“Xalq qəzeti” demokratik mətbuatımızın varisidir

post-img

Demokratik düşüncə məfkurəsinin öncüllərindən olmuş böyük Həsən bəy Zərdabinin XIX əsrin son rübündə milli oyanış zəmisinin “Əkinçi”si kimi səpdiyi saf toxumlar XX əsrin əvvəllərində milli istiqlal mübarizəsini cücərtdi. Anadilli mətbuatımızın ayaq tutub yeriməsi xalqın taleyüklü problemlərini ictimai müzakirəyə çıxarmaqla əvvəlcə milli idealı, bunun ardınca dövlətçiliyin bərpası məfkurəsini gündəmə gətirdi.

Tarixinin ilk qərinəsində maarifçilik və ictimai tərəqqi ideyasının yayıcısı kimi for­malaşıb inkişaf edən Azərbaycan mətbuatı Rusiya imperiyasında baş verən inqilablar gedişində demokratik məzmunla zəngin­ləşib şəbəkəsini genişləndirdi. Çar mo­narxiyasının iflası gedişində xalqımız milli dövlətçiliyini bərpa etməyə nail oldu. Milli dövlət quruculuğu demokratik mətbuatın inkişafını yeni mərhələyə yüksəltdi, çox­saylı müstəqil dövri nəşrlərlə yanaşı, döv­rün tələbi ilə ilk milli rəsmi dövlət qəzeti də yarandı. Azərbaycan Xalq Cümhuriyyəti çoxpartiyalı parlamentinin Azərbaycan və rus dillərində nəşr edilən “Azərbaycan” qəzeti dövlətlə xalqın ortam təşkil edən informasiya mənbəyi olmaqla ictimai rə­yin obyektiv ifadəçisi mövqeyinə yüksəldi. AXC-nin 2 illik mövcudluğu dövründə mil­li mətbuatın maarifçi-demokratik ənənələri sürətlə dövlətçilik xarakteri aldı.

Media tarixçiləri və nəzəriyyəçiləri də təsdiq edirlər ki, Azərbaycan mətbuatı Ru­siya imperiyası dövründə milli maraqlara xidmət və ictimai tərəqqiyə çağırış ideyala­rını yaymağa nail olmuşlar. XX əsrin əvvəl­lərində fəaliyyət göstərən qəzet və jurnallar ictimai ədəbi fikrin istiqamətini, məslək, əqidə mübarizəsini əks etdirməklə tərəqqi, təkamül amilinə çevrilmişdir. Maarifçi mətbuatın yetişdirdiyi ictimai məsləkli, de­mokratik ədib, pedaqoq və məmurlar dövri mətbuatın köməyi ilə meydana atılan "türk­çülük, islamçılıq, müasirlik" prinsiplərinə söykənərək azərbaycançılıq düşüncəsinin əsasını qoymuşlar.

AXC dönəmində isə demokratik mət­buat milli dövlət quruculuğu prosesinin önündə getmişdir. Bu dövrdə milli mətbu­at təkcə xalqımızın söz tribunası olmamış, həm də məmləkətin dil, din və mədəniyyəti ilə bağlı olan müqəddəs tarixi dəyərlərin salnaməsi və qoruyucusu olmuşdur. AXC-nin iflasından sonra sovet ağalığı zamanı da milli mətbuatımız kommunist ideologiyası- nın basqısı altında milli varlığa sədaqətini qoruyub saxlamışdır. Beləliklə, gündəlik informasiya mənbəyi, ictimai rəy tribu­nası və zaman keçdikcə tarixi salnaməyə çevrilən mətbuat bütünlüklə xidmət etdiyi xalqın taleyini yaşamışdır.

Bugünlərdə 105 yaşı tamam olan “Xalq qəzeti”nin əvvəlki 71 ildə “Kommunist” adı ilə fəaliyyətinin nəzərdən keçirilməsi göstərir ki, ilk iki dövrdə maarifçi və istiq­lalçı ziyalılara arxalanaraq tarixi reallıqlara işıq tutan milli mətbuatımız sovet epoxa­sının ilk onilliklərində qadağa və təqiblərə də məruz qaldı. Milli jurnalistikamız “par­tiya-sovet mətbuatı” libası geydirilsə də, köksündə xalqımıza sədaqətini qoruyub saxladı. 

Buna görə də taleyinə yazılan ağır rep­ressiyalar ilə üz-üzə dayandı, bu qırğına ayna tutan mətbu vasitə olmaqla yanaşı, həm də özü onun qurbanlarından oldu. Tə­sadüfi deyil ki, ölkənin baş mətbuat orqanı olan “Kommunist” qəzetinə 1937-ci ilə­dək rəhbərlik etmiş redaktorların hamısı, məslək və əqidəsindən asılı olmayaraq, millətçilik damğası ilə repressiyaya məruz qalmışdır. Onların ən ağır işgəncələr ve­rilməklə ölümə məhkum olunmaları milli mətbuatın xalq işinə sədaqət müqabilində hansı tale yaşamasının parlaq göstəricisidir.

Mətbuat tədqiqatçılarından olan mər­hum professor Famil Mehdinin sovet dövründə yazdığı kimi, Azərbaycan jur­nalistikası xalqımızın zülm, istismar, dini fanatizm, istibdad, tamahkarlıq, rüşvətxor­luq, nadanlıq, yaltaqlıq, laqeydlik və s. qar­şı mübarizənin canlı salnaməsi olmuşdur. Xalqımızın ictimai tərəqqi, mədəni inkişaf, milli-mənəvi dəyərləri qoruyub inkişaf et­dirməklə bağlı tarixi mübarizəsində mət­buatın rolunu dəyərləndirməkdə bir əsrdən artıq dövrdə, fərqli ictimai gerçəkliklərdə fəaliyyət göstərmiş “Kommunist” – “Xalq qəzeti”nin mətbu irsi ən zəngin, eləcə də misilsiz bir məxəzdir.

Təəssüf ki, ötən dövrlərdə “Xalq qəze­ti”nin timsalında milli mətbuatımızın tarixi inkişafda mütərəqqi mövqe və rolu birtərəfli dəyərləndirilmişdir. Sovet dövrünün əvvəl­lərində “Kommunist” qəzetinin AXC rəsmi nəşri olmuş “Azərbaycan” qəzetinin baza­sında onun davamı olması gizlədilmişdir. Müstəqilliyin bərpasından sonra isə “Kom­munist”in hüquqi varisi kimi fəaliyyətini davam etdirən “Xalq qəzeti” isə yeni bir qəzet kimi qəbul edilmişdir. Bu keçidlərdə ən acınacaqlısı odur ki, 71 illik “Kommu­nist” qəzeti sovet rejiminin törəməsi kimi qələmə verilir. 

Həqiqət isə budur ki, “Xalq qəzeti” milli mətbuatımızın doğma platformasın­da “Azərbaycan” qəzetini əvəz etmiş, heç bir yabançı törəmə sayıla bilməyən “Kom­munist” qəzetinin davamı olaraq fəaliyyət göstərən ümummilli səciyyəli avanqard nəşrdir.

Ola bilsin ki, “kommunist” adının cə­miyyətdə doğurduğu ağrılı təəssürat, re­jimin qadağa və dəhşətlərinin tarixçəsi ictimai rəydə əvvəllər bu barədə obyek­tiv fikirləri sıxışdırmış, eyni zamanda, bu sahədə yaranan fikir plüralizminin ortaya atılmasının qarşısı alınmışdır. Amma əslin­də, redaksiyanın nə bugünkü kollektivi, nə də vaxtilə “Kommunist” qəzetində çalışan əməkdaşları da bu fikrin tərəfdarı olma­mışlar. Ən azı ona görə ki, “Xalq qəzeti” 1991-ci il kommunist rejiminin son günlə­rində yenidən və bütünlüklə xalqa xidmət amalına qovuşmaqla nəşrini davam etdirən­də tarixi ənənələrinə sədaqətini zaman qar­şısında bir daha sübut etmişdi. Bu proses zamanın sifarişi, yaddaşın bərpası kimi baş vermişdi.

Yaddaş isə xatırladır ki, 1919-cu il avqustun 29-da “Kommunist” adı ilə dərc olunmuş bir bülletenlə başlayan 105 illik tarixin izləri sənəd və mənbələrdə qoru­nub saxlanır. Bu gerçəyi tədqiqatçıların qənaətləri əsasında izləyək. O dövrdə Azər­baycanın birinci müstəqilliyi Rusiya bol­şevik-kommunist hakimiyyəti tərəfindən devriləndə “Azərbaycan” qəzetinin də bi­nası tutulmuş, dərhal giriş qapısındakı löv­hə və qəzetin loqosu dəyişdirilmişdir. Türk­cə "Azərbaycan" və rusca "Azerbaydjan" qəzetlərinin nəşri dayandırılmış, onların davamı olaraq “Kommunist” və “Bakinski raboçiy” qəzetləri nəşr edilmişdir.

Əslində, dəyişən qəzetin redaktoru Üzeyir Hacıbəyli, qəzetin adı və kommu­nist təbliğatına səfərbər edilən ideya is­tiqaməti idi. Hətta arxiv nüsxələrini belə müqayisə edəndə nə tərtibat işində, nə də texniki amillərdə fərqlər belə görünmür. “Azərbaycan” qəzetinin o vaxtkı həm ya­radıcı, həm də texniki heyəti “Kommunist” qəzetinin “yeni” heyəti olmuş, “köhnə re­daksiya”nın əməkdaşları yerində qalmışdı. Vaxtilə “Azərbaycan”ın əməkdaşları olan bir çox müəlliflər də fəaliyyətlərini “Kom­minist”də davam etdirmiş və sonralar tədri­cən vəzifələrindən ya könüllü, ya da məc­burən azad edilmişlər.

“Kommunist” adlı bir nömrəlik bülle­ten 1919-cu il avqustun 29-da, cümə günü bolşeviklər partiyasının gizli mətbəəsində 4 səhifədə (bəzi mənbələrdə 2 səhifə) çap olunmuşdur. Kommunist rəhbərlər “Kom­munist”in “Azərbaycan” qəzetinin davamı olduğunu xalqdan gizlətmək üçün sonralar onun tarixini bu bir nömrəlik bülletenlə bağlamış, 1929-cu ildə isə həmin tarixi rəs­miləşdirərək “Kommunist” adlı qəzetin 10 illik yubileyini təntənə ilə qeyd etməklə öz “xidmətlərini” tarixə yazmışlar. 

Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi nəşri “Azərbaycan” qəzetini “Kom­munist”ləşdirməkdə müstəsna rol oynamış “Əliheydər Qarayev – Ruhulla Axundov” tandemi sonrakı illərdə qəzetin ilk dövlət qəzetimizə bağlılığını unutdurmaq üçün onun tarixini Azərbaycan Xalq Cümhuriy­yətinin yaratdığı demokratik şəraitdə və mətbuat azadlığına verdiyi təminat zəmi­nində 1919-cu il avqustun 29-da “Kom­munist” adı ilə dərc olunmuş 1 nömrəlik bülletenlə bağlamışdır. Həqiqətdə isə rəsmi dövlət qəzeti kimi “Kommunist”in ilk nöm­rəsi 1920-ci il aprelin 30-da çıxmışdı.

Tarixi araşdırmalarda “Kommunist” qəzetinin ilk nömrəsinin kimin tərəfindən imzalandığı və redaktorunun kimliyi barə­sində bəzi fıkir ayrılıqları da var. Tədqiqat­çı E.Məhərrəmov və A.Məhərrəmli “Kom­munist” qəzetinin – (indiki “Xalq qəzeti”) yaranması və erkən fəaliyyəti dövrünə, xü­susilə də onun ərəb əlifbası ilə nəşr olundu­ğu dövrün (1919–1929-cu il yanvarın 1-nə kimi) tədqiqinə həsr olunmuş “Xalq qəze­ti”nin (“Kommunist”) yaranması və inkişa­fı tarixindən. Nəşrin 90 illiyi münasibətilə” kitabında (2009) yazır ki, “Kommunist” qə­zetinin tədqiqatçısı C.Məhərrəmliyə görə, qəzetin ilk redaktoru Ə.Qarayev olmuşdur, amma bu fikri təsdiqləyən hər hansı bir də­lilə istinad edilmir. 

Azərbaycan Sovet Ensiklopediyasının I və III cildlərində, 1985-ci ildə nəşr edil­miş “Azərbaycan Kommunist Partiyasının tarixi oçerkləri”ndə, Ruhulla Axundovun “Seçilmiş əsərləri”inin 1977-ci il nəşrin­də, “Kommunist” qəzetinin 1969-cu ildə işıq üzü görmüş “Kommunist-50” yubiley nəşrində, AMEA-nın müxbir üzvü Qaraş Mədətovun 1983-cü ildə nəşr edilmiş “Ru­hulla Axundov” kitabında və s. əsərlərdə göstərilir ki, “Kommunist” qəzetinin hə­min sayının redaktoru Ruhulla Axundov olmuşdur. Tədqiqatçı E.Məhərrəmov da təsdiqləyir: ilk və sonrakı nömrələri müqa­yisə etdikdə, redaktə stilinə diqqət yetirdik­də, bu nəticəyə gəlmək olur ki, qəzetin ilk redaktoru Ruhulla Axundov olmuşdur. Bu faktı təsdiqləyən mənbələr sırasına birini də əlavə etmək istərdik. Qəzetin 10 illiyi mü­nasibətilə hazırlanmış 29 avqust 1929-cu il 201-ci (2767)) sayda 1-ci səhifədə Ruhulla Axundovun fotosu verilir və həmin fotonun altında yazılır: “Kommunist”in 1-ci müdi­ri Ruhulla Axundov yoldaş. 1929-cu ilin avqustunda nəşr olunan qəzetdə gedən bu məlumata sonralar kiminsə etirazını və ya hansısa bir düzəliş tələbi olduğunu görmə­dik.

Nəhayət, 1929-cu ildə qəzetin əvvəlki əməkdaşları ilə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsində böyük “əməyi” olan Əliheydər Qarayev, Həmid Sultanov, Ruhulla Axundov da sağ idilər. Ən azı, onlardan biri ölkənin bir nömrəli rəsmi qəzetində belə bir məlumatın getmə­sinə etiraz edərdilər.

Elmar Məhərrəmovun yazdığı kimi, “Kommunist” qəzetinin o vaxtkı redaktoru Ruhulla Axundovun imzası ilə Azərbaycan K(b)P MK-nın təbliğat-təşviqat şöbəsinə göndərilən geniş məlumatda onun “Kom­munist” qəzetində işləməsi və hər hansı xidmət göstərməsi barədə cüzi eyhamın belə olmaması onun redaktor olmadığını da təsdiqləmir. Hər halda 10 il sonra nəşr edilən yubiley səhifəsində yer alan təqdi­mat Ruhulla Axundovun “Kommunist”in ilk redaktoru olmasının təsdiqi sayıla bilər. 

Əsas məsələ odur ki, qəzetin rəsmi qəzet kimi müntəzəm nəşrinə 1920-ci il aprelin 30-dan başlanılıb. Qəzetin "Azər­baycan" qəzetinin Kolyubakinski, 37 (in­diki N.Rəfibəyli küçəsi) ünvanda yerləşən redaksiyasında hazırlanıb və onun mət­bəəsində çap edilib. Mətbəəni İnqilab Ko­mitəsinin mətbəəsi adlandırıblar. Həmin mətbəəni 1921-ci il mayın 22-dən 4 №-li mətbəə, 1924-cü ilin avqustundan isə "III İnternasional mətbəəsi" adlandırıblar. 

“Azərbaycan”ın yaradıcı heyətində ça­lışan Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Məmməd Səid Ordubadi, Böyük-ağa Talıblı, Hənifə Zeynallı, Vəli Xuluf­lu, Salman Mümtaz, Almaz İldırım, Əziz Şərif, Əfrasiyab Bədəlbəyli, Xudadad bəy Əzizbəyov və başqaları artıq “Kommunist” qəzetinin əməkdaşları idilər. 

“Kommunist”in səhifələrində tanın­mış şair və yazıçıların, publisistlərin ya­zılarının dərc olunması, eləcə də qəzetin əməkdaşı olan milli ruhlu jurnalist və pub­lisistlərin fəaliyyətlərini də nəzərə alsaq, istər-istəməz belə bir nəticəyə gələ bilərik ki, Azərbaycan ədəbiyyatının və ziyalıları­nın ən yaxşı və tanınmış xadimləri, hər cür qadağa və təqiblərə baxmayaraq, bu qəzetin ətrafında birləşərək, onu Cənubi Qafqazın ən tanınmış nəşri kimi tanıda bildilər. 

Qəzetlə yaxından əməkdaşlıq edən Nə­riman Nərimanov, Qəzənfər Musabəyov, Həmid Sultanov, Tağı Şahbazi (Simurğ), Əliəkbər Heydərli, Zinətulla Nuşirəvanov, Hacıbaba Nəzərli, Əli Nazim, Cahangir Nağıyev, Mahmud Xanbudaqov, Əyyub Xanbudaqov, Mustafa Quliyev, Rzaqulu Nəcəfov, Müseyib Şahbazov, Ənvər Qa­sımzadə və başqaları dövrlərinin məşhur və mötəbər dövlət xadimləri idilər. 

Azərbaycan ziyalılarının görkəmli nü­mayəndələri – Hüseyn Cavid, Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, Bə­kir Çobanzadə, Salman Mümtaz, Əhməd Rəcəbli, Ömər Faiq Nemanzadə, Əliağa Vahid, Əliabbas Müznib Mütəllibzadə hə­mişə çox ciddi təqiblərə məruz qalsalar da, “Kommunist” qəzeti ilə əməkdaşlıqdan çə­kinməmişlər. 

Heç şübhəsiz, bunun nəticəsi idi ki, qəzetin fəaliyyəti dəfələrlə kommunist rəhbərlərin mötəbər iclaslarında müzakirə edilmiş, hətta “qəzetdəki millətçilik yuva­sı”nın dağıdılması partiya sənədlərində və yekdilliklə qəbul edilmiş qərarlarda birmə­nalı olaraq əksini tapmışdır. Bir faktı xüsusi vurğulamağa ehtiyac var ki, 20-ci illərin əvvəllərində “Kommunist” qəzetinin re­daktorları çox tez-tez vəzifələrindən uzaq­laşdırılmış, təkcə fəaliyyətinin ilk 2 ilində 8 dəfə redaktor dəyişikliyi edilmişdir. Bunun bir səbəbi yüksək dairələrdə mövcud olan intriqalarla bağlı idisə, digər önəmli bir sə­bəbi qəzetin kommunist ideallarının təbli­ğatçısı olduğu kimi, həm də uzun illərdən bəri formalaşmış milli təmayüldən də uzaq dayanmamaqla bağlı olmuşdur. 

Yalançı milli suverenlik şüarları altında dövlət müstəqilliyinə son qoyulması, pas­siv də olsa, qəzetdə etirazla qarşılanmış, kommunist rəhbərlik isə belə müəllifləri sərt cəzalandırmışdır. İlk illərdə “qəzetdə millətçilik yuvası”nın mövcudluğu ilə bağlı bir neçə dəfə partiya qərarı da qəbul edil­mişdir. Göründüyü kimi, redaktorlar tez-tez dəyişdirilsə də, milli təmayülü yox etmək mümkün olmamışdır. 

Təkcə sovet dövrünün tədqiqatlarında yox, həm də müstəqillik dövrünün elmi araşdırmalarında göstərilir ki, 1921-1928-ci illərdə ölkəmizin xalq təsərrüfatının bərpası üzrə bir çox məsələlərin həllində, iqtisadiyyat məsələlərinin təbliğində AK(b)P MK və BK-nın orqanı olan “Kommunist” qəzeti az rol oynamamışdır. Yarandığı ilk gündən gərgin vəziyyətdə ölkədə qalmış vətənpərvər əhval-ruhiyyəli ziyalıları ət­rafında cəmləşdirən “Kommunist” vətəni­mizin xalq təsərrüfatının bərpa və inkişaf etdirilməsi, dövlət orqanlarının və mətbu­atın nüfuzunun yüksəldilməsi uğrunda yo­rulmadan çalışmışdır. 

Təbii ki, öz dövrü üçün birinci rəsmi partiya və dövlət qəzeti olan “Kommunist” kütlənin siyasi və mənəvi tərbiyəçisi kimi fəaliyyət göstərmişdir. Bu qəzet həmişə tarixi hadisələrin mərkəzində olmuş, xalq kütlələrinə müsbət təsir göstərmiş, res­publikanın gündəlik həyatında baş verən bütün məsələlərin həllində siyasi rəhbərli­yin mühüm təbliğat vasitəsi olmuşdur. Bir məsələni unutmaq olmaz ki, bu qəzet orqa­nı olduğu rəhbər təşkilatın siyasətini yerinə yetirməyə borclu idi, onun vəsaiti ilə nəşr olunurdu. Lakin qəzet kollektivi milli təəs­sübkeşliyini heç vaxt unutmamış və həmişə bunun cəzasını çəkmişdir.

Kommunist rejiminin süqutundan sonra ifrat millətçi təmayüllər bu sistemin Azər­baycanda ən böyük dayağının “Kommu­nist” qəzeti olduğunu gündəmə gətirməyə çalışmış, lakin qəzetin tarixinə kölgə sala bilməmişlər. Nə yaxşı ki, Azərbaycanın dövlət müstəqilliyini məhv olmaqdan qur­taran ulu öndər Heydər Əliyevin “Xalq qəzeti” haqqında dedikləri özlərini “xalqın milli dəyərlərinin qoruyucusu adlandıran”­ların ağzını yummuşdur.

“Kommunist”in varisi olan “Xalq qə­zeti” 1994-cü il avqustun 29-da 75 yaşını bayram edirdi və Prezident Heydər Əliyev “Xalq qəzeti”nin redaksiyasına göndərdiyi rəsmi məktubla redaksiya əməkdaşlarını və qəzetin yubileyini təbrik etdi. Bu məktub­da kommunist rejimi dövründə nəşr edilən bir mətbuat orqanının fəaliyyəti olduqca obyektiv və ədalətli şəkildə dəyərləndiri­lir, bu mətbu orqanın tariximizin önəmli bir parçası olduğu vurğulanırdı. Ulu öndər kollektivə gələcək fəaliyyətində uğurlar ar­zulayırdı. 

Heydər Əliyevin "Xalq qəzeti"nin 75 illiyi münasibətilə redaksiya kollektivinə göndərdiyi məktubda deyilirdi: “Respub­likada qəzetçilik ənənələrinin formalaş­masında, jurnalistikamızın inkişafında "Xalq qəzeti"nin xidmətləri xüsusi qeyd olunmalıdır. Bugünkü çoxsəsli, rəngarəng Azərbaycan mətbuatının bir çox görkəm­li nümayəndələri bu qəzetin yaradıcılıq məktəbini keçmişlər. Müstəqilliyimizin qa­zanılmasından sonra da "Xalq qəzeti" res­publikamızın ictimai həyatında baş verən hadisələrə cəsarətlə müdaxilə etmiş, bir çox problemlərin aşkarlanmasında mühüm rol oynamışdır”.

Müstəqil dövlətimizin memarı və quru­cusu bu dəyərlə ölkənin ən yaşlı gündəlik anadilli nəşrinin keçid dövründə zədələn­miş yüksək statusunu bərpa etdi. Ötən 30 ildə “Xalq qəzeti” Ulu öndərin verdiyi önəm və dəstəklə müstəqilliyimizin möh­kəmlənməsinə, ölkəmizdə misilsiz uğurlar qazanılmasına mötəbər informasiya dəstəyi vermiş, xalq işinə sadiqliyini yeni dövrdə də sübuta yetirmişdir. 105 yaşlı avanqard qəzet Heydər Əliyev ideyalarına sədaqətlə xidmətini bu gün davam etdirir.

Namiq ƏHMƏDOV
XQ





Sosial həyat