İlk moruq festivalı böyük təntənə ilə keçdi
Onlar bu bayrama çoxdan hazırlaşırdılar. Rayon icra hakimiyyətinin başçısı Elvin Paşayevin müşavirələrin birində “ moruq bu rayonu tanıdan nemətlərdən biridir, niyə onun bayramını təşkil etməyək?” deməsi hamının ürəyincə oldu. Bu da səbəbsiz deyildi.
Əvvəla, yüz illərdir ki, bu bölgədə çox dadlı bir neçə növ moruq yetişir. İnsan orqanizmi üçün çox faydalı olan moruğun satışında heç vaxt problem olmayıb və bu məhsula tələbat həmişə var. İkincisi, artıq xeyli vaxtdır ki, rayonda ayrı-ayrı sahibkarlar moruq yetişdirməyə başlayıblar və faydasını da görürlər. Onlara dövlət dəstəyi də var, yerli icra strukturları da daim onların problemlərinin həllində, başlıcası isə moruğun yetişdirilməsi ilə bağlı izahat-təbliğat işlərinə böyük əhəmiyyət verir, kənd sakinləri, fermerlərlə vaxtaşırı görüşlər təşkil edirlər.
...Səhər saat 10-dur. Festivalın təşkil olunduğu məkana – rayonun Köşkü kəndinə gəlmişik. Mənzərəli bir yer seçilib. Hərə festivala öz yetişdirdiyi məhsulu çıxarıb. Daha çox moruğun satış-yarmarkası təşkil olunsa da burada bütün nemətlər var. Müxtəlif növ mürəbbələr, şirələr, bal məhsulları, dərman preparatları, kənd təsərrüfatında xırda sahibkarlıqda istifadə olunan mini texnika, şərab, ədəbiyyat...
Səliqə ilə yan-yana düzülmüş ayrı-ayrı pavilyonlara yaxınlaşırıq. Həyətyanı sahəsində, yaxud pay torpağında yetişdirdikləri məhsulu həvəslə nümayiş etdirən rayon sakinləri sanki belə bir bayramın keçirilməsini çoxdan arzulayırlarmış.
Çaykənd sakini Şəfa Əliyeva deyir ki, 10 sot moruq bağım var. Ailə üzvlərimlə ilboyu bu məhsulun nazını çəkirik və faydasını da görürük. Belə bir festivalın keçirilməsi bizə əlavə stimul verir, ona marağmızı daha da artırır. Gələcəkdə moruq kollarının sayını bir qədər də artıracağıq.
Bizi müşayət edən rayon icra hakimiyyətinin məsul işçisi Vüqar Hüseynov deyir ki, belə bir festivalın keçirilməsini nəinki rayonumuzun sakinləri, ətraf rayonlar da sonsuz maraqla, razılıqla qarşılayıblar və bir çoxu bu festivalda iştirak etmək istədiklərini əvvəlcədən bizə bildirib və onlara da yerlər ayrılıb.
Murad Tağıyev Gəncə şəhərindən gəlib arı məhsulları satır, bal nümayiş etdirir:
– Təsərrüfatımızda 200 yeşiyə yaxın arı qutusu var. Onları daha çox Samux rayonunun müxtəlif yerlərində saxlayırıq. Bizimlə birgə 80 nəfərə yaxın adam işləyir. Sevinirik ki, bu qədər iş yeri aça bilmişik. Belə festivallar bizə şans verir, imkan yaradır ki, məhsullarımızı tanıda bilirik, onun satışına nail oluruq. Sağ olsunlar təşkilatçıları, əsl bayram əhval-ruhiyyəsi yaradıblar.
Ruzi Nuriyev isə Gəncədəki Şərabçılıq Elmi Tədqiqat İnstitutunu təmsil edir. Respublikanın müxtəlif bölgələrində, o cümlədən Qarabağda müxtəlif növ üzüm sortları yetişdirənlərə elmi-metodiki, praktiki kömək göstərir. Buradakı pavilyonda ən qiymətli üzüm sortlarından hazırladıqları şərabları nümayiş etdirirdilər.Ruzi deyir ki, məqsədimiz həmin məhsulların kütləvi istehsalına nail olmaq və xarici bazara çıxmaqdır.
Topalhəsənli kənd sakini Muğan Yolçuyev ilə də söhbət edirik. Deyir ki, 30 sot moruq sahəm var. Bu il hələ bir qədər yağıntılı keçməsinə baxmayaraq, 6 min manatdan çox gəlir əldə etmişik. Ailə üzvlərimin hamısı moruqçuluqla məşğuldur. Sağ olsunlar, belə bir festival keçirirlər və biz daha da həvəslənirik, adamlara gərəkli olduğumuzu bir daha görürük.
Bir azdan rayon icra hakimiyyətinin başçısı Elvin Paşayev, digər rəsmilər, qonaqlar festivala qatılırlar. Rayon rəhbəri çıxış edərək iştirakçıları salamlayır, onlara uğurlar arzulayır:
– Azərbaycanımız zəngin ölkədir, hər bir nemətimiz var. Gərək bunların hamısını bütün dünyaya tanıda bilək. Ölkə Prezidenti cənab İlham Əliyev kənd adamlarına, sahibkarlara hər cür şərait yaradıb. Biz də bu imkanlardan yararlanmağı bacarmalıyıq. Göygöldə ilk dəfə təşkil etdiyimiz bu festivalı ənənə şəklinə salmalıyıq və belə də olacaq.
Daha sonra kənd adamları, fermerlər, bir sözlə, festivalda məhsul nümayiş etdirən hər kəs öz ürək sözlərini dedi.
Festival bazar günü – sen-tyabrın 15-də də davam etdirilmişdir.Yenə səhər tezdən minlərlə sakin, qonaq dağlar qoynuna–Köşküyə axışdı. Yenə satış sərgi, görüşlər, konsert nömrələri, idman yarışları...
Artıq şər qaralır, lakin heç kim bu yerlərdən getmək istəmir. Bax beləcə Göygöl rayonunda gözəl bir ənənənin təməli qoyulur.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Göygöl