Özbəkistanın Xarəzm vilayətinin qədim Xivə şəhərindəki məşhur “İçan-Qala” kompleksinin Köhnə Ark meydanında keçirilən III Beynəlxalq Ləzgi Rəqs Festivalı başa çatıb.
Festivalda Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva, TÜRKSOY-un baş katibi Sultan Rayev, Özbəkistan mədəniyyət nazirinin müavini Muradjon Majidov, Xarəzm vilayət hakimiyyətinin rəhbərləri, ölkənin mədəniyyət və incəsənət xadimləri, incəsənət tarixçiləri, musiqişünaslar, xoreoqrafiya mütəxəssisləri, musiqi nəzəriyyəçiləri, ictimaiyyətin nümayəndələri, xivəlilər iştirak edib.
Müsabiqəyə dünyanın 30-dan çox ölkəsindən gələn 300-dən çox rəqqas və rəqqasələr qatılıb.
Ölkəmizdən bu festivala Azərbaycan Mədəniyyət Nazirliyinin Tədbirlərin və incəsənət layihələrinin idarə edilməsi şöbəsinin baş mütəxəssisi Nəsibə Əsgərova, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Nailə Məmmədzadə, həmin Akademiyanın prorektoru, münsiflər heyətinin üzvü, Azərbaycanın Xalq artisti Təranə Muradova, qatılıb.
Müsabiqədə Azərbaycandan Səma Sadıqovanın rəhbərliyi ilə “Səma” rəqs qrupu və “Cəng” estrada folklor və rəqs ansamblının üzvü, Bakı Xoreoqrafiya Akademiyasının ikinci kurs tələbəsi Əminə Əliyeva iştirak edib.
Festivaın sonuncu günü qaliblərin adları elan olunub. “Qran-pri” Özbəkistan rəqqasəsi Maxira Jovliyevaya təqdim edilib. Birinci, ikinci, üçüncü və həvəsləndirici mükafatlar da sahiblərinə verilib.
“Ən yaxşı qrup rəqsi” nominasiyasında “Səma” rəqs qrupu və “Ən yaxşı solo rəqs ifası” nominasiyasında Əminə Əliyeva festivalın ikinci mükafatına layiq görülüblər. Onlara festivalın diplomu və pul mükafatı təqdim olunub.
Musiqi bayramı Özbəkistan Mədəniyyət Nazirliyi, Xarəzm vilayət hakimiyyətinin təşəbbüsü, UNESCO, TÜRKSOY, Beynəlxalq Festivallar İdarəsi, Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyası, Kulturoloji Tədqiqatlar və Qeyri-Maddi Mədəni İrs İnstitutunun dəstəyi ilə baş tutub.
Xatırladırıq ki, birinci festivalda Azərbaycanı təmsil edən Fikrət Əmirov adına Mahnı və Rəqs Ansamblı ikinci, ikinci festivalda isə Azərbaycan Dövlət Rəqs Ansamblı birinci mükafatın sahibi olub.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Xivə

