Bu günlərdə keçiriləcək Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının I Konqresində sahənin önəmli problemləri müzakirə ediləcək
Son illərdə ölkəmiz mühüm beynəlxalq məclislərə ev sahibliyi edib. Onkologiya ilə bağlı ötən ilin 4–10 iyulunda ilk Türk Dövlətləri Kardionkoloji Konqresinin, 29–30 noyabrında isə III Beynəlxalq Süd vəzi Xərçəngi Konqresinin keçirilməsi ölkəmizə göstərilən böyük etimadın göstəricisidir. Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresinin də bu il 13–14 iyunda Azərbaycan paytaxtında keçirilməsi planlaşdırılır.
Bununla bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevdən “Xalq qəzeti” üçün müsahibə aldıq. Akademik öncə konqres və onun Bakıda keçirilməsinin əhəmiyyətindən söz açdı:
– Bizim üçün çox fərəhli haldır ki, belə mötəbər bir məclis ilk dəfə məhz ölkəmizdə – Bakı şəhərində keçirilir. Konqresdə türkdilli dövlətlərdən Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətindən dəvət olunan konqres iştirakçıları – onkoloqlar iştirak edəcək, öz ölkələrində onkoloji xidmətin təşkili, onkologiya sahəsində olan problemlər, əhali arasında bədxassəli şişlərin rastgəlmə tezliyi, müayinə və müalicəsinə müasir yanaşma və sair mövzularda çıxışlar edəcək, fikir, təcrübə mübadiləsi aparacaqlar.
Qeyd etmək lazımdır ki, Azərbaycanda onkologiya sahəsində əhaliyə tibbi xidmət ölkə Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Onkoloji yardım haqqında” Qanun (23 may 2006-cı il), eyni zamanda, “Əhalinin sağlamlığının qorunması haqqında” (26 iyun 1997-ci il) Azərbaycan Respublikasının Qanunu və digər rəsmi sənədlərlə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatı, Xərçəng xəstəliyinin tədqiqi Beynəlxalq agentlik (The International Agency for Research on Cancer – IARC) və digər müvafiq beynəlxalq təşkilatların tövsiyə etdiyi proqramlar əsasında həyata keçirilir. Digər türkdilli dövlətlərdə bədxassəli şişlərlə mübarizə proqramlarının hansı hüquqi dövlət sənədləri əsasında həyata keçirildiyi, onların müsbət və ya mənfi nəticələri, əhalinin və ilk növbədə xəstələrin bütün təbəqələrinin müasir müayinə, müalicə metodlarına əlçatanlıq problemləri müzakirə ediləcək, fikir mübadiləsi aparılacaqdır. Ümid edirik ki, toplantımız yüksək işgüzarlıq şəraitində keçəcək, qarşımıza qoyduğumuz məqsədlərimizə uğurla nail olacağıq. Konqresin nəticələrinin bizi onkologiya sahəsində beynəlxalq əməkdaşlığa daha bir addım da yaxınlaşdıracağına əminik.
– Beynəlxalq səhiyyə təşkilatları ilə bu sahədə əməkdaşlığın mütəxəssis – onkoloqlarımızın ən son elmi yeniliklərdən istifadə etməsinə nə kimi təsiri var?
– Milli Onkologiya Mərkəzinin əməkdaşları vaxtaşırı olaraq ABŞ, Avropa, qardaş Türkiyə Cümhuriyyəti və digər ölkələrin aparıcı onkoloji klinikalarında peşəkarlıqlarını yüksəldirlər. Onkologiyada müasir müayinə, müalicə üsulları ilə tanış olur, onların tətbiqini daim izləyir, həmin klinikalarda təlim və təcrübə keçir, kurslarda iştirak edirlər. Milli Onkologiya Mərkəzinin dünyanın bir çox aparıcı klinkaları –İtaliya Cancer Aid International Onlus (2010), Milan Milli Xərçəng İnstitutu və Milan San Raffaele Xəstəxanası (2011), ABŞ MD Anderson Xərçəng Mərkəzi (2015), Türkiyə Respublikası Qazi Universiteti (2015), Hacettəpə Universiteti (2018), Ege Universiteti (2022), Fransa Beynəlxalq Profilaktika Tədqiqat İnstitutu (International Prevention Research Institute, 2018), Rusiya Federasiyası “Санкт-Петербургский клинический научно-практический центр специализированных видов медицинской помощи (онкологический) имени Н.П. Напалкова” (2024), Qazaxıstan Onkologiya və Radiologiya Elmi-Tədqiqat İnstitutu (2024) və digərləri ilə imzalanan elmi-praktik əməkdaşlıq haqqında müqavilələr bu işləri həyata keçirməyə imkan və şərait yaradır. Əməkdaşlarımız onkologiya sahəsində beynəlxalq elmi forumların – konfrans, konqres və digər toplantıların fəal iştirakçıları, Bakı şəhəri isə bu forumların təşkil olunduğu müasir, aktiv platformadır. Yeni, proqressiv bilgilər imkan daxilində bizim klinikada tətbiq edilir, elmi tədqiqatlar həyata keçirilir.
Digər türkdilli dövlətlərdə onkologiya sahəsində aparılan kadr hazırlığı, elmi işlərin aparılması, yeni texnologiyaların alınması, onlardan və o cümlədən, süni intellekt proqramlarından klinikada istifadə olunması və digər çoxsaylı problemlərin müzakirə edilməsi optimal həll yollarının təklif olunmasına şərait yaradacaqdır. Məsələn, son illərdə immunoonkologiya sahəsində aparılan elmi tədqiqatların nəticələri bədxassəli şişlərin müayinə və müalicəsində pozitiv sıçrayışlar olmasını proqnozlaşdırmağa əsas verir. İnnovativ, qeyri-invaziv, az vaxt, zəhmət tələb edən və xəstənin sağlamlığı üçün təhlükə yaratmayan, orqanizmdə xərçəng hüceyrələrinin mövcudluğunu göstərə biləcək DNT və RNT-dəki mutasiyaların axtarışına əsaslanan maye biopsiyanı (qan, limfa, onurğa beyini mayesi, ağız suyu, sidik, tər və s.) misal göstərə bilərik. Bu tədqiqat üsulu, xərçəngi erkən mərhələdə təyin etməyə kömək edir. Erkən aşkarlanan xəstəliyin müalicəsi də daha yüksək müsbət nəticə almağa və həyat qurtarmağa imkan verir.
Digər misal, xərçəng kök hüceyrələri markerlərinin öyrənilməsidir. Şiş kök hüceyrələri kök hüceyrə xüsusiyyətlərinə malikdirlər, yəni özlərini yeniləyə və diferensiasiya edə bilirlər. Onlar şişin böyüməsində və metastaz verməsində, həmçinin müalicəyə qarşı davamlılığın inkişafında mühüm rol oynayırlar. Şiş kök hüceyrələri markerlərinin tədqiqi radikal müalicə nəticəsində tam remissiyada (şişin tam sorulması) olan pasientlərdə residiv, metastazlar olmasını proqnozlaşdırmağa, onlara əlavə şiş əleyhinə müalicənin, o cümlədən hədəf preparatların təyin edilib-edilməməsinə göstərişləri təyin etməyə imkan verə bilər.
– Konqresdə müzakirə olunan mövzular türkdilli dövlətlər arasında tibbi əməkdaşlığın gücləndirilməsinə, xəstəliklərin müalicəsində uğurlu nəticələr əldə olunmasına, problemlərin həll yollarına necə təsir edəcək?
– Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresində müxtəlif mövzulu məruzələrdə qeyd olunan problemlərin müzakirəsində əsas məqsəd bu ölkələrin vətəndaşları arasında onkoloji xəstəliklərin profilaktikası, onların ilkin mərhələlərdə diaqnostikası, xəstələrin müalicəsində yüksək effektli, müasir, səmərəli üsulların tətbiqi və xəstəliyin son mərhələlərində olan pasiyentlərə optimal tibbi, sosial və psixoloji yardımın necə təşkil olunması və onların nəticələri ilə tanış olmaqdır.
Qarşıya qoyulan məqsədə uyğun olaraq aşağıdakı vəzifələri xüsusi qeyd etmək lazımdır:
– Onkoloji xəstələrə tibbi yardım sahəsində qanunvericiliyin təkmilləşdirilməsi;
– mərkəzi, regional və hospital xərçəng registrlərin yaradılması;
– onkoloji xəstəliklərin epidemioloji aspektlərinin tədqiqi;
– onkoloji xəstəliklərin profilaktikası, müayinəsi, müalicəsi, palliativ yardım və reabilitasiya sisteminin təkmilləşdirilməsi;
– onkoloji xəstəliklərə qarşı mübarizədə ailə həkimlərinin digər mütəxəssislərlə birgə rolunun yüksəldilməsi;
– bu mübarizənin müasir səviyyədə həyata keçirilməsi üçün kadrların peşəkarlığının artırılması və tibb müəssisələrinin maddi-texniki imkanlarının gücləndirilməsi;
– onkoloji xəstəliklərə qarşı dövlət proqramının digər milli proqramlarla əlaqələndirilməsi;
– Türkdilli Dövlətlər Birliyi onkoloqlarının bədxassəli şişlərin müxtəlif aspektlərinin tədqiqinə həsr edilmiş birgə elmi işlərinin planlaşdırılması və həyata keçirilməsi.
Qeyd etmək lazımdır ki, elmi-texniki tərəqqinin, rəqəmsal texnologiyaların, süni intellektin kliniki təbabətə inteqrasiyası, bazar iqtisadiyyatı, humanist təbabətin kommersiya təbabətinə keçidi ənənəvi, klassik tibbi deontologiyanın insanlara qayğı, sevgi prinsipini dəyişməməlidir. Həkimlik yalnız bilik, təcrübə, müalicə prosesi, onlara nəzarət deyil, xəstələrlə səmimi ünsiyyətə girmək, çətinliklərini anlamaq və onları öz doğma problemləri kimi hiss etməkdir (empatiya). Əfsuslar olsun ki, sürətlə və fəal “qloballaşan” dünyada öz peşələrini yüksək səviyyədə bilən həkimlərdə empatiya məsələlərində anlaşılmazlıqlar müşahidə edilir. Məhz bu səbəbdən biz öz toplantılarımızda tibbi etika problemlərinin zaman müstəvisi kontekstində həmişə geniş müzakirəsini vacib hesab edirik.
Digər prioritet məsələ süni intellektin onkologiya sahəsində tətbiqidir. Məsələn, Avropa səhiyyə sistemində süni intellektin dəyəri 2016-cı ildə 270 milyon dollar təşkil edirdisə, bu rəqəm 2025-ci ilin sonuna 28 milyard dollara qədər yüksələcəkdir. ABŞ maliyyə bazarında süni intellektin tibbə tətbiqi 2022-ci ildə 15,1 milyard dollar olmuşdursa, 2030-cu ildə bu rəqəmin 187,95 milyard dollara qədər yüksəlməsi proqnozlaşdırılır. Məhz bu səbəbdən göstərilən problemin onkoloqlar tərəfindən öyrənilməsi və klinikada tətbiqi vacib faktordur.
Yuxarıda göstərilən elmi-praktiki işlərin həyata keçirilməsi üçün əlaqələndirici şuranın yaradılmasını məqsədəuyğun hesab edirik. Eyni zamanda, Türkdilli Dövlətlər Birliyi onkoloqlarının 6 ayda bir dəfə çap olunan elmi-praktiki jurnalının təsis edilməsi təklifi ilə həmkarlarımıza müraciət etmək fikrindəyik.
Bütün göstərilən problemlərin təhlili, alınmış nəticələr əsasında praktiki addımların atılması onkoloji xəstəliklərin rastgəlmə tezliyinin azalması, onların diaqnostika və müalicəsinin nəticələrinin və xəstələrin yaşama, həyat keyfiyyəti göstəricilərinin xeyli yüksəlməsinə səbəb ola bilər.
– Cəmil müəllim, Azərbaycanda ilk dəfə sizin rəhbərliyinizlə Uşaq Onkoloji Klinikası yaradılmışdır. Konqresdə uşaqlarda rast gələn bədxassəli şişlərin diaqnostika və müalicə problemləri də müzakirə olunacaqmı?
– Biz Uşaq Onkoloji Klinikasını yaradan zaman ölkədə müvafiq ixtisaslı kadrların və bu sahədə təcrübəmizin olmaması səbəbindən bir çox çətinliklərlə üzləşmişdik. Qısa zaman ərzində dünyanın aparıcı klinikalarında yerli pediatr onkoloq kadları hazırlandı. Klinikanın fəaliyyətə başladığı ilk vaxtlarda işlərin daha professional həyata keçirilməsi və yerli kadrların işlərinə nəzarət üçün xaricdən ixtisaslı kadrlar dəvət edildi.
Qeyd etməliyəm ki, Uşaq Onkoloji Klinikasının yaradılmasında Azərbaycan Respublikasının Birinci vitse – prezidenti, Heydər Əliyev fondunun rəhbəri Mehriban xanım Əliyevanın böyük əməyi var. 2012-ci il martın 7-də Milli Onkologiya Mərkəzinin nəzdində regionda ilk olan Uşaq Onkoloji Klinikası fəaliyyətə başladı. Hazıda klinikada uşaq cərrahiyyə, uşaq kimyaterapiya, uşaq şüa terapiya şöbələri fəaliyyət göstərir. Hər il ölkədə 300-ə yaxın uşaqda onkoloji patologiya aşkar edilir və onlarda şiş əleyhinə müalicənin bütün üsulları mükəmməlliklə icra edilir.
Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, Leyla xanım Əliyeva Uşaq Onkoloji Klinikasında uşaqların gözlədiyi sevimli qonaqdır. O, ayda bir neçə dəfə klinikanı ziyarət edir, uşaqları maraqlı hədiyyələrlə sevindirir, orada həyata keçirilən müayinə, müalicə prosedurlarının müasir səviyyədə aparılması üçün müvafiq yardımlar edir.
Konqresdə ayrı bir bölmədə pediatrik onkologiyada rast gəlinən bədxassəli şişlərin diaqnostika və müalicəsinə həsr edilmiş çıxışlar, müzakirələr həyata keçiriləcək.
– Dünyada əhali arasında xərçəng xəstələrinin sayının ildən ilə yüksəlmə tendensiyası müşahidə edilir. Bizim ölkəmizdə bu göstəricilərin dinamikası necədir?
– Xərçəng xəstəliyinin tədqiqi Beynəlxalq agentlik (The International Agency for Research on Cancer- IARC) GLOBOCAN-ın məlumatına görə, dünyada insanların bədxassəli şişlərlə xəstələnmə göstəriciləri ildən ilə artır. 2022-ci ildə dünyada 100 min nəfər əhalidən 196,6-sında (yaşa görə standartlaşdırılmış xəstələnmə göstəricisi) bədxassəli şiş təyin edilmişdir və dünya özrə birincili xəstələrin sayı 20 milyona yaxın olmuşdur. ABŞ-da bu göstərici daha yüksək – 367, Hindistanda isə aşağı – 98,5 təyin edilmişdir. Müraciət edənlərdə ən çox ağciyər, süd vəzi, yoğun bağırsaq, prostat və mədə xərçəngi müşahidə edilmişdir. Son illərdə Azərbaycanda bədxassəli şişlərlə standart xəstələnmə göstəricisi 150–160 arasında dəyişir, nəzərə çarpaçaq yüksəlmə təyin edilmir. Kişilərdə daha çox ağciyər, mədə, kolorektal, qadınlarda isə süd vəzi, mədə, uşaqlıq boynu və kolorektal xərçəng aşkar edilir.
– Bütün onkoloji xəstələri narahat edən vacib sual dəfələrlə Milli Məclisdə də səsləndirilib. Onkoloji xəstəliklərin müayinə və müalicə xərcləri nə vaxt icbari tibbi sığorta zərfinə daxil ediləcək? Aztəminatlı təbəqə üçün müayinə və müalicənin əlçatanlığı üçün hansı işlər görülür?
– Müasir təbabətdə bədxassəli şişlərin profilaktikası, erkən mərhələlərdə təyini, pasientlərin müayinə və müalicəsi, reabilitasiya tədbirləri, xəstələrə palliativ yardımın təşkili çox spektrli metodları əhatə edən uzun müddətli mürəkkəb bir proses, olduqca geniş bir sahədir. Müalicə çoxprofillidir və bura cərrahiyyə, şüa terapiyası, kimyaterapiya, immunoterapiya, hədəf terapiyası və s. daxildir və onlar ayrılıqda və ya birlikdə, müəyyən ardıcıllıqla aparılır. Eyni zamanda, diaqnozun dəqiqləşdirilməsi üçün bir çox hallarda “ikinci tibbi rəy” alınmasına ehtiyac yaranır. Xəstələrin müalicəsi, reabilitasiya tədbirləri də daxil olmaqla aylar və hətta illərlə davam edə bilər. Klinikada xərçəng xəstəliyinin mərhələsi, patoloji prosesin xüsusiyyətləri, xəstənin ümumi sağlamlıq durumundan asılı olaraq aparılan müalicə və müalicə prosesində yaranan reaksiya, fəsadların qarşısının alınması üçün müvafiq yanaşma strategiyaları, protokolları mövcuddur.
Son illərdə fərdi tibbin inkişafı xərçəng xəstəliyinin müalicəsini daha da mürəkkəbləşdirib və bu müalicə artıq xəstənin şişinin genetik tərkibinə əsaslanan fərdi terapiya ilə həyata keçirilir. Bu yanaşma yüksək səviyyəli diaqnostika imkanlarının və o cümlədən, molekulyar biologiya metodlarının klinikaya tətbiqini tələb edir. Bir çox hallarda konkret xəstənin müalicəsinin nəticələri – öncədən düşünülmüş proqnoz gözlənilməz ola bilər ki, bu da risklərin qiymətləndirilməsini çətinləşdirir. Nəhayət, müalicə prosesini çoxprofilli komanda həyata keçirir və onların əlaqələndirməsi vacib şərtdir. Bu koordinasiya çətin olsa da, xərçəngin kompleks müalicəsi üçün həlledici əhəmiyyətə malikdir.
Xərçəng xəstələrinin yuxarıda qeyd etdiyim müayinə və müalicə problemlərinin icbari tibbi sığorta zərfinə daxil edilməsi sualına gəlincə, burada öncə çətinliklərin mövcudluğunu deyə bilərik. Onkologiyada sığorta tibbinin təşkilində əsas çətinliklərdən biri müayinə və müalicənin yüksək maliyyə vəsaiti tələb etməsi və uzun müddətli olmasıdır. Bu amillər sığorta şirkətlərinin xərc öhdəliklərini qarşılamaqda çətinlik yaranmasına səbəb ola bilər. Digər ölkələrdə sığorta sisteminin onkologiyada tətbiqinin təhlili göstərir ki, bütün amillər – müalicə protokollarının fərqliliyi və pasiyentlərin ehtiyaclarının dəyişkənliyi standart sığorta mexanizmlərini bu sahədə qeyri-effektiv edə bilər və bu səbəbdən sistemin optimal və dinamik olması vacibdir.
Qəzetiniz vasitəsi ilə vətəndaşlarımızı əmin edirəm ki, ölkəmizdə göstərilən problemin həlli üçün müvafiq dövlət strukturları birlikdə intensiv çalışırlar və yaxın gələcəkdə bu problem yüksək keyfiyyət kriteriyalarını əsas götürməklə öz həllini tapacaq.
Müsahibəni hazırladı:
Zərifə HÜSEYNOVA
XQ