Sadır Japarov: “Gələcəyin Sammiti” yeni qlobal arxitektura üçün unikal platformadır

post-img

“Gələcəyin Sammiti” bir neçə nəfər üçün deyil, hamı üçün işləyən yeni qlobal arxitekturanın əsasını qoyacaq unikal platformadır. Bunu Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində təşkil olunan “Gələcəyin Sammiti”ndə Qırğızıstan Prezidenti Sadır Japarov deyib. Xəbəri “Anadolu” verib. 

Prezidentin sözlərinə görə, bu gün dünya birliyi bir çox problemlərlə üzləşib: məcburi miqrantların sayının artması, iqlim təhlükələrinin artması, resursların və sərvətin ədalətsiz bölüşdürülməsi: “Qazandığımız qazanc çox vaxt cəmiyyətin ən həssas təbəqələrinə çatmır. Çoxtərəfli idarəçilikdə ədalətə əsaslanan yeni yanaşmalara ehtiyacımız var. Buna görə də biz mümkün qədər tez qətiyyətli addımlar atmalıyıq – gözləməyə vaxtımız yoxdur”.

Japarov hesab edir ki, “Gələcəyin Sammiti” qlobal münasibətlərə yenidən baxılması üçün mühüm platforma hesab olunur. Onun sözlərinə görə, indi qəbul olunacaq qərarlar bir neçə nəslin taleyini müəyyən edəcək: “Unutmayın, gələcək mücərrəd anlayış deyil, bu, bizim kollektiv məsuliyyətimizdir. Övladlarımıza, nəvələrimizə və bizdən sonra gələn hər kəsə miras olaraq qoyduğumuz budur. Bu gün yaratdığımız dünya onların ümid və arzularının mənbəyinə çevriləcək”.

O, dünya ictimaiyyətinin və beynəlxalq maliyyə institutlarının səylərinin inkişaf etməkdə olan ölkələrin dəstəklənməsinə yönəldilməli olduğuna diqqət çəkib.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya