“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) Dünya İrsi Şəhərləri Təşkilatına təqdim etdiyi “Bakı Xan Sarayı Kompleksi” layihəsi “Jean-Paul-L’Allier İrs Mükafatı”nın qalibi olub.
İdarədən bildirilib ki, İspaniya Krallığının Kordoba şəhərində təşkil olunan və Dünya İrsi Şəhərləri Təşkilatının üzvü olan 100-dən çox tarixi şəhər rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə keçirilən 17-ci Dünya Konqresinin açılışı zamanı təşkilatın prezidenti və Kvebek şəhərinin meri Bruno Marchand “İçərişəhər”in qalib şəhər seçildiyini rəsmi şəkildə elan edib.
“Jean-Paul-L’Allier İrs Mükafatı” Dünya İrsi Şəhərləri Təşkilatı tərəfindən 2009-cu ildən etibarən iki ildən bir təqdim olunur. Mükafat üzv şəhərlərdə tarixi şəhər ansamblının qorunması, təkmilləşdirilməsi və ya yaxşı idarə edilməsi üçün həyata keçirilən layihələrin və proqramların beynəlxalq səviyyədə tanıdılması məqsədilə təsis olunub.
Çoxsaylı namizədlər sırasında son mərhələyə 12 finalçı (Kvebek, Krakov, Kotor, Mexiko, Vizbi və digər şəhərlər) çıxsa da, onların arasında “Bakı Xan Sarayı Kompleksi” layihəsi qalib seçilib. İdarənin təqdim etdiyi “İçərişəhərdə həyat keyfiyyətinin yaxşılaşdırılması: Bakı Xanlarının Parkı və Bakı Xan Sarayı Kompleksi” layihəsi təşkilatın müxtəlif üzv şəhərlərdən olan münsiflər heyəti tərəfindən mükafata layiq görülüb. İçərişəhərin rəsmi olaraq qalib elan edilməsindən sonra “İçərişəhər” DTMQİ tərəfindən konqres iştirakçıları üçün layihənin təqdimatı keçirilib.
Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2016-cı ildən Dünya İrsi Şəhərləri Təşkilatının (OWHC) üzvüdür. 1993-cü ildə təsis olunan və baş qərargahı Kanadanın Kvebek şəhərində yerləşən OWHC-nin 200-dən çox üzvü var. Üzv olan tarixi şəhərlərin hamısı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxildir.