Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şuşa şəhərində bu mövzuda keçirilən konfransda İslam aləmində gender problemləri diqqət mərkəzində olub.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, konfransın məqsədi qadının dəyəri, onun statusu və hüquqları barədə mövcud yanaşmalar haqqında ətraflı fikir mübadiləsi aparmaqla İslam mədəniyyətinin təbliğində qadınların rolunun gücləndirilməsinin vacibliyini bir daha vurğulamaq, onları İslam dünyasının inkişafına yönələn bütün istiqamətlərdə fəal olmağa çağırmaqdır: “Bəşəriyyətin yaranması, inkişaf etməsi, eləcə də yenilənməsində əvəzsiz rol oynayan qadınlar bu gün belə qlobal problemləri aradan qaldırmağın yollarını kişilərlə birgə axtarırlar. COP29-un Təşkilat Komitəsində qadınların da iştirakı bunun əyani sübutudur”.
VI çağırış Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova vurğulayıb ki, qadın və uşaq hüquqları ilə bağlı ciddi maarifləndirmə aparılmalıdır. O, bəzi İslam ölkələrində hələ də qadınların hüquqlarının pozulması hallarının baş verdiyini deyib. “İslam Əməkdaşlıq Təşkilatı, həmçinin müxtəlif ölkələrin müvafiq qurumları və İslam dünyasının problemlərini araşdıran təsisatlar bu istiqamətdə önəmli tədbirlər təşkil edir”.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ölkəmizin İslam dünyasının bir parçası olduğunu, tarixdə qazandığı nailiyyətləri ilə bir çox ilklərə imza atdığını söyləyib. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ölkəsindəki qadınların hüquqlarından danışıb, onların bir çox sahələrdə rəhbər vəzifələrdə çalışdıqlarını diqqətə çatdırıb. Mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycan qadınının həm ailədəki, həm də cəmiyyətdəki sarsılmaz mövqeyinin dövlətimizin uğurlu sosial siyasətinin nəticəsi olduğunu vurğulayıb.
Konfrans işini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə keçirilən panel iclasla davam etdirib. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Nərgiz Qaracayeva, VI çağırış Milli Məclisin Deputatı Ceyhun Məmmədov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Qafqaz Müsəlmanları İdarəsinin İctimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini Qəmər Cavadlı, “Əhməd Ağaoğlu” İctimai Birliyinin sədri Nigar Axundova müzakirə edilən mövzu ilə bağlı mülahizələrini açıqlayıblar.
Konfransda geniş müzakirə aparılıb, suallar cavablandırılıb.
Zərifə HÜSEYNOVA
XQ
Şuşa