Laçına həsr olunmuş klip

post-img

Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Laçın şəhəri günü” kimi qeyd edilir. Bu il də gün ərzində davam edəcək bayram Bayraq Meydanından yürüşlə başlanacaq. "LaCinema" kinoteatrının qarşısında "Laçınım mənim", foyedə isə "Zamanın qanadlarında. Laçın" adlı sərgilərin açılışı olacaq. Kinoteatrda film nümayişi, Seyrəngahda isə uşaqlar üçün tamaşalar, müsabiqələr, masster-klaslar, "Qoş daş" adlı interaktiv sərgidə isə rəssamlar Laçının qədim simvollarından sayılan qoç heykəllərə bədii tərtibat verəcəklər. Həkəri bulvarında "Can Laçın" yarmarkasını el sənətkarlarının şən ifaları daha da canlandıracaq, şeir məclisi, meydan tamaşası, yeni xalça kəsimi bayrama xüsusi rəng qatacaq. Kitab sərgisi, maraqlı oyunlar uşaqları darıxmağa qoymayacaq. "Gilabi Ceramics Laçın" butikinin açılışı şəhər günü baş tutacaq. Bayramın əsas hadisəsi böyük qala konsertdə Azərbaycanın məşhur sənətkarları iştirak edəcək. Və nəhayət atəşfəşanlıq Laçının axşam səmasını əlvan rənglərə boyayacaq. Laçının bayramı bütün Azərbaycanın sevincidir.

“Laçın şəhəri günü”nə həsr edilən bayram AR Mədəniyyət Nazirliyi, Laçın şəhərində Azərbaycan Respublikası Prezidentinin xüsusi Nümayəndəliyi və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

XQ


Sosial həyat