Sovet işğalından sonra Azərbaycanın ədəbi mühitində də fərqli ab-hava yaradılmış, Xalq Cümhuriyyəti dövrü ziyalılarının, necə deyərlər, əl-qolu bağlanmağa başlamışdı. O zaman “Kommunist” qəzeti də sosialist inhisarına alınmış, şair və yazıçılar Sov. İKP-ni, bolşevik rejimini təbliğ edən əsərlər yaratmaq məcburiyyətində qalmışdılar. Amma söz sənətinin böyüklüyü də elə bundadır ki, cəsarətli qələm əhli az da olsa, sətiraltı mənalarla, müxtəlif ədəbi priyomlarla yasaq çərçivəsindən çıxmaq cəhdlərində bulunurdu.
Qəzetin 1919-cu il avqustun 29-da çıxan ilk nömrəsindən etibarən bolşevizm ideologiyası hegemon rol oynasa da, başbilənlər “Kommunist”in ətrafında istedadlı jurnalistləri, ziyalıları toplamağa, onu xalq tribunası kimi qələmə verməyə çalışırdılar. Onların yaradıcılığına ciddi təzyiqlər yalnız Bakıda keçirilən I Türkoloji qurultaydan sonra özünü qabarıq göstərməyə başlamışdı.
O dövrki hakimiyyət “Kommunist”in səhifələrində çıxış edən görkəmli şair və yazıçılarla nisbətən yumşaq davransa da, yeni ədəbi qüvvələrdən daha çox rejimi tərifləyən əsərlər tələb edirdi. Hər bir halda, ədəbi mühitdə bu qəzetin müəyyən yeri vardı. Buna görə də həmin illərdə milli məfkurənin heç də tamamilə məhv edilməməsində “Kommunist”in də rolu olduğunu söyləmək mümkündür. Qəzetdə gedən bədii nümunələr, əsasən, sovet ideologiyasına xidmət etsə də, mədəniyyətin, maarifin inkişafına da danılmaz xidmət göstərib.
Ünlü qələm sahibləri Məmməd Səid Ordubadi, Tağı Şahbazi, Məhəmmədəli Sidqi, Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə, Bəkir Çobanzadə, Salman Mümtaz, Ömər Faiq Nemanzadə, Əliabbas Müznib Mütəllibzadə, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı və başqaları “Kommunist” qəzetində fəal çıxışlar edib, bacardıqları qədər milli ruhu yaşadıblar. Məsələn, qəzetin 8 iyun 1924-cü il tarixli sayında Hərdəmxəyal təxəllüslü müəllifin “Balaca felyeton”unda erməni xalqının satqın xisləti ifşa olunub. Həmin gizli imzanın daha çox Məmməd Səid Ordbadiya aid olduğu bildirilir, amma Cəlil Məmmədquluzadə də bəzən qələm təcrübələrini bu adla təqdim edib. Mətbuatda gedən satirik-tənqidi yazıların hədəfi, əsasən, beynəlxalq aləmdə gedən ictimai-siyasi proseslər və imperializm idi və bu cür nümunələr daha çox “Kommunist”in səhifələrində işıq üzü görürdü. Bu qəzetin ilk illərdəki saylarının bədii publisistikasında qadın azadlığı, qızların erkən ərə verilməsi, din xadimlərinin tənqidi də əsas yer tutub. Eyni zamanda ana dilinin saflığı, əlifba kimi vacib məsələlər də sərf-nəzər edilib. Obyektivlik naminə onu da deyək ki, ziyalılarımıza qarşı təqib və təzyiqlərin artdığı vaxtda – qəzetin 15 fevral 1929-cu il tarixli sayında jurnalist, qatı sovet siyasi və dövlət xadimi olan Əliheydər Qarayev “Böylə tənqid olmaz” məqaləsində ədəbi qüvvələrin yersiz sıxışdırılmasının, xalqa xidmət edən yazıçı və şairlərin düşmən cəbhəsinə işləməkdə suçlandırılmasının yolverilməz olduğunu vurğulayıb.
Gənc Səməd Vurğun “Kommunist”in səhifələrində daha müntəzəm çıxışlar edib. Qəzetin 28 iyul 1930-cu il tarixli sayında onun Bakı mədən işçilərinə xitabən yazdığı “Raport” şeiri, 1 avqust 1930-cu il tarixli sayında isə “Fanar” şeiri çıxıb. Hər ikisi dövrün tələbinə uyğun olaraq, sosializm realizmi üslubunda idi. “Raport”da “Mən nəfəsləri benzin və kükürd qoxulu milyonların şairiyəm”, – deyən müəllif lirik-psixoloji üsluba daha çox meyilli olub. Onun “Komsomol” (23 aprel 1934), “26-lar” (20 sentyabr 1936) və “Ayın əfsanəsi” (24 və 28 mart 1941) poemaları ilk dəfə tam və ya qismən “Kommunist”də işıq üzü görüb. “Bakının dastanı” poeması isə qəzetin 1944-1945-ci illərdə 7 nömrəsində dərc edilib.
1935-ci il oktyabrın 5-də Səməd Vurğunun “Kommunist”də “Salam”, oktyabrın 22-də isə Azərbaycan diviziyasına həsr olunan “Alqış” şeirinin çıxması göstərir ki, bədii nümunələrin çapına ciddi məhdudiyyətlər qoyulmayıb. “Alqış” şeiri məhz milli ruhlu misralarla bitirdi:
Dönüb qaçmadınız borandan, qardan,
Var olsun qəhrəman böyüdən ana!
Gəlir sorağınız manevralardan,
Alqış ananıza – Azərbaycana!
Növbəti il martın 17-də şairin məşhur “Sünbül” şeiri “Kommunist”in səhifələrində yer alıb. Sentyabrın 12-də isə qəzetdə Səməd Vurğunun dahi rus şairi Aleksandr Puşkinə həsr etdiyi şeiri dərc olunub:
Axıtdım alnımın inci tərini,
Yanmadım ömrümün iki ilinə.
Rusiya şeirinin şah əsərini
Çevirdim Vaqifin şirin dilinə.
Onu da deyək ki, bu bəndin son misrası “Kommunist”dən öncəki çap variantında “Çevirdim ilk dəfə türkün dilinə” kimi gedib.
Qəzetin 12 mart 1937-ci il tarixli sayında şairin “Səadət nəğməsi” şeiri təqdim edilib. Vətən gözəlliklərinin təsvirini verən S.Vurğun, çox güman ki, repressiyaya tuş gəlməmək üçün şeirin 2-ci yarısında ölkə rəhbəri Stalini vəsf edib, sosializmi tərənnüm edib. Amma o, bütövlükdə çağlar ilhamının növbəti məhsulunu sərgiləyib:
Baxın səhərlərin yaqut rənginə,
Bənzəyir şairin söz ahənginə.
Bir qara quş kimi uçan xəyalım,
Vətən torpağını seyr edir yenə!
Hər bir halda, şairin siyasi motivli şeirlər yazmaqla bəzən özünü sığortalaması da anlaşılandır. Məsələn, həmin il noyabrın 2-də qəzetdə onun “On iki dekabr” şeiri verilib və o tarixdə ilk dəfə olaraq SSRİ Ali Sovetinə keçirilən seçkilərə həsr edilib.
Səməd Vurğunun tənqidi “Karyerist” şeiri qəzetin 1938-ci il 9 fevral, “Xeyrə-şərə yaramaz” 17 fevral, məşhur “Anam gəlini” şeiri 8 Mart (Qadınlar Günü münasibətilə), qazax xalq poeziyasının ağsaqqalı saydığı Cambul Cabayevə həsr etdiyi “Şeirimizin ağsaqqalı” 20 may tarixli sayında dərc olunub. Ondan az sonra yenə də “Səməd Vurğun” imzası “Kommunist”in oxucularını sevindirib: onun “məndədir” rədifli 24 bəndlik “Azərbaycan” (6 iyun) və “Sədaqət” (24 iyul) adlı şeirləri maraqla qarşılanıb.
Bütün bunlar göstərir ki, şairin “Kommunist”ə özəl münasibəti olub. Bunu1939-cu ildə qəzetin 20 illik yubileyinə həsr edilmiş şeirindən də görmək olar:
Sənin qəlbin – elin qəlbi,
Sənin ağzın – elin ağzı,
Səndən mərdlik öyrənmişdir
Ana yurdun oğlu, qızı…
Növbəti il aprelin 28-də şair “İyirmi bahar”, mayın 6-da “Qızcığaz” şeri ilə “Kommunist”in oxucularının görüşünə gəlib. Başqa bir şeirində “Günəşdən rəng alan bir saf qanım var, Mənim də yurdum var, qəhrəmanım var”, – deyən şair imkan daxilində milli varlığını tərənnüm edib…
İkinci Dünya müharibəsinin başlanması haqda xəbəri mətbu orqanlar arasında ilk olaraq “Kommunist” qəzeti özünün 1941-ci il 23 iyun tarixli 147-ci sayında dərc edib. Həmin gün Səməd Vurğunun "Vətənin keşiyində" şeiri də çap olunub:
Bilsin ana torpaq, eşitsin vətən,
Müsəlləh əsgərəm mən də bu gündən!
Səməd Vurğunun “Salam, dostum”, “Yanğın”, “Partizan Babaş üçün”, “Sov-qat”, “Bayraqdar”, “Mənə belə söyləyirlər”, “İlk bahar və mən” kimi şeirləri “Kommunist”in səhifələrində yer alaraq əl-əl gəzib. Ümumiyyətlə, həmin illərdə şairlərimiz hamılıqla qələmlərini süngüyə çevirərək, söz cəbhəsində vuruşublar. R.Rzanın “Bəxtiyar”, “Vətən müharibəsi döyüşçülərinə”, “İrəli”, “Vətənə hədiyyə”, Məmməd Rahimin “Qızıl əsgərə məktub”, “Vətən çağırır”, “Üç qardaş”, “Azərbaycan oğullarına”, Cəfər Xəndanın “Bu il düşmən əziləcək”, “Komissar”, “Kazak qardaşlarıma”, Süleyman Rüstəmin “Sağ ol” deyə milyon əl çiçək atar ona”, “Ana ürəyi”, “Ana və poçtalyon”, “Döyüşçüyə məktub”, “Qafqaz oğullarına”, “Doğma komsomolum”, “Gün o gün olsun ki”, “Stalinqrad”, “İldırım”, Əhməd Cəmilin “Əsgər qardaşlarıma”, “Qafqaz oğullarına”, “Vətən oğluna”, Ələkbər Ziyatayın “Sədaqət andı” və başqa şeirlərdə müharibənin törətdiyi faciələr, xalqın qələbəyə olan inamı, vətən oğullarının igidlikləri öz əksini tapmışdır. Eyni zamanda arxa cəbhə qəhrəmanları da layiqincə təbliğ olunub. Xatırladaq ki, müharibə illərində qəzetin redaktor müavini görkəmli yazıçı Əli Vəliyev olub, o daha sonra “Kommunist”in məsul redaktoru vəzifəsində çalışıb.
Yeri gəlmişkən, “Kommunist” qəzeti ön və arxa cəbhə üçün xüsusi “Aqitasiya” (“Təşviqat”) vərəqəsi də buraxıb. Bu nəşrin tədqiqatçısı Ceyran Əbdürrəhimovanın yazdığına görə, müharibənin ilk aylarından başlayaraq 1944-cü il yanvar ayının 22-dək Rza Quliyevin, sonralar Xasay Vəzirov, Süleyman Rəhimov və Əli Vəliyevin rəhbərliyi ilə“Aqitasiya”nın 82 sayı hazırlanıb. Nəsir İmanquliyevin “Böyük Vətən müharibəsi illərində Azərbaycan sənaye və nəqliyyat işçilərinin əmək fəallığını yüksəltmək uğrunda mübarizədə “Kommunist” qəzetinin rolu (1941-1945-ci illər)” dissertasiyası, Rza Quliyevin nəşrin 50 illiyində - 1969-cu ildə çap olunmuş “Kommunist” qəzeti Böyük Vətən müharibəsi illərində” kitabı da qəhrəmanlıq salnaməsinin işıqlandırılması baxımından önəmli vəsaitlərdir.
Müharibədən sonrakı illərdə qəzet ənənəsinə sadiq qalaraq, vətənpərvərlik mövzusunda ədəbi nümunlərin çapını davam etdirib, şair və yazıçıların sülh, əmin-amanlıq arzularının bədii ifadəsinə səhifələrində səxavətlə yer ayırıb. Güney Azərbaycanı mövzusu da poetik prizmadan geniş işıqlandırılıb. Yenicə şəhər statusu almış Sumqayıt və Mingəçevir şəhərləri, Neft Daşları adası sosializm quruculuğu nümunələri kimi tərənnüm olunub.
Bir fərəhli tarixi gerçəklik də budur ki, 1969-cu ildə ümummilli lider Heydər Əliyev respublika rəhbəri seçiləndən bir neçə ay sonra “Kommunist” qəzetinin 50 illik yubileyinə qatılıb və ilk dəfə olaraq həmin mərasimdə ana dilimizdə geniş nitq söyləyib. Elə bu faktın özü unudulmaz dahi şəxsiyyətin timsalında qəzetimizi ana dilinin təbliğatçısı kimi də şərəfləndirir. Onu da vurğulayaq ki, məhz həmin dövrdən sonra flaqman qəzet milli məfkurə, milli özünüdərkin bərqərar olmas uğrunda mübarizədə daha cəsarətli addımlar atıb. Ulu öndərin “Literaturnaya qazeta”nın 18 noyabr 1981-ci il tarixli sayında verilmiş məşhur “Qoy, ədalət zəfər çalsın” adlı müsahibəsi də dərhal rus dilindən tərcümə olunaraq “Kommunist”in səhifələrində çap olunub.
Zamanın “nəbz”ini tutan “Kommunist”in səhifələrində şəxsiyyətə pərəstiş, kommunizm quruculuğu ideyası, iflasa doğru gedən SSRİ-nin müttəfiq respublikalarında milli-azadlıq hərəkatı, Qarabağa göz dikən erməni separatizmin ifşası kimi mövzular qəzetdə məhz milli təəssübkeşliklə öz əksini tapıb. Rəsul Rza, Süleyman Rüstəm, Nəbi Xəzri, Tofiq Bayram, Cabir Novruz… maraqlı, bəzən də kəskin ruhlu yazıları ilə “Kommunist”də həvəslə çıxışlar ediblər.
Xalq yazıçısı İlyas Əfəndiyevin bir sıra bədii publisistik yazısı “Kommunist”də dərc olunub. Bunlara Azərbaycan yazıçılarının III qurultayı ərəfəsində (30 noyabr 1958), “Böyük həvəslə, yüksək bədiiliklə” (26 mart 1963), “Kərəmovçuluğa atəş” (5 yanvar 1964), “Bahara alqış” (21 mart 1967), “Çox dəyərli yaradıcılıq ömrü” (18 may 1968), “Mənim arzularım” (7 sentyabr 1968), “Mərdlik ocağı” (31 may 1974), “Gənclik ehtirası” (16 mart 1986), “İnam yoluna çıraq tutulsun gərək” (15 yanvar 1989) və başqa nümunələr aiddir.
Azərbaycan 2-ci müstəqilliyini qazananda “Kommunist” adına və ideya istiqamətinə bir növ zidd addımlar atması ilə geniş oxucu auditoriyasının rəğbətini qazanıb. Kütlələrin siyasi və mənəvi tərbiyəçisi missiyasını yerinə yetirən bu qəzet həmişə tarixi hadisələrin mərkəzində olub, respublikada baş verən bütün məsələlərin həllində siyasi rəhbərliyin mühüm təbliğat vasitəsi olsa da, milli özünüdərki heç vaxt unutmayıb və bəzən buna görə cəza da alıb. Bir müddət çapı dayandırılan avanqard mətbu orqanın sovet rejimi dağılandan sonra yenidən – bu dəfə “Xalq qəzeti” adı altında nəşri davam etdirilib. Bu gün qəzet dövləti və milli maraqlara xidmət edən informasiya siyasəti yürüdür.
Universitetdə oxuduğum illərdə bizim jurnalistika fakültəsinin dekanı olmuş professor Tofiq Rüstəmov sonrakı dövrdə bir müddət “Xalq qəzeti”nə baş redaktorluq edib. Nəşrin 26 avqust 1994-cü il tarixli sayında dərc edilmiş “Tarixi reallığın güzgüsü” adlı məqaləsində o yazırdı: “...Həmin dövrlərdə qəzet kommunist ideologiyasının təbliğatçısı olmuş, kommunist partiyalılığı mövqelərindən çıxış etmişdir. Bununla yanaşı, bütövlükdə Azərbaycan mədəniyyətinin, xüsusilə xalq maarifinin, ədəbiyyat və incəsənətimizin, milli ədəbi dilimizin inkişafında “Kommunist”in xidməti inkar edilə bilməz”.
Müasir dövrdə də mədəniyyət və ədəbiyyat məsələləri, bədii proses “Xalq qəzeti”nin diqqət mərkəzindədir. Vaxtaşırı olaraq, şair və yazıçıların tribunasına çevrilən qəzetin səhifələrində bədii nümunələr yer alır. Xalq şairləri Zəlimxan Yaqub “Heydər dastanı” (10 may 2006), “Heydər “Xalq!” – deyəndə Xalq “Heydər!” – dedi” (12 dekabr 2007) kimi əsərləri ilə qəzetə poetik nəfəs gətirib:
Zamandan zamana gələcək səsi,
Bir qaya səngəri, daş qalasıdı.
О mənim xalqımın baş sərkərdəsi,
О mənim yurdumun baş qalasıdı.
Qabilin “Əyilməz uca başın” (27 may 1998), Nəbi Xəzrinin “Günəşli üfüqlər” (5 aprel 1959), Söhrab Tahirin “Bir Allah var, yaxşılıqdır gözümdə” (27 may 1998) və yüzlərlə digər şeirdə mədəni və mənəvi inkişafa geniş işıq salınıb.
Bu gün Anar, Elçin, Nəriman Həsənzadə, İsa Həbibbəyli, Nizami Cəfərov, Kamal Abdulla, Sabir Rüstəmxanlı, Vahid Əziz və başqa görkəmli qələm sahibləri tez-tez qəzetimizdə çıxışlar edir, müsahibələr verirlər. Ünlü müəlliflər bugünün “Xalq qəzeti”ni ölkəmizin ən çox oxunan və mövzu rəngarəngliyi ilə seçilən qəzetlərindən biri sayır və bu qəzetin səhifələrində imzalarını görməkdən məmnun qalırlar.
AMEA prezidenti, akademik İsa Həbibbəyli bir neçə ay əvvəl redaksiyamızda qonaq olarkən qəzetimizin fəaliyyətini yüksək qiymətləndirib: “Yarım əsr əvvəl redaksiyanın keçirdiyi yaradıcılıq müsabiqəsində “Arpa çayı daşa bilməz” yazısının çap edilərək 3-cü yer tutmağım gənc alim olaraq məni qəzetlə əməkdaşlığa həvəsləndirib və müəlliflərdən birinə çevirib. Redaksiyada məsul işə dəvət edildiyimi də məmnunluqla xatırlayıram. O zaman elmə dərin bağlılığım bu təklifi qəbul etməyə imkan verməsə də, həmişə özümü bu qəzetin yazarı hesab etmişəm, kollektivlə daimi əlaqə saxlamışam. “Xalq qəzeti”nin azad me-dia prinsiplərinə, jurnalist peşəkarlığına əsaslanan demokratik ruhu ziyalı dairələrində rəğbətlə qarşılanır, qocaman nəşrin milli öncül media məktəbi kimi nüfuzunu yüksəldir”.
Xalq şairi Sabir Rüstəmxanlı: “Məmnuniyyətlə redaksiyanıza gəldim, çünki son dövrlərdə sizin qəzetin siması xeyli dəyişilib, mən də həvəslə oxuyur və bəyənirəm. “Xalq qəzeti”, doğrudan da, xalqın qəzeti olub. Bizim də yazı-pozumuzun bir məqsədi var ki, dünyada gedən ağır proseslərdən xalqımız uğurla çıxsın, daha gözəl gələcəyimizi qura bilək”.
Bu isə AMEA Ədəbiyyat İnstitutu Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusiflinin etirafıdır: “Günlərin birində Xalq şairi Bəxtiyar Vahabzadəyə “Tənqid yarpaqları” adlı kitabımı hədiyyə etdim. Bir aydan sonra “Xalq qəzeti”ndə həmin kitab haqqında Bəxtiyar müəllimin məqaləsi çap olundu. Bu, mənim həyatımda ən xoşbəxt günlərdən biri idi”.
Qarabağın işğalı, Böyük Qələbə ilə bitən 44 günlük Zəfər Yürüşü, yenidən ilbəil keçirilən “Xarıbülbül” Musiqi Festivalı, Vaqif Poeziya Günləri, əzəli torpaqlarımızda tarixi-mədəni irsin bərpası “Xalq qəzeti”ndə geniş müraciət olunan mövzulardır. Bu gün də yubilyar qəzetin yaradıcı kollektivi oxucularının bədii zövqünün inkişafı amalına layiqincə xidmət edir.
Əli NƏCƏFXANLI
XQ