“Əkinçi” nurunda boy atan milli mətbuat

post-img

"...Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu dövr dünyanın gərdişinə görə gərək habelə öz rəftarını da dəyişdirsin, necə ki, məsəldir, deyərlər, zəmanə dəyişilməyi əlbəttə hər anlayan kəsə məlumdur və bu dövr zəmanənin dəyişilməyi bizim ilə deyil, həmçinin biz qadir deyilik ki, zəmanəni dəyişilməkdən saxlayaq. O kəslər ki, həmişə bizə etibar edib bizim sözlərimizə əməl ediblər, zəmanə dəyişilməyinə görə gün-gündən tərəqqi edib irəli gedirlər..."

Fikir babamız qəzetin ilk sayındaca xalqına bu sözlərlə xitab etmişdi. 149 il bundan öncə Həsən bəy Zərdabi qaranlığın hökm sürdüyü məmləkətə günəş misalında "doğdu". Söz "əkinçilərinin" qələminin külüng çaldığı bu zəmində onların məqsəd və amalı hələ qəflət yuxusunda olan xalqı oyatmağa yönəlmişdi. "Əkinçi" qəzetinin qayəsi xalqı dünyada baş verən sosial-iqtisadi proseslərdən hali etməyə, tərəqqiyə uygunlaşmağa, maariflənməyə və məişətin digər sahələrində də başqa xalqlarla yanaşı addımlamağa səfərbər etmək idi. Belə ki, xalqı maarifləndirməyin əsas yollarından birini qəzet oxumaqda görən "söz əkinçiləri" XIX əsrin sonralarında haqqında bəhs edilən qəzeti yaratmış və bununla da Azərbaycan Milli Mətbuatımızın əsasını qoymuşlar. 

Bu o əkinçilərdir ki, vətənin, xalqın, millətin halına yanan, gələcəyin əkinçiləri... — "söz əkinçiləri!" 

Milli mənəvi dəyərlərin təbliği, təriqətçiliyə, xurafata, kölə düşüncəsinə, azğın cəhalətə qarşı mübarizəni  “Əkinçi”dən sonrakı illərdə fəaliyyət göstərmiş “Kəşkül, “Ziyayi-Qafqaziyyə” və.s anadilli nəşrləri davam etdirdi. Kəskin senzura altında yorulmaq  bilmədən yazan əhli qələm ustadları, sözün əsil mənasında, qanlarını qaşığa qoyub, qələmi əlinə alıb yazırdılar. Millətin də, mətbuatın da vəziyyətindən əkinçilər hali olublar. Qələm əhli ustadlar mətbuatın gününə ağlayıb və başlarına gələcək hər bir zülmü gözə alaraq yazmaqdan çəkinmədilər. Onlar bizə bir zənbil buğda qoyub getdilər, bu o buğdadır ki, artıq 149 il ərzində  ətraf aləmi qızıla bürüdü.

Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan mətbuatımız əsrlər boyu dəyişmiş cəmiyyətdə baş vermiş hadisələrə uygunlaşmağa çalışmışdı. Mətbuatın cəmiyyət həyatına təsiri o qədər güclüdür ki, onu  “xalqın görən gözü”, “eşidən qulağı”, “danışan dili” adlandırırlar. Milli mənəvi dəyərlərin tərkib hissəsi olan mətbuat mənsub olduğu xalqın həyata baxışlarını,məişət və yaşayış tərzini, ictimai-siyasi-mədəni proseslərə sosial-psixoloji münasibətini özündə əks etdirən, onun hər hansı məsələyə münasibətinin formalaşmasında əhəmiyyətli rol oynayan bir vasitə, ideoloji silahdır.

Tarixin gedişatı onu da sübut edir ki, milli-mənəvi dəyərlərə biganə yanaşmaq, öz soy kökünə, tarixinə, gələcəyinə laqeyd yanaşan millətlər müəyyən zaman kəsiyində tarix səhnəsindən əriyib yoxa çıxmaga məhkumdurlar! 

Ümummilli liderin “Ayrı-ayrı adamlar,qruplar öz şəxsi, bəzən də çirkin niyyətlərinə ,məqsədlərinə nail olmaq üçün vətənimizi də,torpağımızı da, mənəviyyatımızı da qurban verməyə çalışırlar və qurban verməyə hazırdırlar” sözləri bu günümüzdə də aktuallığını qoruyur. 

Tarixinin ən parlaq simalarından biri olan, milli mətbuatımızın banisi, dahi H.B.Zərdabinin bütün çətinliklərə rəğmən əməyinin nəticəsində ərsəyə gələn “Əkinçi” qəzetinin xalqımızın milli dirçəliş yoluna qədəm qoymasında,dövlət və dövlətçilk ideyalarının formalaşmasında,ictimai həyata baxışının dəyişməsində və  axını qaragüruhun təsirindən xilas etməsində, xalqın maariflənməsində ciddi dönüş nöqtəsi yaratmışdı. Keçmiş sovet dönəmində qəzet “kollektiv təbliğatçı, təşkilatçı, təşviqatçı” funksiyasını yerinə yetirməklə yanaşı, həm də dövlətin əsas ideoloji təsir vasitəsi olmuşdu. 

Zaman dəyişsə də,  məqsəd və məram  dəyişməz olaraq qalır. Mətbuat bu gün də  cəmiyyətin inkişafında, ictima-siyasi şüurunun formalaşmasında, milli-mənəvi dəyərlərinin qorunmasında və təbliğində əhəmiyyətli rolunu qoruyub saxlayır. Mətbuat günü-gündən inkişaf etdikcə öz yayım funksiyasını daha da genişləndirir. Bu gün  həm də informasiya yayımı funksiyasını təkcə qəzet və jurnallarla yanaşı, radio-televiziya, elektron media, sosial şəbəkələr cəmiyyətə informasiya axınını  təmin edir.

Həqiqəti yazmaq, informasiyanı operativ ötürmək bütün dönəmlərdə mətbuatın əsas vəzifəsi sayılıb. Bununla yanaşı, mətbuat ictimai fikrin formalaşmasında, kütlənin məlumatlandırılmasında böyük rol oynayıb. Keçmişdə ağır senzura altında fəaliyyət göstərən mətbuatımız çox çətinliklərlə də olsa, məqsəd və amalından əsla dönməmişdi. 

Azərbaycan milli mətbuatı da yarandığı ilk gündən milli-mənəvi dəyərlərimizin daşıyıcısı, fəal təbliğatçısı və qoruyucusu kimi müqəddəs bir vəzifəni yerinə yetirib. Əsası qoyulan gündən ağır senzuraya məruz qalan, fəqət öz məqsəd və amalından dönməyən mətbuatımız müxtəlif dövrlərdə çar, daha sonra sovet hakimiyyətinin təzyiqlərinə məruz qalmışdı. 

Nəhayət, Azərbaycanda senzuranın ləğvi milli mətbuatın inkişafında əsaslı dönüş yaratdı. Ulu öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı Fərmanla ölkəmizdə mətbuat üzərində senzuranın aradan qaldırılması müstəqil KİV-in inkişafına təkan verdi. Belə bir şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır.

Şəms Hüseynli

jurnalist

Sosial həyat