Daxili İşlər Nazirliyi (DİN) Bakıda təşkil olunan “Formula 1 Qatar Airways Azərbaycan Qran Pri 2024” yarışları zamanı azarkeş zonasına gətirilməsi qadağan olunan əşyaların siyahısını açıqlayıb. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ictimai asayişə potensial zərər və zədə gətirə biləcək əşyaların yarışlar zamanı azarkeş zonasına, yarışların keçirildiyi məkana gətirilməsi qadağandır.
Həmçinin:
- Heyvanlar (fiziki məhdudiyyətli insanlara yardım göstərən xidməti heyvanlar istisna olmaqla);
- Spirtli içkilər, su qabları və hər növ içki qablaşdırmaları (qadağa uşaq üçün olanlara aid deyil);
- Qidalar və içkilər (qadağa uşaq üçün olanlara aid deyil);
- Odlu silah, soyuq silah və digər qeyri-döyüş silah oxşarları, fişənglər, alovlandırıcılar;
- Lazer işıqları, rolik, skeytbord, seqvey, velosiped, skuter;
- Oturacağın altına yerləşməyən iri əşyalar, oturacaqlar və əyləşmək üçün digər ləvazimatlar (fiziki məhdudiyyətlilər istisna olmaqla);
- Dronlar və digər uçan cihazlar;
- Meqafon və buna oxşar cihazlar daxil olmaqla səs gücləndiriciləri və musiqi alətləri;
- Soyuducu qutular, pikinik üçün səbətlər;
- Provokativ rəmzlər və şəkillər, dini, siyasi ifadələr və şüarlar, təhqiredici banerlər və əşyalar;
- İri əşyalar və bel çantaları;
- Tutacağı 1 metrdən uzun olan bayraqlar və çətirlər;
- Peşəkar video çəkən cihazlar və obyektivi 30 sm-dən uzun olan fotokameralar yarışlar zamanı azarkeş zonasına gətirilməsi qadağan olunan əşyalar siyahısına daxildir.
Qeyd edək ki, bu gün Bakının sayca səkkizinci dəfə ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran-Prisinə start veriləcək. Yarışın ilk günündə Formula 1 və Formula 2 üzrə sərbəst yürüş və sıralama turu təşkil olunacaq. Sentyabrın 14-də Formula 1 üzrə sərbəst yürüş və sıralama turu, Formula 2 üzrə sprint yarışı keçiriləcək. Nəhayət, sonuncu gün - ayın 15-də əsas yarış baş tutacaq.