu gün ixtisaslara baxış bucağı da dəyişib. İllər öncə hüquqşünas, həkim olmaq istəyənlər çox idi. İndi mühəndis ixtisaslarına maraq artıb. 3 mühəndislik sahəsi üçün burada hər bir şərait var. Nəzəriyyə və təcrübə paralel şəkildə öyrənilir. Dövlətimizin dəstəyi və Türkiyənin tərəfdaşlığı ilə yaradılan bu universitetin tələbələri yaxşı təhsil almaqla yanaşı, mənimsədikləri biliyin qarşısında yüksək iş imkanlarına da sahib ola biləcəklər.
Orta Doğu Texniki Universitetinin müəllimi Mətin Özdəmir təcrübəli mütəxəssis kimi Bakıya göndərilib. ODTU dərs proqramlarının uyğunlaşdırılmasına məsul şəxsdir. O bildirir ki, tədris ingilis dilində olduğu üçün tələbələrin bu dildə rahat danışmalarını, akademik həyatlarında uğurlu olmalarını istəyirik. Bir il müddətində əsas hədəfimiz tələbələrin ingilis dilini tam mənimsəmələri üçün bütün imkanlardan istifadə etməkdir:
– Mən ODTU-da ingilis dili üzrə bir çox fərqli səviyyələrdə dərs keçdiyim üçün tələbələrə akademik səviyyədə ingiliscə yazmaq və danışmaq dərsləri verirəm. Düzü, tələbələrin bilik səviyyəsindən razıyıq. Burada təhsil alanlar da, müəllimlər də həvəslidirlər.
Yeni sistemi qurmaq, ingilis dilini tələb olunan səviyyəyə çatdırmaq üçün Mətin müəllimlə Azərbaycana gəlmiş 4 müəllimdən biri olan Ümman Tümkaya söhbətimizə qoşuldu:
– 25 ilə yaxındır ki, müəlliməm. Buradakı işimiz daha məsuliyyətlidir. Çünki başlanğıcı biz qoyuruq. Digər tərəfdən Bakıya ilk dəfə gəldiyimiz üçün yerli şəraitə alışmağa çalışırıq.
Anıl Albağlar isə bildirir ki, 15 ildir Orta Doğu Texniki Universitetində işləyib:
– Mən hazırlıq proqramında ingilis dilini tədris edirəm. Həvəsli olmaları baxımdan burdakı universitetin tələbələri ilə Orta Doğu Texniki Universitetdə təhsil alanlar arasında fərq görmürəm. Əslində, ingilis dili bilgiləri də eynidir. Sadəcə, tələffüz zamanı bir qədər çətinlik çəkirlər. O da ana dilinin leksikonundan irəli gəlir. Mən bir il “intermediate” səviyyəsində ingilis dilini tədris edəcəyəm. ODTU-da necədirsə, burada da o şəkildə olacaq.
Təkcə öyrətməklə kifayətlənməyib, azərbaycanlı tələbələrdən də nələrisə öyrənməkdə maraqlı olan Mediha Toraman Bakıdakı fəaliyyətindən həvəslə söz açdı:
– 15 il müəllimlik təcrübəm var. Görürəm ki, tələbələrin fikri yalnız dərsdədir, pedaqoqları yaxşı dinləyirlər, mənimsəmə bacırqları yüksəkdir. Bu, Türkiyə–Azərbayan Universiteti üçün güclü başlanğıc ola bilər.
Səlimə Tabanlıoğlu da həmkarlarının fikirlərinə şərik çıxdı:
– Biz buraya 1 il müddətinə göndərilmişik. Məqsədimiz ingilis dilini yetərli səviyyədə tələbələrə mənimsətməkdir. Azərbaycanlı tələbələr həvəslidirlər, öyrənməyə yüksək maraq göstərirlər. İnanıram ki, zəhmətimiz hədər getməyəcək.
Tələbələr isə universitetdən, müəllimlərindən, tədris prosesinindən məmnunluqla söz açdılar. Hər biri yüksək bal toplayıb və yeni ali məktəbə mükəmməl mühəndis olmaq arzusu ilə gəlib.
Onlar da TAU-nu seçməkdə peşman olmadıqlarını söylədi. 645,5 balla kompüter mühəndisliyi ixtisasında təhsil alan Tuncay Qafarlı universitetdə təhsilin yüksək səviyyədə olduğunu dedi:
– Universitetin şəraiti, müəllimlərin tələbkarlığı çox yaxşıdır. Türkiyənin 3 universitetinin proqramları burada tətbiq olunur. Ailəm və orta məktəb müəllimlərim də bu universiteti seçmək fikrimi əvvəlcədən dəstəklədilər. Burada şanslar daha çoxdur.
Elyura Hümbətova da qrup yoldaşının dediklərini təsdiqlədi:
– Seçim zamanı tərəddüddə olsam da, Türkiyə–Azərbaycan Universitetinin təhsilinin yüksək olduğunu düşünürdüm. Elə gözlədiyim kimi də oldu. Dərslərimiz ingilis dilində aparılır. Bizə hər şeyi dərindən öyrədirlər. Mənim məqsədim proqramçı olmaqdır. İstəyirəm ki, ixtisasımı çox yaxşı bilim, sahəmin əsl mütəxəssisinə çevrilim.
Rizvan FİKRƏTOĞLU
XQ