Mağazalarda məktəb ləvazımatları alan ailələrlə qarşılaşırıq. Uşaqlar, valideynləri onlar üçün üzərində sevdiyi multfilm personajları olan məktəb çantaları alsınlar deyə təkid edirlər. Əlbəttə, çantanın dizaynı, şəkli, rəngı uşaqların xoşuna gəlməlidir. Bunlarla yanaşı, məhsul keyfiyyətli olmalıdır. Çantanı almazdan əvvəl onun rahat olmasından, onurğa sütununda problem yaratmayacağından əmin olmaq lazımdır. Çünki düzgün seçilməyən çanta uşaqlarda müxtəlif dərəcəlı onurğa xəstəlikləri yarada bilər.
Çantanın çiyindən asmaq üçün iki geniş və yumşaq qayışı olmalıdır, çünki belə çantalar ağırlığın bərabər paylaşımına kömək edir, onurğa əyilməsinin qarşısını alır. Bu qayışlar vasitəsilə çanta kürəyə uyğunlaşdırılır və bərkidilir. Çantanın aşağı hissəsində kəmər olmalıdır. Bu kəmər belin aşağı hissəsinə bağlanır və kürəkdəki yükü yungülləşdirir. Uşaqlar çantanın narahatlığını bildirmirlər, ona görə də çantanı geyindikdə diskomfort–boyunda, çiyində, qollarda ağrı hiss edib-etmədiklərini onlardan soruşmaq lazımdır.Təkərli çantalar yolda yaxşı diyirlənsə də, onları pilləkənlə sinfə qaldırmaq çətin olur.
Dünya standartlarında ibtidai siniflər üçün çap edilən dərsliyin çəkisi maksimum 200 qramdır. Ağır kitablar çantanın arxa tərəfinə yerləşdirilməlidir. Beləliklə, bel zədələnmə riskini minimuma endirmək mümkündür. Çantanın kürək tərəfindəki hissə ortopedik olmalıdır. Fikir vermək lazımdır ki, ibtidai siniflər üçün çantanın dərsliksiz çəkisi 700 q-dan, orta və yuxarı sinif şagirdləri üçün isə 1000 q-dan çox olmasın.
Çantada yalnız məktəb üçün zəruri əşyalar daşınmalıdır. Mütəxəssislərin fikrincə, dolu çantanın çəkisi aşağıda göstərilən cədvələ uyğun olmalıdır:
1–2-ci siniflər üçün 1,5 kq;
3–4-cü siniflər üçün 2 kq;
5–6-cı siniflər üçün 2,5 kq;
7–8-ci siniflər üçün 3,5 kq;
9–11-ci siniflər üçün isə 4 kq
Uşaqlar üçün fiziki, zehni, valideynlər üçün maddi yükə çevrilən iş dəftərlərinin Təhsil Nazirliyi tərəfindən dərslik komplektindən çıxarılmasına baxmayaraq, hələ də şagird çantasında yer tutması valideynlərin haqlı narazılığına səbəb olur. Uşaqların çantasında kitablardan başqa, yemək konteynerinin, çay termosunun da vacib olduğunu nəzərdə tutmaq və artıq dərsliklərin məktəbə daşınmasının qarşısını almaq lazımdır, çünki ağırlaşdırılmış tədris yükü şagirdlərin mənəvi və fiziki sağlamlığına ziyan gətirir. Dərsliklər kurikuluma uyğun hazırlandığı üçün əlavə vəsaitlərə, iş dəftərlərinə artıq ehtiyac yoxdur.
Yükünüz yüngül, zehniniz açıq olsun, əziz məktəblilər!
Zülfiyyə ZİYA
XQ