Türk dünyası, bütün müsəlman aləmi Azərbaycanın öz torpaqlarını azad etməsinə sevinir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Astanada keçirilən brifinqdə Qazaxıstanın “Veteranlar birliyi” (Tacikistan-Əfqanıstan sərhədində hərbi əməliyyatların və silahlı münaqişələrin iştirakçıları) Respublika İctimai Təşkilatının sədri Murat Muxamedcanov deyib.
Birliyin rəhbəri Azərbaycanın 2020-ci ildə genişmiqyaslı hərbi əməliyyatı uğurla həyata keçirdiyini, bunun nəticəsində əvvəllər işğal olunmuş ərazilərin azad edildiyini vurğulayıb. O deyib: “Biz qardaş Azərbaycan xalqını ata-baba torpaqlarının işğaldan azad edilməsi münasibətilə təbrik edirik”.
Muxamedcanov türk dövlətlərinin və Mərkəzi Asiya ölkələrinin beynəlxalq əməkdaşlığının və birliyinin gücləndirilməsi, habelə Türk dünyası veteranları hərəkatının qarşılıqlı fəaliyyətinin aktivləşdirilməsi və əlaqələndirilməsi məqsədilə bu günlərdə Qazaxıstan Respublikasında bir sıra tədbirlərin keçirildiyini xatırladıb.
“Əsas məqsədimiz gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, türk və müsəlman xalqlarının yaxınlaşması istiqamətində ölkələrimizin dövlət başçılarının təşəbbüslərini dəstəkləməkdir. Bu gün biz türk xalqlarının necə yaxınlaşdığını görürük. Birləşməyin vaxtı çatıb, çünki təhlükəsizliyimiz məhz əməkdaşlığımızdan asılıdır”, - deyən Birliyin rəhbəri bütün bunların həm də hərbi qüdrətin artırılmasına töhfə verəcəyini vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin beynəlxalq məsələlər üzrə müavini, polkovnik Elmar Hüseynov Qazaxıstanda türk dövlətlərinin nümayəndələrinin iştirakı ilə belə vətənpərvərlik tədbirlərinin keçirilməsinə görə minnətdarlığını bildirib. O əlavə edib: “Türk dövlətlərinin qazilərindən ibarət birliyimiz artıq aktiv şəkildə fəaliyyət göstərir”. E.Hüseynov, həmçinin gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin vacibliyini qeyd edib.
Veteranlar Birliyinin proqramı çərçivəsində müxtəlif tədbirlərin, o cümlədən forum, avtoyürüş, Qırğızıstan və Azərbaycan veteranlarından ibarət nümayəndə heyətlərinin hərbi qulluqçularla görüşlərinin təşkili nəzərdə tutulub.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana