Küçələr də insanlar kimidir...

post-img

Heç yaşadığınız şəhərin mürgülü çağında onun ürək döyüntülərinə qulaq asdınızmı? Bu narahat məkanın sevinci, ağrıları və qayğıları barədə düşündünüzmü? Həmin anlarda qəlbinizdə hansı duyğular baş qaldırırdı?

Dünən illərlə yaşadığım məhəllə ilə görüşə getmişdim. Bu gün də orada yaşa­yan dost-tanışla xoş-beş eləməzdən əvvəl küçəmizi xeyli gəzdim, binalara, ağaclara, səkilərə baxdım. Sonra binamızın arxasın­da daş-kəsəkli torpağı çətinliklə təmizləyib əkdiyim ağaclarla söhbətləşdim. 

Mənə elə gəldi ki, mənim kimi o ağac­lar da bu görüş üçün qəribsəmişdilər. Tut ağacları üçüncü mərtəbəni də geridə qo­yublar. Yasəmənlər böyüyüb, pardaxlanıb, salxım söyüdlər bir az da həzinləşiblər... 

Pəncərəmizlə üzbəüz qocaman ağacın bir budağı quruyub. Bir vaxtlar mən bür­külü yay gecələrində, yaxud alatoranda onları suvarır, elə ağaclar kimi rahatlanır­dım. Həmin saatlarda bu şəhərin mürgülü, bir az həzin anlarını seyr etməkdən yorul­murdum. 

Bəzən mənə elə gəlirdi ki, şəhər çox yorulub, küçələr gündüzün səs-küyündən, maşınların təkərləri altında qalmaqdan usanıb, bezib. Binaların divarları getdikçə aşınan qayaya çevrilib. Küçələrin asfalt ör­tüyü yamaqlı şalvara dönüb...

Nədənsə, dünən mən özümü doğma küçəmizdə bir az qərib kimi hiss etdim. Necə ki, insan illərlə doğmalarından ayrı yaşayır və haçansa qovuşanda onlara uyu­şa bilmir, soyuq olur, bax eləcə... Ney­ləmək olar, alın yazısından qaçmaq olmur. O yazını isə alın sahibi yox, Yazan bilir. Uca Rəbbimizə şükürlər olsun, yazan da odur, pozan da...

Hə, sübh çağı sənə elə gəlir ki, günbo­yu kəsilmək bilməyən hay-haraydan, qaç­haqaçdan, bir-birinin ardınca verilən siq­nallardan bezən küçə tezliklə oyanmaz. Amma sozalan küçə işıqları, alabəzək vitrin reklamları, donaraq dayanmış ma­nikenlər, küçənin hansı tinindənsə ötüb keçən itlər, deyinə-deyinə mağazaların qarşısında qalaqlanmış zibilləri yığışdıran süpürgəçi, arabir metroya tələsən adam­ların ayaq səsləri bu binalarda yatanlara sanki yeni günün başlandığı mesajını ve­rir: “Oyanın!”

Sonra paralel olan küçəni gəzdim. Hər şey göz oxşayırdı. Kimin adını daşımasın­dan asılı olmayaraq mən özlüyümdə bu məkana “Xoşbəxt küçə” adı vermişəm. İl­lərlə şəkillənən, boy atan, dəyişən küçələr sanki bir insan ömrü yaşayır. Bina-bina, məhəllə-məhəllə ərsəyə gələn küçələrin də xoşbəxti, kimsəsizi, unudulanı var. Bəlkə bu da bir tale işidi. 

Bir də görürsən ki, bir küçənin asfalt örtüyü tez-tez dəyişdirilir, kənarına növ­bənöv ağac, gül kolları əkilir, hər gün baş­dan-başa suvarılır, yanlarına müasir, bahalı elektrik dirəkləri basdırılır, bayramlarda plakat və şüarlarla bəzədilir. Bu küçələr elə bil təmtəraq üçün salınıblar. Yüksək vəzifəli şəxslər, qonaqlar da buradan keçib gedirlər. Hələ siqnal səsində gəlin aparan maşınları demirik...

Amma bir tin o yana, ona paralel olan, hərəkətin ağırlığını sinəsində daşı­yan başqa bir küçə isə toz-torpağın içində itib-batır, zibili vaxtında daşınmır, çirkab sular küçə boyu saatlarla axıb gedir. Suya həsrət ağacların bir hissəsi quruyur. İllərlə yenilənməyən asfalt örtüyü çox geyilmiş ayaqqabının altı kimi aşınır. 

Sanki, bu küçənin gözəlliyi nəinki şəhər rəhbərliyini, heç sakinlərini də o qə­dər maraqlandırmır. Bu küçə kimsəsiz, ka­sıb insanlar kimidir. Demək, küçələr də bir az insanlara bənzəyir.

İnsanı sentimentallaşdıran, içini təmiz­ləyən, ilkinliyə çəkən sübh çağında adam həm təəssüf hissi keçirir, həm də düşün­cələrə dalır. Az sonra küçənin sozalan işıq­ları Günəşin şüaları fonunda itib-batır...

Siz də hərdən yaşadığınız şəhərin mür­gülü çağlarında onun ürək döyüntülərinə qulaq asın, çox şey qazanacaqsınız.

Səməd MƏLİKZADƏ,
yazıçı-publisist

Sosial həyat