Vətən müharibəsinin fəlsəfəsi

post-img

II MƏQALƏ

İstənilən müharibəyə qələbə əzmi olmadan başlamaq fəlakətdir.

Duqlas MAKARTUR
ABŞ generalı

Orta əsrlər və müasir təsəvvürlər

XII-XIII əsrlərdə yaşamış Raymund de Pentiforta ədalətli müharibənin beş şərtini irəli sürmüşdür (o, həm də Dominikan or­deninin generalı olmuşdur): müharibənin məqsədi nailiyyətin qorunması olmalıdır; müharibə elan edən insan sülhə necə nail olmaq üzərində daim düşünməlidir; mü­haribə elan edən insan dünyəvi olmalıdır (müasir düşüncəli və hüquqa tam əməl edən); müharibə dövlət başçısı tərəfindən elan edilməlidir; müharibə nifrətsiz və in­tiqam almağa uymadan aparılmalıdır.

S.Lazar Stenford Universitetinin en­siklopediyasında müharibə haqqında fəl­səfi təsəvvürləri lakonik ifadə etmişdir. O yazır ki, müasir mərhələdə müharibənin qiymətləndirilməsinə ikili yanaşma vardır. Bir qrup filosof, ümumiyyətlə, müharibəni etik, mənəvi-əxlaqi kontekstdə izah etmə­yin anlamı olmadığı qənaətindədir. Onların mövqeyinə görə, hər bir müharibə ədalət­sizdir. Bu mövqedə olanları “realistlər” adlandırırlar. 

Başqa mövqedə olanlara isə “pasi­fistlər” deyirlər. “Pasifizm” latınca “pa­cificus” sözündən olub, “sülhyaradan” deməkdir. Pasifizm zorakılığın hər növünə qarşı müqavimət ideologiyasıdır. Pasifist­lər müharibəyə mənəvi-əxlaqi və etik qiy­mətin verilməsini mümkün hesab edirlər. Lakin onlar da müharibəni ümumilikdə antimənəvi fenomen adlandırırlar. 

Bunlarla yanaşı, indi “ədalətli mühari­bə nəzəriyyəsi” adlı istiqamət də intensiv inkişaf etdirilir. Bu təlim çərçivəsində mü­haribənin bir sıra növlərinə mənəvi haqq qazandırmağı doğru sayırlar. Beynəlxalq hüquqda buna uyğun maddələr vardır. Cenevrə Konvensiyasında da onlar möv­cuddur. Yuxarıda vurğuladığımız kimi, Aristotel, Siseron, Avqustin, Akvinski və digər filosoflar da bu və ya digər anlamda “ədalətli müharibə” anlayışını qəbul etmiş­lər. 

Müasir filosoflardan amerikan Con Roulz (2002-ci ildə dünyasını dəyişmişdir) ədalətli müharibənin iki əsas şərtini açıqla­yır: 1) dövlət və ya millət özünü müdafiə edir; 2) insan haqlarının kobudcasına və kütləvi pozulmasının qarşısı alınır. 

Beləliklə, müharibə haqqında qədim­dən formalaşmağa başlayan fəlsəfi fikirlər tarixi təkamülə uğrayaraq, müasir mər­hələdə bir neçə anlam kəsb etmişdir. Onla­rın sırasında ədalətli və ədalətsiz müharibə ifadələri hazırda çox aktualdır. Fəlsəfi ya­naşmada ədalətliliyin müharibə konteks­tində mənəvi, əxlaqi, sosial, ideoloji, siyasi aspektləri ilə yanaşı, hüquqi tərəfi də ciddi yer tutmuşdur. 

Deməli, indi ədalətli müharibəni so­sial, mənəvi-əxlaqi məqsəd, həyata keçi­rilmə mexanizmləri və üsulları ilə yanaşı, hüquqi məqamlara görə də müəyyən etmək mümkündür. Və bu məqamda qarşıya üç mühüm faktor çıxır. Onların üçü də ədalət­li müharibənin müasir anlamı üçün zəruri olan kriteriyalarla bağlıdır. Biz həmin kri­teriyaları aşağıdakı kimi müəyyən edirik:

Birincisi, müharibənin ədalətliliyi ölkədaxili inklüziv legitimliklə sıx bağlı­dır. 

İkincisi, müharibənin ölkədaxili şərt­lər əsasında ədalətliliyinin müəyyən edil­məsi mütləq şəkildə beynəlxalq miqyasda humanitarlıq və hüquqiliklə məzmun və mahiyyətcə ziddiyyət olmamalı, yəni, uy­ğunluq təşkil etməlidir.

Üçüncüsü, ədalətli müharibə kütləvi surətdə insan hüquqlarının pozulmasının qarşısını almalı və cəmiyyətin ləyaqətini bərpa etməlidir. 

II Qarabağ savaşına bu üç kriteriyanın işığında baxanda çox maraqlı və əhəmiy­yətli fəlsəfi qənaətlər əldə etmək imkanı yaranır. Lakin öncə “Vətən müharibəsi” anlayışına fəlsəfi nəzər salaq. 

Vətən müharibəsi

Elmi ədəbiyyatda “Vətən müharibəsi” ifadəsini, adətən, Rusiyada işlənən termin kimi təqdim edirlər. Burada müəyyən dərə­cədə həqiqət payı vardır. Çünki SSRİ-nin Almaniya üzərində qələbəsi ilə nəticələnən savaş, həqiqətən də, Böyük Vətən müha­ribəsi adlandırıla bilər. Həmin savaşda sovetlərin müharibədə əsas məqsədi tor­paqları işğalçılardan azad etməkdən ibarət idi. Bütün xalq işğalçıya qarşı vuruşurdu. Bu mənada 1941-1945-ci illər müharibəsi həm də azadlıq uğrunda savaş kimi qəbul edilir. 

Bundan başqa, Vətən müharibəsi ka­teqoriyasına 1812-ci ildə Napoleon ordusu­na qarşı Rusiyanın savaşını, 1950-1953-cü il Koreya azadlıq savaşını, 1991-1995-ci il Xorvatiyanın müstəqillik uğrunda apardı­ğı müharibəni və II Qarabağ savaşını aid edirlər. Bu müharibələrin hamısını birləş­dirən xüsusiyyətlər – öz torpaqlarını işğal­dan azad etmək, müstəqilliyi təmin etmək, suverenliyi tam təmin etmək, ərazi bütöv­lüyünü bərpa etmək və insan haqlarının kütləvi şəkildə pozulması prosesinin qarşı­sını almaq... Vurğulanan bu faktorları müa­sir mərhələdə Vətən müharibəsinin ümumi xüsusiyyətləri kimi qəbul etmək olar. 

Lakin bu tərifin kifayətedici olmadı­ğını da deməliyik. Çünki ümumi anlamda Vətən müharibəsinin hər bir konkret halda özünəxas əlamətləri olur. Onlar müharibə­nin səbəblərinə, aparılma üsulları və mexa­nizmlərinə, hərbi-ideoloji özəlliklərinə, qarşıya qoyulan məqsədə və alınan nəti­cələrə aiddirlər. Buna görə də Vətən müha­ribəsini “xalqın öz Vətəni uğrunda yadelli işğalçılara qarşı fədakar mübarizəsi kimi” qəbul etməklə bərabər, savaşın müxtəlif aspektlərinin dərindən və əhatəli araşdırıl­ması da zəruridir. 

Məsələn, II Qarabağ savaşında Azər­baycan cəmiyyəti, hakimiyyəti və ordusu arasında özünü göstərən monolitlik tarixi nümunədir. Bu istiqamət araşdırılmalıdır. Azərbaycan Prezidentinin Vətən mühari­bəsində dövlət başçısı–lider–Ali Baş Ko­mandan keyfiyyətlərini bir-biri ilə tam uy­ğunlaşdıraraq qalib gəlməsi xüsusi fəlsəfi aktuallıq kəsb edir. Bu nümunə bütün dün­ya üçün siyasi-nəzəri əhəmiyyət daşıyır. 

Azərbaycanlıların vətənpərvərliyi, vətən sevgisi və həmrəyliyinin Vətən mü­haribəsində təzahürünün konkret məzmunu aydınlaşmalıdır. II Qarabağ müharibəsində şəhidlik və qaziliyin fəlsəfəsi araşdırıl­malıdır. Vətən müharibəsində xalq–haki­miyyət birliyinin bəhrələri fəlsəfi tədqiq edilməlidir. Vətən müharibəsində əsrlərdir türklərin haqlarının pozulması prosesinin qarşısının alınmasının tarixi, hüquqi, siya­si, mənəvi və hərbi hadisə olması fəlsəfi əsaslandırılmalıdır və s.

Deməli, II Qarabağ savaşı Vətən mü­haribəsi olaraq özəl xüsusiyyətlərə malik­dir ki, onların aydınlaşdırılması cəmiyyət üçün çox aktualdır. Həmin xüsusiyyətlər sistemli xarakter daşıyır. Onların fəlsəfi təhlili təşkiledici elementlərin qarşılıqlı əlaqəsində araşdırıla bilər. Eyni zamanda, ayrılıqda tədqiqləri mümkündür. Biz əv­vəlcə, yuxarıda vurğuladığımız iki prinsi­pin işığında Vətən müharibəsinin ədalətli müharibə kimi bir sıra məqamlarına nəzər yetirək. 

Ölkədaxili inklüziv legitimlik

Vətən müharibəsi kontekstində “ink­lüziv legitimlik” dedikdə aşağıdakıları nəzərdə tuturuq. İnklüziv legitimlik lide­rin, hakimiyyətin və cəmiyyətin aparılan müharibəyə eyni yanaşmasını özündə ifa­də edir. Lider-hakimiyyət (dövlət başçısı­nın komandası kimi) - cəmiyyətin bütün kəsimlərinin aparılan müharibəni ədalətli, müstəqillik, suverenlik, ərazi bütövlü­yünün təmini, milli ləyaqətin bərpası və hüquqa uyğun mübarizə kimi qəbul etməsi inklüziv legitimlikdir. 

Onun üç aspektini ayırırıq. Birincisi, Lider–dövlət başçısı–Ali Baş Komanda­nın ədalətli savaş apardığına tam əminliyi. İkincisi, cəmiyyətin bütün kəsimlərinin aparılan savaşa eyni mövqedən baxması, yəni onu ədalətli hesab etməsi. Üçüncü­sü, müharibəyə münasibətdə dövlət baş­çısı, onun komandası, ordu və xalqın eyni mövqedə olması və vahid məqsədə – qələ­bəyə nail olmağı pozulan ədalətin bərpası kimi qəbul etməsi. 

Vətən müharibəsinin fəlsəfəsi konkek-tstində bu, çox vacib məsələdir. Xüsusilə, II Qarabağ savaşının Vətən uğrunda mü­barizə kimi fəlsəfəsi baxımından inklüziv legitimlik aparıcı yer tutur. Onun bir neçə səbəbi üzərində dayanmağa çalışacağıq. Məsələ Azərbaycanın XX əsrin son onil­liyində qazandığı müstəqilliyə müxtəlif qüvvələrin və onların ölkədə olan əlaltıla­rının dağıdıcı reaksiyası ilə bağlıdır. Çünki həmin qüvvələr birləşib Azərbaycan cə­miyyətinin bütövlüyünü altı isitiqamətdə pozmağa başladılar. 

Birincisi, mənəvi-əxlaqi dayanıqlığa “tektonik zərbələr” vurdular. Onun əlamət­ləri azərbaycanlıların malik olduqları mənəvi-əxlaqi dəyərləri köhnəliyin, geri­dəqalmışlığın və savadsızlığın əlamətləri kimi qələmə vermələri ilə bağlı idi. Bunun fonunda Azərbaycanın dilinə, dininə, mə­dəniyyət ənənəsinə aşağılayıcı münasibət getdikcə artırdı. Bu, cəmiyyətin müəyyən kəsimlərinə mənəvi ziyan verdi. 

İkincisi, siyasi-ideoloji bütövlüyü poz­mağa çalışdılar. Çox təhlükəli istiqamət idi. O dövrdə (1991-1992-ci illər) siyasi idarəetmədə özünü göstərən naşılıq həmin prosesin dağıdıcı və bölücü təsirini artırdı. Cəmiyyətdə vahid siyasi mövqe seçimi və birləşdirici ideoloji konsept meydana gəl­mədi. 

Üçüncüsü, azərbaycanlıların ordu ya­ratmaq qabiliyyətlərinə şübhələr oyatdılar. Bu prosesə o zamankı rəhbərliyin “sovet ordusu kufayətdir” özünüaldatma məntiqi də neqativ təsir etməkdə idi. Ermənistanın havadarlarının yardımı ilə davamlı hərbi tə­cavüzü qarşısında hərbi qruplar birləşmək əvəzinə bir-biri ilə intriqalara və ixtilaflara girdilər. Bu, ümumiyyətlə, azərbaycanlıla­rın nizami, müasir və döyüşkən ordu ya­rada bilmək qabiliyyətinin olmadığı kimi çox təhlükəli bir sindrom yaratmışdı. 

Dördüncüsü, birləşdirici ideologiyanın yoxluğu ilə bərabər, cəmiyyətdə həmrəy­liyi təmin etmənin konkret konsepti yox idi. Bunun fonunda kənardan cəmiyyətdə qarşıdurma yaratmaq və müxtəlif sferalar üzrə ayrı-seçkiliyi gücləndirmək cəhdləri ara vermirdi. 

Beşincisi, Azərbaycanda legitim idarəetmə institutlarının yaradılmasının əlamətləri görünmürdü. İşləyən dövlət ins­titutlarının vahid və konkret məqsədi gö­rünmürdü. 

Altıncısı, ölkənin milli ideyası müəy­yən edilməmişdi və sistemli strateji inkşaf konsepsiyası hazırlanmamışdı. 

1993-cü ilin ikinci yarısına qədər vüsət alan həmin altı dağıdıcı istiqamət, bütöv­lükdə, dövlətin və cəmiyyətin mentalitetini korlamaq kimi olduqca təhlükəli tenden­siya meydana gətirmişdi. Dünyanın tarixi təcrübəi göstərir ki, bu kimi neqativ pro­sesləri müsbət məcraya yönəldən proses­lərlə əvəz etmək çox çətin məsələdir. 

Beləliklə, xarici hərbi, ideoloji və mənə­vi təcavüz nəticəsində Azərbaycan toplu­munda əsrlərlə bütövləşdirici rol oynayan dəyərləri tədricən gözdən salır, onların real birləşdirici funksiya yerinə yetirməsinə çoxsaylı əngəllər törədirdilər. Bütün bunlar dövlət üçün çox aktual olan bütövlüyü və məqsədyönlülüyü saxlamaqla inkişaf etmək imkanlarını çox məhdudlaşdırırdı. O dövrdə kimsə Qarabağ savaşında qalib gələ biləcə­yimizin və bunu necə etməyin formulunu bilmirdi, bəlkə də təsəvvür etmirdi. Müəy­yən mənada bədbinlik və psixoloji-siyasi apatiya yaranmışdı. 

Bu vəziyyətdən qurtulmadan işğal al­tında olan torpaqları azad etməkdən da­nışmaq absurd məsələ idi. Deməli, öncə bu dağıdıcı prosesi dayandırmaq, sonra cəmiyyəti müstəqilliyin tələblərinə uyğun toparlamaq və nəhayət, sarsıdıcı zərbə ilə düşməni məğlub etmək lazım idi. Qurtuluş yolu bundan ibarət idi. 

Ancaq əsas məsələ də ondan ibarətdir ki, bütün bu çətin məsələləri inklüziv və sistemli olaraq necə həll etmək olardı? Cə­miyyət bütövləşmədən, hakimiyyət-xalq birliyi yaradılmadan, vətəndaşlarda Vətən sevgisini stimullaşdırmadan Vətən müha­ribəsindən danışmaq tamamilə yersiz idi. 

Bizcə, II Qarabağ savaşını Vətən mü­haribəsi edən, bu prosesin təməlində bərqə­rar olmuş və illərlə vurğulanan dağıdıcı tendensiyaların önünü kəsərək, əvəzində dövlətçilik və milli maraqlar üçün müsbət rol oynayan yeni dəyərlər yaratmaq kursu dayanır. Bizim Vətən müharibəmizin fəl­səfəsinin bünövrəsini həmin kursun həm konsepsiya kimi hazırlanması, həm də sürətlə həyata keçirilməsi təşkil edir! 

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət