Milli ideya və millət ideyası

post-img

II məqalə

Din, milli ideya və millət

Milli ideya ilə millət anlayışlarının müqayisəsi kontekstində maraqlı və düşündürücü olan özəllik bir sıra böyük dövlətlərin birbaşa dini kimlikdən əsas mənəvi, əxlaqi və şüuri ənənə kimi istifadə etməklə bu məsələyə məzmun vermələri ilə bağlıdır. Rusiyanın nümunəsində bunun bir sıra aspektlərinə nəzər sala bilərik. XIX əsrdə V.Solovyov rus milli kimliyi və milli ideyasını “Moskva – üçüncü Roma” tezisi ilə izah edirdi. Rus filosoflar araşdırmalarında dini ənənəni milli ideyanın təməlinə qoyurdular. “Rus ideyası” buradan qaynaqlanırdı.

Müasir araşdırmalarda da buna oxşar vurğular mövcuddur. Məsələn, A.V.Aqeyev yazır: “Kimsənin ağlına gəlmir ki, kütlə potensial millət kimi ilk dəfə olaraq katolik kilsəsinin ideyası ideoloji məzmun alandan sonra formalaşdı, daha dəqiqi - teoloji məzmun aldı (xristianlıq İsasız məzmunlaşdığı kimi)” .

Buradan tədqiqatçı müasir mərhələdə millət ideyasına maraqlı keçid edir. Onun yazdığına görə, “cəmiyyətin texnogenliyi” indiki mərhələdə sosial varlığa malik olmanın “zəruri nümayişidir”. Eyni zamanda, filosofun fikrinə görə, “kimsənin şübhəsi olmaması üçün, millət ideyası keçmişdə, indi də və gələcəkdə ənənə ixtira etmək vasitəsilə konstruksiya olunur”.

İnanmaq çətindir ki, millət ideyası üçün ənənə “ixtirası” yalnız “kimsənin şübhəsi olmaması” üçün edilir. Burada hər bir tarixi və sosial-mədəni gerçəkliyin kollektiv şüurda obrazı təməl rolunu oynayır. Yəni insanlar və ya kütlə boş yerdən özündən ideya yarada bilməz. Məntiqi olaraq da, əgər doğrudan kütlə şübhə olmaması üçün nə edirsə, deməli, onun öncədən nəyin şübhə, nəyinsə qeyri-şübhə olması haqqında dəqiq təsəvvürü olur. Bu məqam kütləyə konkret istiqamət verir və ona uyğun ideya məqsədini ortaya qoyur. Bu, “konstruksiyadır”, təbii ki, lakin insanın hər bir fəaliyyət növü müəyyən mənada konstruksiyadır – insanın “quraşdırmasıdır”! B.Andersonun “millət təxəyyüldür” fikrini də vurğulanan məqamların ideya və praktiki sərhədləri çərçivəsində qəbul etmək daha doğrudur. Yəni real olaraq millət kollektiv birgəyaşamın əyani formasıdır, struktur-funksional gerçəklikdir.

Eyni zamanda, o, hər şeydən öncə, ənənəyə əsaslanan və sosial, mədəni, tarixi, sivilizasion faktorların qarşılıqlı təsirində formaşalan “ideya”dır. B.Anderson bir qədər də irəli gedərək vurğulayır ki, Avropa millətlərində dövlət əsas olaraq “beyində formalaşmışdır” və Böyük Britaniya burada istisnadır, çünki ingilislər dövləti nəzəriyyə və konsepsiya əsasında deyil, qədimdən praktiki fəaliyyətdə, birgəyaşamın gündəlik gerçəkliyində aldıqları təcrübə əsasında yaratmışlar (Andersonun fikridir).

Belə alınır ki, məsələn, italyanlar və ya almanlar dövlətlərini artıq mövcud olan konsepsiyalar əsasında yaratmışlar və bu da yekunda həm millət, həm də milli ideya anlayışlarının məzmununa təsir etmişdir. Belə olduğu halda da millət və milli ideya anlayışlarının tarixi, sosial, mədəni və sivilizasion ənənəyə söykənmiş olduğu nəticə alınır. Millətlər və onların milli ideyaları bu ənənənin üzərində bərqərar olurlar.

Bütün bunların fonunda A.V.Aqeyev maraqlı bir nəticəyə gəlir. O, “texnogen kvazidin” anlayışını daxil edir və yazır ki, bu, “millət ideyasının mahiyyətini ehtiva edir”. Həmin keyfiyyətdə bu ideya etnomədəni subyektliyin ilkin obrazından ayrılaraq “özünü substansiya kimi təsbit edir”.

Deməli, vurğulanan yanaşmaya görə, müasir mərhələdə millət ideyası və milli ideya “kvazidin”ə söykənir və bu əsasda konstruksiya olunur.

Demokratik, multikultural milli ideya örnəyi

Demokratik, multikultural dəyərlərə əsaslanan, tarixi, sosial-mədəni, sivil ənənə üzərində bərqərar olan milli ideya da mövcuddur. Azərbaycan Respublikasının milli ideyası məhz bu xarakterdə və mahiyyətdədir. Artıq bu tezisi irəli sürməyə imkan verən konkret təcrübə də mövcuddur. Biz, keçən əsrin 90-cı illərinin əvvəllərində ulu öndər Heydər Əliyevin müəyyən etdiyi milli ideyanın məzmun və məqsədinə əsaslanaraq, məsələni bu cür qoyuruq.

Azərbaycan Respublikası keçən əsrin 90-cı illərinin əvvəllərində çətin bir vəziyyətə salınmışdı (xarici təzyiqlər, təcavüz və daxili səriştəsiz idarəetmə nəticəsində). Söhbət faktiki olaraq xüsusi səviyyədə özünü göstərən kritik durumdan gedir. Belə bir şəraitdə perspektivli milli ideya müəyyən etmək üçün zəngin dövlətçilik ənənəsi, tarixi təcrübə, liderlik səriştəsi, sosial-mədəni və sivilizasion dəyərlərə sadiqlik gərək idi. Azərbaycan cəmiyyət olaraq məhz bu keyfiyyətlərə malik olduğunu nümayiş etdirdi. Ulu öndər milli ideyanı “ərazi bütövlüyünü təmin etmək” kimi müəyyən edərək, Azərbaycanın ən kritik durumda belə proqressiv strateji qərarların qəbuluna qadir olduğunu sübut etdi.

Aparılan təhlillər göstərir ki, milli ideyanın formalaşmasında və məzmunlaşmasında tarixi, geosiyasi, etno-mədəni, sosial-mədəni, sivilizasion faktorlar kompleks halında ciddi iştirak edirlər. Onlar faktiki olaraq milli ideyanın məzmunu ilə yanaşı, strateji hədəfini də müəyyən etməyə imkan yaradırlar.

Lider və milli ideya

Ancaq bunlarla yanaşı, geosiyasi və tarixi-mədəni kontekstdə çox mühüm bir faktoru da nəzərə almaq gərəkdir. Biz, liderin yuxarıda vurğuladığımız bütün şərtlər daxilində fəaliyyətinin həlledici rol oynadığını nəzərdə tuturuq. Məsələ ondan ibarətdir ki, ən zəngin tarixi-mədəni və geosiyasi təcrübəyə malik dövlətdə belə, lider çağdaş tələblər səviyyəsində fəaliyyət göstərmirsə, onun təsir dairəsi inklüziv legitim deyilsə və qəbul etdiyi qərarlara toplumsal inam yoxdursa, ən yaxşı nəzəri milli ideya belə reallaşmaya bilər.

Çünki milli ideya statik faktor deyildir – o, çox dinamik və feili aktivlik tələb edən praktiki fenomendir. Özü ideya şəklində mövcud olur, lakin şüur vasitəsilə kollektivi daim hərəkətə səsləyir. Yalnız ideya və praktiki davranış sistemi kimi milli ideya gerçək anlam ala bilər. Bundan kənarda o, mücərrəd obraz kimi real təsiri olmayan ideya olaraq qalacaqdır. Məsələnin bu aspektində liderin rolu ön plana çıxır.

Birincisi, lider milli ideyanı dövrə adekvat müəyyən etməlidir. O, incə şəkildə dövləti, toplumsal, etno-mədəni, sosial, geosiyasi, sivilizasion faktorların qarşılıqlı əlaqəsindən alınan nəticələri dəqiq aydınlaşdırmalıdır. Bu əsasda milli ideyanı elə müəyyən etməlidir ki, bütövlükdə cəmiyyət üçün aktual məsələ olsun. Nümunə kimi, Heydər Əliyevin ərazi bütövlüyünün bərpası məsələsini zamanında və düzgün kontekstdə milli ideya kimi müəyyən etməsini göstərə bilərik. Həmin dövrdə Azərbaycan cəmiyyəti üçün ən aktual məsələ işğala son qoymaqdan ibarət idi. Bunu aparılan çoxlu sayda sosioloji tədqiqatlar və vətəndaşların daxili canatmaları sübut edir. Lakin məhz Heydər Əliyev işğala son qoymaq məsələsini milli ideya səviyyəsində lakonik və konkret ifadə edə bildi. Özlüyündə “ərazi bütövlüyünü bərpa etmək” olduqca səmərəli tapıntıdır.

Məsələ ondan ibarətdir ki, həmin dövrdə siyasi dairələrdə abstrakt demokratiya və liberalizm kimi ideyalar üstünlük təşkil edirdi. Bundan başqa, Heydər Əliyevə qədər Azərbaycanda iki iqtidar oldu. Lakin onların heç biri ərazi bütövlüyünün bərpasını milli ideya kimi müəyyən edə bilmədi.

İkincisi, lider qəbul edilən milli ideyanın gerçəkləşməsinə tam imkan yaradacaq idarəetmə üsulu və strukturları yaratmalıdır. Azərbaycanda 1993-cü ilin iyunundan başlayaraq dövlət idarəetməsində bu məqsədə xidmət edən islahatlar aparılmış və davamlı olaraq tədricən qarşıya qoyulan milli məqsədə doğru inkşaf baş vermişdir.

Üçüncüsü, lider dövlətin və cəmiyyətin təhlükəsizliyi üçün sistemli, ardıcıl və nəticəverici tədbirlər görməlidir. Bunun üçün daxili və xarici siyasətin prioritetləri düzgün müəyyən edilməlidir. Xarici siyasətdə təhlükəsizliyin kompleks halında təmini üçün düşünülmüş siyasi-diplomatik addımlar atılmalıdır.

Milli ideya və millətin formalaşması

Belə alınır ki, milli ideyanın uğurlu və nəticəverici olması çoxlu sayda amillərin qarşılıqlı əlaqəsi sayəsində mümkündür. Burada tarixi-mədəni, etno-mədəni, siyasi, geosiyasi və sivilizasion dəyərlər təsirli rol oynayırlar. Ancaq onlar bir yerdə milli ideyanın substantiv bazasını, potensial sahəsini təşkil edə bilirlər. Həmin potensialın reallaşması və ya reaktuallaşması üçün liderə ehtiyac vardır. Bütün tarixi dönəmlərdə və ölkələrdə milli ideya məhz bu kontekstdə təzahür edə bilmişdir.

Bu özəlliyin dərin fəlsəfi anlamı vardır. Belə ki, milli ideya özlüyündə baxışlar, fikirlər və mənəvi-əxlaqi faktorlardan formalaşsa da, onun gerçək olması üçün feili aspekt həlledici rol oynayır. Fəlsəfi olaraq, bu, sonsuz ideya prosesinin hər mərhələdə praktiki reaktuallaşamasının mühüm şərt olduğu anlamını verir. Bu mənada milli ideya həm substandır, həm də praktiki fəaliyyət üsuludur.

Bu keyfiyyətdə milli ideya həm ideya kimi stimul verəndir, həm də praktiki fəaliyyət növü olaraq reallaşma mexanizmidir. Milli ideyanın fəlsəfəsinin bu iki aspekti sintez halında onun konkret məzmun və məqsədini müəyyən edir.

Bütün bunlardan belə bir məntiqi nəticə çıxır ki, milli ideyanın mahiyyəti ilə formalaşdırıldığı cəmiyyətin reallıqları arasında konkret tarixi dönəmdə sıx bağlantılar vardır. Bundan başqa, milli ideyanın məzmun almasında liderin oynadığı rol belə fikir yaradır ki, millət ideyası ilə milli ideyanın münasibətlərində maraqlı bir aspekt də mövcuddur. Yəni lider milli ideyanı düzgün müəyyən etməklə millət ideyasını da zənginləşdirir. O mənada ki, bütövlükdə, millətin inkişafı prosesinə zamanın tələblərinə uyğun istiqamət verir, strateji məqsədlər müəyyənləşdirir. Həmin anlamda fəlsəfə və politologiya üçün milli lider ideya-millət anlayışlarının qarşılıqlı əlaqəsi daha da aktual problem kimi qəbul edilməlidir.

Milli ideya və millət ideyasının yeniləşməsi

Yenə də Azərbaycan nümunəsində problemin bu aspektinə aid nümunələr göstərmək olar. Heydər Əliyev XX əsrin 90-cı illərində milli ideyanı “ərazi bütövlüyünü bərpa etmək” kimi müəyyən etməklə həm də həmin mərhələdə Azərbaycanda millətin inkişafının istiqamətinə konkret məzmun vermiş oldu. Toplum kollektiv varlıq kimi özü üçün ümumi təkamül yolunu dəqiqləşdirdi. Hansı amal uğrunda inkişaf etməli olduğunu dərk etdi.

Bu proses, təbii ki, Azərbaycanda millət ideyasının milli ideya kontekstində zənginləşərək yeniləşmə yönünü də aydınlaşdırmış oldu. Fərz etsək ki, milli ideya ərazi bütövlüyünün bərpası ilə deyil, məsələn, mücərrəd demokratik və liberal dəyərlərin bərqərar olması kimi müəyyən edilsəydi, indiki qalib toplum, millət və xalq yaranardımı? Mən bu suala müsbət cavab verə bilmirəm. Bunun iki səbəbi vardır.

Birincisi, ərazisinin bir hissəsi işğal altında olan heç bir ölkə, dövlət və cəmiyyət, sözün həqiqi mənasında, demokratik və liberal ola bilməz. Demokratiyanın klassikləri şərt kimi hüququ, insan haqlarını, qanunun aliliyini qoyurdular. Ərazisinin bir qismi işğal altında olan dövlət hansı əsasla hüquqdan, insan haqlarının təminindən və qanunun aliliyindən danışa bilər? Danışsa da, kim onun sözlərinə inanar? İlk sual belə olar: “öz dövlətinin, cəmiyyətinin və vətəndaşının hüquqlarını təmin edə bilmirsənsə, demokratiyanı necə başa düşürsən?” Yarımçıq dövlətçilikdə, natamam cəmiyyətdə və təbii hüquqları təmin edilməyən toplumda demokratiya və liberalizm yalnız gəlişigözəl söz ola bilir.

İkincisi, Avrasiya məkanında yerləşən dövlətlərin təcrübəsi göstərir ki, “demokratiya və liberalizm” deyib, qışqırmaqla reallıq arasında kəskin ziddiyyətlər ola bilir. Nümunə – Ukrayna və Gürcüstan! Bu iki dövlət indi çoxlu sayda daxili ziddiyyətlər və hərbi qarşıdurmalar burulğanında çapalayırlar. Ancaq keçən əsrin 90-cı illərində milli ideya kimi məhz demokratiya və liberalizmi seçmişdilər. Azərbaycanla müqayisədə fərq göz qabağındadır.

Məsələyə bir də indiki tarixi mərhələdə Azərbaycanda milli ideya və millət ideyasının yeni məzmunu və məqsədləri prizmasında baxmaq çox maraqlı və aktualdır.

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət