BP istedadlı yerli gənclərin beynəlxalq universitetlərə qəbuluna dəstək verir

post-img

BP şirkəti Azərbaycanda yüksək ixtisaslı yerli kadrların yetişdirilməsinə dəstək məqsədli sosial sərmayə layihəsinin ikinci mərhələsinin tamamlanması ilə əlaqədar tədbir keçirib. Bu təhsil layihəsi BP-nin dünya səviyyəli yerli təcrübə və bacarıqlar formalaşdırmaqla ölkənin davamlı gələcəyinə töhfə vermək öhdəliyinin bir hissəsidir.

 

AZƏRTAC xəbər verir ki, birinci mərhələdə BP-nin dəstəklədiyi 15 iştirakçıdan 14-nün nüfuzlu beynəlxalq universitetlərə qəbul olması uğuruna əsaslanaraq, layihə daha da genişləndirilib və ikinci mərhələdə 22 istedadlı azərbaycanlı gənci əhatə edib. Layihə iştirakçıları aztəminatlı ailələrdən seçiliblər.

 

Layihə çərçivəsində onlara qrup və fərdi şəkildə SAT və IELTS testlərinə və qəbul imtahanlarına hazırlıq təlimləri, həmçinin beynəlxalq tələbələrə tam təqaüd təklif edən universitetlərə müraciət etmək üçün təlimatlandırma daxil olmaqla hərtərəfli dəstək göstərilib.

 

Hazırkı mərhələdə bütün nəticələr tam məlum olmasa da, BP-nin dəstəklədiyi 22 iştirakçıdan 21-i artıq Koç Universiteti, London İmperial Kolleci, Edinburq Universiteti, Corc Vaşinqton Universiteti, Delft Texnologiya Universiteti, Honkonq Universiteti, Koreyanın Qabaqcıl Elm və Texnologiya İnstitutu kimi Qərbin və Asiyanın yüksəkreytinqli universitetlərinə və digər nüfuzlu ali təhsil müəssisələrinə qəbul olub. İştirakçıların ən çox üstünlük verdikləri ixtisaslara kompüter elmləri və mühəndislik, data elmləri və analitika, bioinformatika və molekulyar biologiya, dayanıqlı enerji sistemləri və ətraf mühit elmləri daxildir. İndiyədək ali təhsil müəssisələrinə qəbul olmuş 21 iştirakçıdan yeddisi bakalavr, 14-ü isə magistr pilləsi üzrə müraciət edib.

 

Bu gün layihənin ikinci mərhələsinin uğurunu və gənc istedadların nailiyyətlərini qeyd etmək münasibətilə keçirilən tədbirdə iştirakçılara sertifikatlar verilib. Tədbirdə çıxış edən BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bunları qeyd edib: “Birinci mərhələnin uğurunu nəzərə alaraq bu layihəyə dəstəyimizi davam etdirmək qərarına gəldik və bu, dünya səviyyəli yerli kadrların yetişdirilməsi istiqamətində Azərbaycanın səylərinə dəstək vermək öhdəliyimizi bir daha təsdiqləyir. Bu il nəticələrin daha da yüksək olması bizi çox sevindirir. Artıq dünyanın ən yüksək reytinqli universitetlərindən təklif almış gənc istedadlarımızla həqiqətən də fəxr edirik və qalan bir iştirakçının da aparıcı universitetlərdən təklif alacağına ümid edirik. Bu layihə istedadlı milli kadrların yetişdirilməsində Azərbaycana dəstək olmaq öhdəliyimizi vurğulamaqla yanaşı bu gənclərin ölkənin parlaq gələcəyini formalaşdırmaq üçün böyük potensiala sahib olduqlarını göstərir”.

 

Ümumi dəyəri 100 min manat ($59,000) olan ikinci mərhələnin müddəti 11 ay (2023-cü ilin oktyabrından 2024-cü ilin avqustuna qədər) idi.

 

Layihə yerli təşkilat olan “ROOF Academic Training” tərəfindən həyata keçirilib.





Elm