Anım günü Laçında da qeyd edilib

post-img

Bu gün bütün ölkə ərazisində olduğu kimi, Laçın rayonunda da 27 sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib.  Tədbirdə şəhid ailələri, qazilər, hərbçilər, yerli sakinlər, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə xidmətinin və “Laçın Abadlıq Xidməti” ASC-nin əməkdaşları iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları şəhid Camal Quliyevin məzarını ziyarət edərək üstünə gül dəstələri qoyub, Vətən uğrunda özlərini fəda etmiş şəhidlərin əziz xatirəsi böyük ehtiramla yad ediblər.

Tədbir Laçın şəhərindəki “LaCinema” Kino Mərkəzində davam edib. Mərasim Azərbaycan Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Zəfərin əsas qaynağı Ali Baş Komandan, ordu və onun ətrafında sıx birləşən məğrur xalqımız olub. Məsim Məmmədov şəhidlik adının və qəhramanlığının nəsillər dəyişdikcə yaşayacağını vurğulayıb.

Milli Qəhrəman Oqtay Güləliyevin həyat yoldaşı Afət Güləliyeva çıxışında qeyd edib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü cənab Prezidentin siyasəti, Vətən uğrunda canından keçən şəhidlərimizin qanı-canı hesabına bərpa olunub. O, Azərbaycan Ordusunun şücaətindən danışaraq bildirib ki, bizə Zəfər sevincini bəxş edən xalqımızın qəhrəman övladları heç zaman unudulmayacaq.

“Laçın Abadlıq Xidməti” ASC-nin direktoru Nəsimi Əsədov isə vurğulayıb ki, Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərin şərəfli ömrü gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır.

Rəsmi mərasimdən sonra, 44 günlük Vətən müharibəsinə həsr olunmuş və müharibə gerçəklərini əks etdirən sənədli film nümayiş etdirilib.

P.ƏMİRCANOV
XQ





Sosial həyat