(əvvəli https://xalqqazeti.az/az/siyaset/190310-ermeni-milletciliyinin-temel-prinsipleri )
Tsexakronutyun yalnız ermənilərin torpaq üçün vuruşmağa hazır olmasını tələb etmir, həm də daha irəli gedərək, ermənilərdən türklərə qarşı mərhəmətsiz intiqam tələb edir. Njde belə yazır: “Bizim aramızdakı düşmənçilik tarixi deyil, daha çox biolojidir və biz bu xalqı (türkləri – red.) hansı üsulla olursa-olsun, yox etməliyik”. Bunun artıq faşizm olduğunu Njde özü də danmır. Təlimin bu nöqtələrini şərh edərkən deyir: “İtalyanların faşizmi var, almanların nasizmi, yəhudilərin isə sionizmi... Ermənilərin isə tsexakronu var ...”
Tsexakron təlimi aşağıdakı kimi ifadə edilir: “Mən öz soyumu (tsex) bilirəm, mən öz nəslimə güvənirəm, mənim soyum Allaha daha yaxındır, ari irqdir, mən cismimdə Tsexakronu daşıyıram”.
Bu cəhətdən Tsexakron faşizmlə eyniləşir. Maraqlıdır ki, eyni illərdə İtaliyada faşizm, Almaniyada isə milli sosializm düşüncəsi kütləyə sirayət etməyə başlamışdı. Başqa cür desək, Ermənistan o dövrdə müstəqil dövlət kimi qalsaydı, bu gün bir erməni faşist quruluşundan bəhs edəcəkdik.
Bəli, bugünkü erməni dövləti XXI əsrin diqtə etdiyi meyarlara əməl etmək, ona uyğunlaşmaq istəmir. Çünki bir çox məsələlərə münasibətdə yenə faşist yanaşmanı açıq görmək mümkündür. Əgər ermənilərin dövləti bu gün də Njdenin məlum təlimi ilə yönləndirilirsə, deməli, onlar nasional sosializmdən uzaqlaşa bilməyiblər. Ermənistan Respublikaçılar Partiyasının ermənicə və rusca çap etdirdiyi “Garegin Njde və onun təlimi” (İrəvan-2004) kitabında yazılır ki, II Dünya müharibəsi başlanarkən Njde bilirdi ki, Avropa ölkələrində antierməni ovqat güclənib və almanlarda belə bir qənaət vardı ki, ermənilər Almaniyanın düşmənlərinə yardım edərlər.
Ermənilərin də yəhudilərin aqibətini təkrarlayacağından ehtiyatlanan Njde hərəkətə keçərək almanlarla əlaqə yaradır və ermənilərin Bolqarıstan və Rumıniyadan qovulub çıxarılmasının qarşısını alır. Rumıniya baş naziri Antoneskunun erməniləri toplu halında yaşadıqları yerlərdən çıxarılmasına dair əmri vardı. 1942-ci ildə Berlinə gedən Njde özü ilə ermənilərin almanlara sədaqətli olacaqlarını “sübut edən” materiallar aparmışdı. Həmin materiallar sonradan onun həbsinə və 25 il cəza almasına səbəb oldu.
Njde Berlində Dro ilə də görüşmüşdü. Onlar SSRİ-yə qarşı vuruşmaq üçün Erməni Hərbi Legionunu birlikdə yaratmışdılar. Dro da almanlarla əməkdaşlıq edən erməni hərbçilərdən biri idi. Həbsxanadan çıxandan sonra isə Njde SSRİ rəhbərliyinə məktub yazır. 1947-ci ildə, o, sovet hökumətinin Türkiyəyə soyuq münasibətindən yararlanır və təklif edir ki, “xaricdə yaşayan ermənilərin hərbi-siyasi təşkilatı” yaradılsın və o, Türkiyənin şərqindəki vilayətləri SSRİ-yə (Sovet Ermənistanına–red.) birləşdirsin. Amma Njdenin avantürist təklifi qəbul olunmur. Sovet hökuməti ona qarşı vuruşmuş cinayətkarla əməkdaşlıq etmir. “Qaregin Njde və KQB” adlı kitabının müəllifi Ustyan qeyd edir ki, “Njdenin məramı Sovetlərin məqsədi ilə üst-üstə düşmür”.
Njdenin Tsexakron təliminə görə, hər bir erməni bütün həyatı boyunca “Qərbi Ermənistan”ın (Şərqi Anadolu torpaqları) türklərin əlindən alınmasına çalışmalıdır. Onun 1933-cü ildə yaratdığı “Tsexakron Uxter” adlı qurum, guya, bu ideyanın həyata keçməsi üçün çalışacaqdı. “Tsexakron Uxter” erməni gənclər təşkilatının nüvəsi olmalıydı. Onun özünün nizamnaməsi və proqramı hazırlanmışdı. “Tsexakron Uxter”in devizi belə idi: “Ermənistan ermənilərə!” Bu şüar sonralar həyata keçirilərək Ermənistanı monoetnik dövlətə çevirdi. Hazırda ölkədə başqa xalqa mənsub bir nəfərin belə yaşamaması dediyimizin sübutudur. Qətiyyətlə deyə bilərik ki, hazırda Ermənistanın monoetnik bir dövlətə çevrilməsinin əsas səbəblərindən biri məhz Njdenin irqçi təlimidir.
Njde “Mən Yer kürəsindəki ilahi izləri öz soyumda oxudum, gördüm, öpdüm, təzim etdim və Tsexakrona çevrildim” deyərkən ermənilərin ilahi soydan gəldiyini iddia edir. Hətta, daha böyük iddia irəli sürür: “Soy Allah kimi birincidir. Erməni soyu da Allah kimi bütün zamanların şahididir. O, əbədi olaraq ermənidir, Allahın ortağıdr”.
Ermənistanda Andranik də Njde kimi bu gün bütün ermənilərin qəhrəmanı hesab edilir. Onlara bənzəməyə çalışan müasir andranikçilər, njdeçilər onlardan qəddarlığı, adam qanı ilə qidalanmağı yaxşı mənimsəmişlər. Andranikin müsəlman türklərə qarşı bədnam əməlləri 1990-cı illərdə Qarabağda təkrarlandı. Xocalıda baş verənlər Şərqi Anadoluda, Qafqazda, Cənubi Azərbaycanda – Xoyda, Səlmasda, Urmiyada və başqa yerlərdə törədilən vəhşiliklərin təkrarı və davamı idi. Sadəcə, meydandakı aktyorlar fərqli fərdlər idi. Bir də tarix dəyişmişdi.
“Onlar 1992-ci ilin fevralın 26-sı Xocalı soyqırımını Andranikin ad gününə hədiyyə etdilər”. Ermənistan mətbuatı bunu açıqca yazır. Andranikin davamçısı digər bir terrorçu – Monte Melkonyanın Birinci Qarabağ savaşındakı “fəaliyyəti” göstərdi ki, onun davamçıları hələ çox qan tökəcəklər. Məhz fevralın 25-dən 26-na keşən gecə Xocalı soyqırımı planı göstərir ki, bu faciə təsadüfən törədilməyib.
Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri