Bakıda EPPO İcraiyyə Komitəsinin iclası başlayıb

post-img

Bu gün Bakıda ilk dəfə olaraq Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının (EPPO) İcraiyyə Komitəsinin iclası başlayıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Qida Təhlükəsizliyi Agentliyinin və EPPO-nun birgə təşkilatçılığı ilə təşkil edilən tədbirdə təşkilata üzv dövlətlərdən olan nümayəndələr iştirak edirlər. Sabah isə EPPO Şurasının 74-cü sessiyasının açılışı planlaşdırılır. Sessiyada təşkilatın 5 il müddətinə seçilən baş direktoru vəzifəsinə seçkilərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, EPPO Şurası bütün üzv ölkələrin iştirak etməyə dəvət olunduğu Baş Assambleyadır və ildə bir dəfə, sentyabr ayında toplanaraq təşkilatın siyasəti, fəaliyyət proqramı və büdcəsi barədə qərarlar qəbul edir. Şura 52 üzv dövlətin nümayəndələrindən ibarətdir.

EPPO Şurasının ötən il sentyabrın 27-28-də Fransanın Paris şəhərində təşkil olunan 73-cü sessiyası zamanı təşkilatın rəhbərliyi tərəfindən növbəti iclasın 2024-cü ildə Azərbaycanda keçirilməsi təklif edilib.

 





Sosial həyat