Son günlər Rusiya-Ukrayna cəbhəsində təzadlı proseslər baş verir. Belə ki, tərəflər son bir ildə apardıqları mövqe döyüşlərindən imtina edərək, müxtəlif istiqamətlərdə hücumları gücləndiriblər. Rəqiblər nəyin bahasına olursa-olsun irəli getməyə can atırlar. Vuruşan ordular sanki müdafiə olunmağı unudublar.
Rusiya hərbçiləri Xarkov vilayətində Pokrovsk şəhəri istiqamətində intensiv hərbi əməliyyatlar həyata keçirirlər və ərazi cəhətdən müəyyən irəliləyişə nail olurlar. Ukraynalılar isə Kursk istiqamətində hərbi yürüşü davam etdirirlər. Onların vilayətin sərhədlərindən Rusiyanın içərilərinə doğru azı 30-35 kilometr irəli getdiyi bildirilir.
Bu arada Rusiya rəsmiləri Ukraynanı Kursk Atom Elektrik Stansiyasına hücum cəhdində ittiham ediblər. Moskva bunu “nüvə terroru” adlandırıb. Son iki gündə ikinci dəfədir ki, Moskva belə bir iddia irəli sürür. Ukrayna Müdafiə Nazirliyi bu ittihamla bağlı şərh verməyib.
Qeyd edək ki, haqqında bəhs edilən atom elektrik stansiyası Rusiyanın qərbində, Ukrayna silahlı qüvvələrinin avqustun 6-da gözlənilməz hərbi müdaxiləsindən sonra şiddətli döyüşlərin getdiyi Kursk bölgəsində yerləşir. Ərazidə onlarla yaşayış məntəqəsinin Ukrayna hərbçilərinin nəzarətinə keçdiyi bildirilir.
Rusiya Müdafiə Nazirliyi bu məsələ ilə bağlı son açıqlamasında Hava Hücumundan Müdafiə Qüvvələrinin keçən gecə Kursk vilayətində Ukraynanın 3 pilotsuz təyyarəsini vurduğunu və Ukraynanın Rusiya obyektlərinə qarşı “terror hücumları” həyata keçirmək cəhdlərinin qarşısını aldığını bildirib.
TASS xəbər verib ki, pilotsuz təyyarə Kursk elektrik stansiyasında işlənmiş nüvə yanacağının saxlandığı anbar yaxınlığında vurulub. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə vurğulayıb ki, bu, “nüvə terroru aktı”dır və BMT-nin nəzarət orqanı olan Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) buna dərhal münasibət bildirməlidir.
Yeri gəlmişkən, BAEA rəhbəri Rafael Qrossi elektrik stansiyasına gələn həftə baş çəkəcəyini açıqlayıb. O, eyni zamanda, tərəfləri nüvə qəzasının qarşısını almaq üçün maksimum təmkinli olmağa çağırıb. Həqiqətən, Kursk atom stansiyasında qəza baş verərsə, bu, olduqca ağır fəsadlar törədə bilər. Region dövlətləri və xalqları bunun fərqindədirlər və çox narahatdırlar.
Rusiya–Ukrayna müharibəsi isə genişlənməkdə davam edir. Hərbi ekspertlər bildirirlər ki, son günlər ərzində döyüşlərin miqyası və coğrafiyası xeyli genişlənib. Ukrayna artıq tez-tez Belqorod və Bryansk vilayətlərini atəşə turtur. Hətta Rusiyanın cəbhənin təmas xəttindən min kilometrlərlə uzaqda yerləşən şəhərləri belə Ukraynanın PUA və raketlərin hədəfindədir. Təbii ki, Rusiya aviasiyası buna adekvat reaksiya göstərir.
Bir çox təhlilçilər hesab edirlər ki, Ukraynanın minlərlə əsgərinin avqustun 6-da Rusiya sərhədindən keçərək, Kurska müdaxiləsi İkinci Dünya Müharibəsindən bəri xarici dövlətin Rusiya ərazisinə etdiyi ən böyük müdaxilədir. Onlaqrın fikrincə, hazırda döyüşlərin konfiqurasiyası dəyişib. Ukrayna hərbçiləri müdafiə olunan tərəfdən hücum edən tərəfə çevrilib.
Dünən Ukrayna milli istiqlalının növbəti ildönümünü qeyd edib. ABŞ-nin dövlət katibi Entoni Blinken bununla bağlı sosial media hesabında paylaşım edib. O yazıb: “Müstəqilliyinin 33-cü ilini qeyd edən Ukrayna xalqının öz suverenlik və azadlıqlarının müdafiəsində göstərdikləri əzmkarlığı və fədakarlığı alqışlayırıq. Onların cəsarəti Rusiya qarşısında sarsılmazdır. Biz və G7 tərəfdaşlarımız bu gün və həmişə Ukraynanın yanındayıq”.
Polşa Prezidenti Andjey Duda Ukraynaya elan olunmamış səfərə gəlib. Bu barədə Polşa liderinin dəftərxanası məlumat yayıb. A.Duda Ukraynanın müstəqilliyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak edib. Xatırladaq ki, iki gün əvvəl Hindistanın Baş naziri Narendra Modi də Kiyevdə səfərdə olub.
Müharibə nə qədər ağır və dəhşətli olsa da, o, xoşbəxtlikdən, təkcə ölüm və itkilər barədə olan xəbərlərdən ibarət deyil. Bəzən humanist səciyyəli məlumatlar da yayılır ki, buna adi, sadə insanlar çox sevinirlər. Məsələn, dünən Rusiya KİV-i ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər yayıb ki, Kursk vilayətində hərbi əməliyyatlar zamanı əsir götürülmüş 115 rusiyalı hərbçi Rusiyaya, 115 ukraynalı hərbi əsir isə Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib.
Nazirlikdən həmçinin bildirilib ki, əsir mübadiləsi Birləşmiş Ərəb Əmirliklərinin vasitəçilik səyləri ilə həyata keçirilib. Bu, əlbəttə, müsbət hadisədir. Ümid edək ki, vaxt gələcək, bütün müharibələr kimi, Rusiya–Ukrayna savaşı da sülhlə başa çatacaq. Əlbəttə, bu, nə qədər tez baş versə, bir o qədər yaxşıdır!
M.HACIXANLI
XQ