32 ildən sonra Laçın rayonunun Zabux kəndində ilk uşaq bağçasının açılışı olub. Mərasimdə Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Laçın rayonu üzrə təhsil sektorunun müdiri Nicat Həsənov, eləcə də Laçın şəhər 1 nömrəli və şəhid Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəblərinin müəllim və şagird heyəti, şəhid Cəbrayıl Vəliyevin ailəsi, kənd sakinləri və ziyalılar iştirak ediblər.
Azərbaycan dövlət himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən Hüseyn Quliyev uşaqları, onların valideynlərini, bağça kollektivini uşaq bağçasının istifadəyə verilməsi münasibətilə təbrik edib. Bildirilib ki, Zabux kəndində bu gün açılışı olan bu müəssisədə çalışanlar hər bir körpənin tərbiyəsində, məktəbə uğurlu başlanğıc etməsində və məktəbdən sonrakı təhsil yolunda mükəmməl iz buraxacaq. Gələcək burada çalışacaq kollektivin əlindədir.
Mehriban Vəliyeva bildirib ki, bu müəssisəyə cəlb olunan uşaqlar böyük qayıdışın ilk göyərçinləridir: “Məktəbəqədər təhsilin inkişafı növbəti mərhələdə təhsilin özəyi deməkdir. Ordumuz öz işini görüb, bərpa, tikinti sahəsində də böyük işlər görülüb, indi isə əsil iş təhsil ordusunundur. O təhsil ordusu ki, burada Azərbaycanın gələcəyini, ölkəmizin bu gözəl, dilbər guşələrinə sahib olacaq sakinləri yetişdirəcək”.
Fuad Bədəlov isə qeyd edib ki, Zabux kəndində ikinci təhsil müəssisəsinin açılışı olub: “Bu gündən 50 yerlik Zabux kənd uşaq bağçası fəaliyyətə başlayır. Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sus kənd tam orta məktəbi, Kəlbəcər şəhər 1 nömrəli məktəbi, həm də Cəbrayıl rayon tam orta məktəblərinin fəaliyyəti sentyabr ayından bərpa olunacaq. Ümumilikdə bu ilin sonuna qədər 12 təhsil müəssisəsinin fəaliyyəti təmin ediləcək”.
Sonra mərasim iştirakçıları uşaq bağçasında yaradılmış şəraitlə tanış olublar.
P.ƏMİRCANOV
XQ