Qara dənizin Gürcüstan sahillərindəki Poti limanında Azərbaycanın iştirakı ilə yeni strateji terminal istifadəyə verilib. Bu, Azərbaycanın regionda etibarlı dost və strateji tərəfdaş olduğunu bir daha sübut edib.
AZƏRTAC xəbər verir ki, iyunun 9-da Gürcüstanın Poti şəhərində yerləşən və Orta Dəhliz üçün strateji əhəmiyyət daşıyan “Poti TransTerminal” multimodal konteyner terminalının rəsmi açılışı olub.
Yeni logistik mərkəz regionun tranzit və yükdaşıma potensialını əhəmiyyətli dərəcədə artıracaq. Terminalın layihələndirilməsi və müəllif nəzarəti Gürcüstan və Qazaxıstan tərəfindən etibarlı tərəfdaş kimi Azərbaycana həvalə olunub. Bu işləri Azərbaycan şirkəti — “INNOPRO” Qapalı Səhmdar Cəmiyyəti uğurla həyata keçirib.
Tədbirdə Gürcüstan, Qazaxıstan və Özbəkistanın nəqliyyat qurumlarını təmsil edən rəsmi şəxslər, parlament üzvləri və beynəlxalq logistik mütəxəssislər iştirak ediblər.
Açılış mərasimində çıxış edənlər layihənin regional və beynəlxalq əhəmiyyətini xüsusi vurğulayıblar.
Bildirilib ki, layihənin əsas yükünü Azərbaycan daşıyıb.
Terminalın layihələndirilməsi, texniki nəzarəti və tikintisi “INNOPRO” QSC tərəfindən həyata keçirilib. Layihənin bütün mərhələlərində – konseptin yaradılmasından istismara qədər – azərbaycanlı mühəndis və mütəxəssislər bilavasitə iştirak ediblər.
Terminal müasir beynəlxalq standartlara uyğun olaraq inşa edilib və gələcəkdə genişləndirilməsi mümkün olan dayanıqlı logistik infrastrukturla təchiz olunub.
Qeyd olunub ki, əvvəllər Azərbaycandan Poti limanına gündə cəmi bir konteyner blok qatarı gəlirdisə, artıq bu terminal gündəlik 5 konteyner qatarını qəbul edə biləcək. Bu, Orta Dəhliz üzrə yüklərin vaxtında və sürətlə Avropaya çatdırılmasına ciddi töhfə verəcək.
Terminalın direktoru Oljas Arykbayev deyib ki, Azərbaycan bu layihədə sadəcə iştirak etməklə kifayətlənməyib. Layihələndirmə və layihə-smeta sənədləri də məhz Azərbaycan tərəfindən hazırlanıb. Azərbaycanlı mütəxəssislər layihələndirmə sahəsində yüksək keyfiyyət nümayiş etdiriblər, texnoloji proseslərin qurulmasında innovativ yanaşmalar təklif ediblər, həmçinin mühəndis-kommunikasiya xətlərinin çəkilişi ilə bağlı effektiv həllər irəli sürüblər.
Əməliyyat direktoru Cani Katamadze isə bildirib ki, bu layihənin gerçəkləşməsində Azərbaycan tərəfinin böyük rolu olub. Terminalın layihələndirilməsindən tutmuş, qatarların hərəkətinə qədər bütün mərhələlərdə Azərbaycan fəal iştirak edib. Bu addımların əsas məqsədi Orta Dəhlizin imkanlarını daha da genişləndirmək və yük qəbulunun həcmini artırmaqdır. Bu layihə təkcə Azərbaycan ilə Gürcüstan üçün deyil, eyni zamanda, Qazaxıstan və digər istifadəçi ölkələr üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Qazaxıstanın dəstəyi ilə artıq Gürcüstana daha çox yük axını təmin olunacaq. Bu isə regionun bütün tranzit ölkələri üçün uğurlu bir logistik təşəbbüsdür.
“INNOPRO” şirkətinin rəhbəri Samir Mamedov çıxışında deyib: “Bu logistik terminalın layihələndirilməsi, həmçinin mühəndis xidmətləri və müəllif nəzarəti Azərbaycan şirkəti tərəfindən həyata keçirilib. Terminalın birinci mərhələdə illik gücü 80 min TEU, növbəti mərhələdə isə 200 min TEU olaraq nəzərdə tutulub”.
Onun sözlərinə görə, eyni zamanda, terminalda iki ədəd portal kran layihələndirilib ki, bu avadanlıqlar saatda 50-yə qədər konteynerin boşaldılmasını təmin edə bilir. Terminalda elə bir dəmir yolu infrastrukturu layihələndirilib ki, burada eyni vaxtda 120 vaqonun yükboşaltma əməliyyatları həyata keçirilə bilər.
“Bu logistik terminal Orta Dəhlizin dayanıqlığına, sabitliyinə və yüklərin sürətli, vaxtında daşınmasına mühüm töhfə verəcək. Bu terminal yalnız bir infrastruktur layihəsi deyil, eyni zamanda, ölkələrarası iqtisadi əməkdaşlığın simvoludur”, – deyə S.Mamedov vurğulayıb.
Qeyd olunub ki, yeni terminal təkcə infrastruktur layihəsi deyil, həm də region ölkələri arasında iqtisadi əməkdaşlığın bariz nümunəsidir. Qara dəniz sahilində reallaşan bu strateji layihə Orta Dəhlizin sabitliyinə və rəqabət qabiliyyətinin artmasına töhfə verəcək.